Azərbaycanın multikultural mühiti-CEKLİLƏR
Azərbaycan Respublikasının şimalında, Böyük Qafqaz sıra dağlarının ətəklərində, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, əsrlər boyu öz etnik xüsusiyyətlərini, dillərini, adət-ənənələrini qoruyub saxlayan xalqlardan biridə Ceklılərdir. Cek kəndi, Quba şəhərindən 35 kilometr cənub-qərbdə, Qudyalçayın sahilində, Qrız, Əlik, Yergüc və Qalayxudat kəndlərinin əhatəsində yerləşir.
Azərbaycanın aborigen xalqlardan sayılan, qədim alban tayfalarından olan ceklilərin adət və ənənələri daha çox oğuz türklərinin adət-ənənələri ilə yaxındır. Onlar digər xalqlarla, xüsusən də Azərbaycanda yaşayan milli etnik qruplarla, daha çox isə “Şahdağ qrupu” xalqları olan buduqlular, əliklilər, haputlular, xınalıqlılar, qırızlılar, yergüclülər və s. qaynayıb qarışıb və çox geniş qohumluq əlaqələrinə malikdirlər.
Tarixən köçmə həyat tərzi keçirən ceklilərin əsas məşğuliyyəti heyvandarlıq, əkinçilik və toxuculuq olmuşdur. Kişilər əsasən qoyunçuluqla, qadınlar yundan müxtəlif məmulatlar –xalça, palaz, kilim, corab, şal toxumaqla məşğul olmuşar. “Cek xalçaları” Azərbaycan xalçalarının Quba-Şirvan tipinin Quba qrupunun dağlıq hissəsinə aid edilir.
Digər Şahdağ yaşayış məntəqələrində olduğu kimi Cek kəndində də xeyli sayda, təqribən 25-dən çox qədim ziyarətgah və dini ibadət yerləri vardır. .Belə ki, Əbu Müslüm məscidi və Atəşgah bu gün də fəaliyyət göstərir.Qeyd edək ki, eyni adlı məscidlərə həm Xınalıq, həm də Qrız kəndlərində də rast gəlinir.
Azərbaycan torpaqlarında erməni daşnakları tərəfindən məqsədəyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti azərbaycanlılar kimi ceklilərdən də yan keçməmişdir. Belə ki, 1918-ci ilin aprel-may aylarında ermənilər tərəfindən törədilmiş soyqırımı zamanı Quba qəzasında zərər çəkmiş, talana soyqırıma məruz qalmış kəndlərdən biri də məhz Cek və ceklilər olmuşdur. Bu fakt digər Şahdağ xalqları kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərmişdir
Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova . Aprel işğalı günlərində Quba qəzasında vəziyyət (1920-ci il)
1920-ci ilin yazında Qarabağda və Zəngəzurda ermənilərin yenidən fəallaşmasına görə şimal sərhədini müdafiə edən Azərbaycan ordu hissələri – Quba, Bakı piyada alayları, tatar süvari alayının bölmələri Qarabağa göndərilmiş, nəticədə şimal sərhədləri müdafiəsiz qalmışdı. Yaranmış yeni hərbi şərait Azərbaycan üçün başqa bir təhlükə – bolşevizm təhlükəsini yaratdı. Bolşevik qoşunlarının cənuba doğru irəliləməsi ilə bu təhlükə reallığa çevrildi. Azərbaycan ordu hissələri Qarabağda və Zəngəzurda hərbi əməliyyatlar apardığından, şimaldan XI Qırmızı ordunun Azərbaycana maneəsiz daxil olaraq qısa zamanda Bakının tutması üçün şərait təmin olunmuşdu. Bunu Qırmızı ordu komandanlığı da əla bilirdi. Bakıdakı siyasi şərait, hakimiyyət böhranı da təcavüz imkanlarını artırırdı. Rusiyanın bolşevik rəhbərliyi Azərbaycanın şimal sərhədlərinin mühafizəsi haqqında müfəssəl məlumatlara malik idi. Bunu Qırmızı ordunun tərkibində olan və sonralar bu hadisələri qələmə almış İ.Dudin də öz xatirələrində qeyd edir
1920-ci il martın 28-də Petrovsk şəhəri XI Qırmızı ordu tərəfindən ələ keçirildi. Bolşevik rejiminin Şimali Qafqazda denikinçi qüvvələrə qalib gəlməsindən sonra Bakıda və digər bölgələrdə olduğu kimi quba qəzasında da yerli bolşeviklər Rusiyadan, eləcə də Bakı bolşeviklərindən hərbi-siyasi, maliyyə dəstəyi alaraq Azərbaycan dövlətçiliyinə qarşı açıq-aşkar təxribat fəaliyyətinə keçdilər. Baş nazir N.B.Yusifbəylinin daxili işlər nazirinə göndərdiyi 8 mart 1920-ci il tarixli məktubda Dağıstan bolşeviklərinin Azərbaycan bolşeviklərindən insani və maddi yardım aldıqları bildirilir, ondan bolşeviklərin Azərbaycandan Dağıstana və əksinə maneəsiz keçməsinin qarşısını almaq üçün bütün tədbirlər görmək tələb olunurdu
Rusiyada vətəndaş müharibəsinin gedişində bolşeviklərin qələbəsindən ruhlanan yerli bolşeviklər də baş qaldırmışdı. Bolşeviklər hətta Quba qarnizonunun əsgərləri arasında belə açıq təbliğat aparırdılar. Bunu Quba qəza rəisi Talıbxanov Bakı qubernatoruna 11 mart 1920-ci il tarixli məktubunda təsdiq edirdi Qarnizonda hətta bolşeviklərin öz partiya özəyi belə mövcud idi. Bolşeviklərin əsgərlər arasında təbliğatının qarşısını almaq məqsədi ilə qarnizon rəisi Məmmədbəyov dvizyon komandiri ilə birgə təbliğatçıların müəyyənləşdirilib cəzalandırılması üçün fövqəladə tədbirlər görməyə başlamışdı. Qarnizon əsgərlərini bolşevik təbliğatının təsirindən qorumaq üçün onlar təcrid olunmuş, əsgərlərin müxtəlif pritonlara, çayxanalara getməsi, eləcə də kazarmalara kənar şəxslərin daxil olması qadağan edilmişdi.
