Əli bəy Zizikski

Quba qəzasının müdafiəçilərindən biri olan Əli bəy Zizikski Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçısı və Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin üzvü olmuşdur. Fevral inqilabından sonra kapitan Ə.Zizikski Xüsusi Zaqafqaziya Komitəsi tərəfindən Quba qəzasının komissarı təyin edilmişdir. 1917-ci il oktyabr çevrilişindən sonra Əli bəy qəzanın Bakı Sovetinin nəzarətinə keçməsinin qarşısını almağa çalışmışdır. 1918-ci il mart soyqırımı zamanı Zizikski öz dəstələri ilə Dağıstandan Bakının köməyinə gələn Nəcməddin Qotsinskinin alaylarına qoşulmuşdur. Qotsinski və Zizikskinin silahlı dəstələri daşnak-bolşevik birləşmələrinin Biləcəri-Xırdalan müdafiə xəttinə qədər yaxınlaşmış, ilk toqquşmada onları məğlubiyyətə uğradaraq, şəhər üzərinə son hücum hazırlığına başlamışdılar. Lakin Həştərxandan Xəzər dənizi vasitəsilə göndərilən çoxsaylı bolşevik hərbi qüvvələrinin Bakıya çatması ilə qüvvələrin nisbəti dəyişmiş və onlar tutduqları mövqeləri tərk etməli olmuşdular.
1918-ci ilin aprelində Bakı Soveti tərəfindən Quba qəzasına bolşevik adı altında daşnak ermənilərdən ibarət qoşun göndərilmişdir. Həmin dəstələr bir neçə gün sonra Əli bəy Zizikski, Həmdulla Əfəndi Əfəndizadə və başqalarının rəhbərlik etdiyi müsəlman birləşmələri tərəfindən Quba şəhərindən çıxarılmışlar. Bunun ardınca mayın əvvəlində S.Şaumyan və G.Korqanovun göstərişi ilə daşnak Hamazaspın başçılığı altında Qubaya 3 min daşnak-bolşevik qüvvələri yeridilmişdir. Qəzanın milli qüvvələri Zizikski başda olmaqla düşmənin sayca üstün olan və yaxşı silahlanmış qüvvələrinə müqavimət göstərə bilməyib Dağıstana keçməyə məcbur olmuşdular. Qafqaz İslam Ordusunun və Dağıstanda yerli əhalinin köməkliyi ilə yeni hərbi dəstələr yaradılmasında təşkilatçılıq edən Zizikski Hamazaspın daşnak-bolşevik dəstələrinə qarşı güclü hücum təşkil edərək Qubanın azad edilməsində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Zizikskinin dəstəsinin əksər üzvləri yeni yaradılan Milli ordunun sıralarına daxil olmuşlar..
Aprel işğalından sonra Zizikski bolşevik təqiblərinə məruz qalmış, həbs edilmiş, “erməni qırğını törətməkdə” ittiham olunaraq daha sonralar edam edilmişdir.

Misir Ərəb Respublikasının Əl-Əzhər, Eyn-Şəms, Qahirə və İskəndəriyyə Universitetlərinin tələbələrinin iştirakı ilə vebseminar keçirilmişdir.

15.07.2020-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü və təşkilatçılığı, Misir Ərəb Respublikasının Əl-Əzhər, Eyn-Şəms, Qahirə və İskəndəriyyə Universitetlərinin tələbələrinin iştirakı ilə vebseminar keçirilmişdir. Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin ərəb dilli mütəxəssisi Seyid Cabbarovun moderatorluğu ilə keçirilmiş seminarda ADPU-nin Tarix və Coğrafiya fakultəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Sevil Bəhramova, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, Misir Ərəb Respublikası, Qahirə şəhəinin “Əlnur Dillər Mərkəzinin” müəllimi, ərəblər üçün “Azərbaycan dilinin qrammatikası” kitabının müəllifi İsra Adil, araşdırmaçı yazar, Azərbaycan tarixinə dair bir sıra məqalələrin eləcə də “Qarabağ Qafqazda sülhə aparan yol” (2014) kitabının müəllifi Doktor Əhməd Abduh Tarabik və ADPU-nin tələbəsi Hafiz Məmmədov “Azərbaycanın tarixi və mədəni abidələri ” movzusunda çıxışlar etmişlər. Seminarda mövzu ilə maraqlanan mütəxəssis və tələbələr də iştirak etmişlər.

“Soyqırımlar insanlığa-bəşəriyyətə qarşı cinayətdir” Bosniya müsəlmanlarına qarşı törədilmiş soyqırımından 25 il ötür.

Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş vermiş ən irimiqyaslı qətliam və hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Sovet İttifaqının süqutundan sonra, bütün Avropada sosialist rejimlərinin devrilməsi Yuqoslaviyada dərin iqtisadi böhrana səbəb olmuşdur. 1990-cı ildən etibarən ölkə parçalanaraq respublikalara bölünməyə başlamışdı ki, bu da millətlərarası gərginlik ilə nəticələndi. Müxtəlif iri miqyaslı cinayətlər baş verirdi.Cinayətlərin ən ağırı isə yeni qurulan Bosniyada yaşandı, belə ki, General Ratko Mladic və Serbiya Respublika Ordusu Srebrenitsada “etnik təmizlənmə” cəhdi ilə minlərlə Bosniya müsəlmanlarını qətlə yetirdi. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır.
2006-cı ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar edilmişdi.Orada olan insan qalıqlarından 2070 nəfər qurbanın kimliyi müəyyən edilmişdir. 7000 torbada saxlanılan cəsəd hissələrinın kimliyi isə hələ də müəyyən edilməmiş qalır. 11 avqust 2006-cı ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 cəsədin qalıqları üzə çıxarılmışdır.

Azərbaycan mətbuatı (1918-ci il)

Kompleksin muzeyində dövrün mətbuatına aid ekspozissiyada “Azərbaycan”. “Kaspi”,”Naş qolos”, “Qardaş qayğısı”, “İstiqlal” və.s qəzetlərdə nəşr edilmiş 1918-ci il mart hadisələri zamanı erməni daşnaklarının türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları haqqında məqalələr 3 dildə (azərbaycan, rus, ingilis) ziyarətçilərə nümayiş olunur.

Muzeyin “Bakı qəzasına” aid ekspozisiyasında bolşevik-daşnak birləşmələri tərəfindən dağıntılara məruz qalmış Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binasının foto-şəkli izləyicilərə təqdim olunur.

1918-ci il mart hadisələri zamanı Bakıda nəzarəti ələ keçirən ermənilər şəhərin əhalisi ilə yanaşı, xalqımızın mədəniyyət abidələrini də planlı və məqsədyönlü şəkildə məhv etmişlər. Bu möhtəşəm memarlıq abidələrindən biri də Bakının mərkəzi küçələrindən sayılan Nikolayev (İstiqlaliyyət) küçəsində yerləşən Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binasıdır.
1917-ci ildə Qafqaz Müsəlmanlarının qurultayı keçirildiyi bu binada Azərbaycana muxtariyyət verilməsi ideyası səslənmiş, istiqlal tariximizin müstəqillik uğrunda mübarizənin əsas qərargahına çevrilmişdir. 1918-ci ilin mart hadisələri zamanı ermənilər “İsmailiyyə” binasını qarət etmiş, sonra isə yandırmışlar. Törədilən yanğınlar zamanı binaya dəyən zərərlə yanaşı, sarayda fəaliyyət göstərən qurumların, o cümlədən sarayın öz arxivi yanaraq məhv edilmişdir. ”İsmailiyyə” binası Azərbaycan Xalq Cümhuriyyəti dövründə yenidən bərpa edilmiş, hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası kimi fəaliyyət göstərir.

"Təzə Pir" məscidi.

Soyqırımı Memorial Kompleksində muzeyin bölmələrindən birində yer alan Təzəpir məscidinin foto-şəkli izləyicələrə təqdim olunur.
XIV-XV əsrə aid Təzəpir məscidi 1918-ci il Bakıda baş vermiş mart soyqırımı günlərində top atəşinə tutularaq zədələnmiş, məsciddə toplanmış əliyalın türk müsəlman əhali isə ağır işgəncələrə məruz qalmışdır.
Həmin dövrdə Təzəpir məscidi Azərbaycan xalqının həyatında baş verən bütün ictimai-siyasi məsələlərdə önəmli yer tuturdu. Mart hadisələri zamanı soyqırıma məruz qalan müsəlmanların dəfn edilməsi mərasimi bu məsciddə həyata keçirilmişdir. Bundan əlavə 1918-ci il sentyabrın 15 də Bakının düşmən qüvvələrindən azad edilməsi münasibəti ilə əhalinin arzusuna əsasən Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa sentyabrın 16-da Təzəpir məscidinə dəvət edilmiş, yüzlərlə insan məscidin həyətində qurban kəsərək Bakının azad olunmasını bayram etmişlər.
Prezident cənab İlham Əliyevin göstərişi əsasında Təzəpir məscidinin ərazisində təmir bərpa işləri aparılmış və hazırda orada Bakı İslam Universitetinin tədris binası və Qafqaz Müsəlmanları İdarəsi fəaliyyət göstərir