"Qarabağ abidələrini tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində təqdim olunur: AĞDAM CÜMƏ MƏSCİDİ.

Məscid binası1868-1870-ci illərdə inşa olunmuşdur. Dini abidənin memarı Kərbəlayı Səfixan Qarabaği olmuşdur.Məscid iki minarəli və ikimərtəbəlidir. Məscid binası daşdan, binanın fasad hissəsinin künclərindən qalxan minarələr isə kərpicdən hörülmüşdür.
Ağdam şəhəri 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur, Azərbaycan memarlığının incilərindən sayılan Ağdam Cümə məscidi də erməni təcavüzünün qurbanına çevrilmişdir. Məscidin minarələri daxildən sökülmüş, tavanı bir neçə yerdən uçurulmuş, dizayn və yazıları pozulmuşdur.
Dini abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 №-li qərarı ilə Ölkə əhəmiyyətli daşınmaz Tarix və Mədəniyyət abidələrinin siyahısına daxil edilmişdir.
II Qarabağ savaşında Ağdam rayonu erməni işğalından azad edilmişdir. Ali Baş Komandan cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam cümə məscidini ziyarət etmiş və məscidə müqəddəs Məkkə şəhərindən gətirilmiş Qurani Kərim kitabı hədiyyə etmişdir.

Prezident cənab İlham Əliyevin qətiyyəti, dövlətçiliyimizin uğurları və inkişaf prespektivləri mövzusunda videokonfrans keçirilmişdir

24 dekabr 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatında Prezident cənab İlham Əliyevin qətiyyəti, dövlətçiliyimizin uğurları və inkişaf prespektivləri mövzusunda videokonfrans keçirilib. Konfransda Quba şəhərində Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova və Kompleksin Elmi araşdırmalar və ekspozisiya şöbəsinin bir qrup əməkdaşı iştirak etmişlər. Konfransın işində Prezident cənab İlham Əliyevin fəaliyyəti və Vətən müharibəsində qazanılan Böyük Zəfər barədə məruzəçilər tərəfindən geniş müzakirələr aparılmışdır.

Azərbaycanın görkəmli şairəsi, “Xan qızı” adı ilə el arasında tanınan Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir.

1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlamışdır. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılmışdır.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlamışdır.
1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilmişdir. II Qarabağ savaşı geri qaytarılan doğma Şuşamızın nadir incisi Xan qızı Natavana məxsus xüsusi orlamentli evin yenidən bərpa edilərək öz statusuna uyğun istifadə olunacağına əminik!

Belorusiyalı fotoqraf Lev Daşkeyeviç tərəfindən çəkilmiş foto-şəkillərdən ibarət virtual sərgi Soyqırımı Memorial Kompleksinin əməkdaşları tərəfindən Artsteps saytı vasitəsilə izləyicilərə təqdim olundu

COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə qəbul edilmiş sərəncam və əmrlərə əsasən virtual fəaliyyətini davam etdirən Soyqırımı Memorial Kompleksinin əməkdaşları tərəfindən izləyicilərimizə Soyqırımı həqiqətlərinin çatdırılması məqsədilə bir sira onlayn layihələr həyata keçirilir. Bu layihələrdən biri də artsteps saytının imkanlarından istifadə etməklə müxtəlif mövzularda virtual foto-sərgilərin təşkilidir. İlk olaraq 17.12.2020-ci il tarixdə Kompleksin məsul işçiləri tərəfindən 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının apardığı istintaq zamanı Belorusiyalı fotoqraf Lev Daşkeyeviç tərəfindən çəkilmiş foto-şəkillərdən ibarət virtual sərgi izləyicilərə təqdim edilmişdir. Qeyd olunan sərgi onlayn tədris zamanı tələbə və şagirdlərin 1918-ci il Azərbaycanlılara qarşı erməni daşnaklar tərəfindən həyata keçirilmiş soyqırımı həqiqətləri mövzusunda maarifləndirilməsi məqsədilə istifadə olunması tövsiyyə olunur. Virtual foto-sərgiyə baxış üçün aşagıda qeyd olunan linkə daxil olmaqla göstərilən istiqamətlərdə keçid etmək olar.

https://www.artsteps.com/embed/5f71cbf84629160e43439fa9/560/315?fbclid=IwAR3Mid3oeOWQljUioDWinBH9ZQmKd0gSIF6yF8ln1GlArSw2rI5ZQhQYXeQ

"Qarabağ abidələrini öyrənək öyrədək” layihəsi çərçivəsində təqdim olunur:

Əsgəran qalası
Azərbaycan ərazisi müdafiə məqsədilə tikilən istehkam və qalalarla zəngindir. Bunlardan biri də Əsgəran qalasıdır. XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın göstərişi ilə inşa olunan Əsgəran qalası Azərbaycan memarlığının parlaq nümunələrindəndir.
Qalanın tikilməsi Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub.Əsgəran qalası Şuşanın təxminən 24, Xocalının 5 kilometrliyində və Ağdam şəhərinin 12 km cənubunda, Qarqarçayın sağ və sol sahillərindəki dağ döşündə yerləşir.
1992-ci ildə Xocalı şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qoyulub. Bir neçə il öncə Ermənistan Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işlərinə başlayıb. İnternet resurslarında yayılan görüntülərdə “bərpa-tikinti” işləri qalanın simasını tamamilə dəyişməyə hesablanıb. Tarixi tikilinin memarlıq üslubu dəyişdirilib, tikinti aparılan ərazidə dərin çalalar əmələ gəlib. Ermənistan Əsgəran qalasını özünküləşdirmək məqsədi ilə tarixi abidənin görkəminə ciddi zərər vurub.

1918-cı ildə erməni daşnaklara qarşı yerli müqavimət hərəkatında öz döyüşçü dəstəsi ilə mübarizə aparmış Mahmud Əfəndiyev

Xalq araslnda Ştul Mahmud kimi məşhur olan Mahmud Əfəndiyev 1875-ci ildə Dağıstanın indiki Qurah rayonun Ştul kəndində anadan olmuşdur. Ştul onun doğulduğu kəndin adından götürülmüş təxəllüsüdür. Mahmudun atası Hacı Qasım bir neçə dəfə Məkkə ziyarətində olmuşdu, tanınmış din xadimi və alim idi. Anası İsli ali mədrəsə təhsili almış, ərəb dilində bir sıra tərcümələr etmişdi. El arasında ona “alim İsli” deyirdilər. Övladlarının təhsil almasına, dini və dünyəvi elmləri dərindən öyrənməsinə yaxından kömək edən Hacı Qasım və İsli onun gələcək həyatında böyük rol oynamışdılar.
Öz biliyi və bacarığı ilə el arasında məşhurlaşan Ştul Mahmud bir müddət Cənubi Dağıstanın Kürə dairəsinin şəriyət məhkəməsində qazı işləmişdi. 1924-cü ildə şəriət məhkəmələri xalq məhkəmələri ilə əvəz olunur və Ştul Mahmud bir müddət rayon xalq məhkəməinin sədri vəzifəsində işləyir.
1918-ci ildə məşhur ləzgi qaçağı Hacı əfəndinin dəstəsi ilə birlikdə Qubaya gəlmiş və “Qanlı dərə”də erməni daşnaklarına qarşı döyüşlərdə yaxından iştirak etmişdir. 200 atlıya başçılıq edən Ştul Mahmud Xudat-Qusar cəbhəsində də döyüşmüşdü. Bəzi döyüş iştirakçıları onu Ləzgi Mahmud kimi xatırlayırdı. (Mənbə: Müzəffər Məlikməmmədov”Qanlı Dərə” kitabı.səh. 232 )
Qeyd: Mahmud Əfəndiyevin fotoşəkli və barəsində məlumatlar Soyqırımı Memorial Kompleksinin muzeyində ziyarətçilərə təqdim olunur.

Soyqırımı Memorial Kompleksi “Qarabağ abidələrini tanıyaq. tanıdaq!” adlı layihəyə start verir.

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılıb talan edilmiş yüzlərlə mədəniyyət ocaqları, abidələri və tarixi-memarlıq nümunələrinin tanıdılması istiqamətində Soyqırımı Memorial Kompleksi “Qarabağ abidələrini tanıyaq. tanıdaq!” adlı layihəyə start verir. layihə çərçivəsində qeyd olunan abidələr və tarixi-memarliq nümunələri barədə silsilə məlumatlar, abidələrə dair fotoşəkillər həmçinin tarixi xronika Sizlərə təqdim olunacaqdır. Sizləri bizlərlə birgə bu sahədə əməkdaşlıq etməyə, birgə məlumatlanmağa və öyrənib -öyrətməyə dəvət edirik. Məqsədimiz mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələrin tarixi həqiqətlərini yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
Tarixinə sahib çıxan xalq məğlubedilməzdir!

12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür

11 dekabr 2020-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar YAP Quba Rayon Təşkilatının təşkilatçılığı ilə onlayn formatda elmi-praktik Konfrans keçirilmişdir. Konfransda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova “Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərliyi Respublikanın böyük inkişafı və nifuzun bərpası dövrüdür.” mövzusunda məruzə ilə çıxış etmiş və bu dahi şəxsiyyətin Respublikaya birinci rəhbərliyi dövründə gördüyü işlər və xalqının gələcəyinə düşünülmüş misilsiz xidmətləri barədə iştirakçılara geniş məlumat vermişdir.