Bolşeviklərin Azərbaycana daxil olmasının qarşısını almaq məqsədilə Quba qəza rəisi Ağabəyovun sərəncamı ilə qəzanın Dağıstanla sərhədboyu iki yerdə – Yalama və Xəzrə rayonlarında mühafizə təşkil olunmuşdu. Yalamada mühafizəni yerli sakinlərdən ibarət 20 nəfərlik dəstə Ləcət və Xudat kəndlərində həyata keçirirdi. Xəzrədə də sərhəd xalq milisi və post mühafizəçiləri tərəfindən qorunurdu. Qusar pristavına mühafizə üçün yerli sakinlərdən milisə kömək məqsədilə dəstə yaratmaq tapşırılmışdı. Qəza rəisi tərəfindən sahə rəislərinə sərhədin mühafizəsinə diqqəti artırmaq üçün müvafiq göstərişlər də verilmişdi. Qəzanın daxilində bolşeviklərlə mübarizə aparmaq, bolşevik təbliğatı aparan şəxslərin fəaliyyətinin qarşısını almaq üçün tədbirlər gücləndirilmişdi.
Azərbaycan işğalı ərəfəsində XI Qızıl ordu hissələri artıq Dərbənddə idi və zirehli qatarlarla Dərbəndlə Samur çayı üzərindəki körpü arasında manevr edərək dəmiryolu xəttini qoruyurdular. Qırmızı ordunun şəxsi heyəti 72472 nəfərdən ibarət idi. İşğal ərəfəsində Quba bolşevikləri də fəallaşmışdılar. AKP MK göstərişi ilə antidövlət ünsürlərdən ibarət silahlı dəstələr təşkil olunmuş, silahlı üsyan qərargahı yaradılmışdı. Mühafizəsiz qalmış sərhədin qorunmasında Qubadakı hərbi hissələrin və yerli könüllü dəstələrin köməyindən istifadə olunması qərara alınmışdı. 4-cü Quba piyada alayının komandiri vəzifəsini icra edən kn. N.Tumanovun Ə.A.Şıxlinskiyə verdiyi məlumata görə Xaçmazdakı hərbi hissələri gücləndirmək və düşmən haqqında məlumat almaq, kəşfiyyat işlərini təşkil etmək üçün buraya qubalılardan ibarət 4 rota, 3 №-li zirehli qatar, Yalamadan isə 70 nəfər göndərilmişdi.
1920-ci ilin aprelin 27-ə keçən gecə işğalçı qoşunlar 5 zirehli qatarla Azərbaycan sərhədini pozaraq müstəqil dövlətə qarşı hərbi təcavüzə başladılar. Yalamada, daha sonra Xudat və Xaçmaz stansiyalarında Azərbaycan ordusunun azsaylı bölmələri onlara müqavimət göstərsələr də qüvvələrin qeyri-bərabərliyi ücbatından işğalçı qoşunların qabağını almaq mümkün olmadı.
Şimal sərhədində yalnız 3 min qüvvə var idi və bu qüvvə sərhəd boyunca səpələnərək əsasən Qusar-Quba-Xudat rayonunda yerləşdirilmişdi. Praporşik Babayevin komandanlığı altında iki rota, pulemyot komandası və atlı divizyonu qeyri-bərabər döyüşlərdən sonra geri çəkilmək məcburiyyətində qalmışdı. Ləcət keçidində, Xudat stansiyasında da düşmənə müqavimət göstərilsə də onun qarşısını almaq mümkün olmadı. Zirehli qatarın ardınca aprelin 27-də səhər erkən Qırmızı ordunun 7-ci süvari və 31-ci piyada diviziyaları da sərhədi keçərək Quba qəzasının Qullar kəndinə daxil oldular. Qusar qarnizonu müqavimətsiz təslim oldu. Həmin gün 7-ci diviziyanın süvari polkları Quba şəhərini zəbt etdilər. Y.Tokarjevskinin yazdığına görə Qubada və Qusarda Azərbaycan ordusunun 31 zabiti və 500 əsgəri əsir götürülmüş, ümumiyyətlə isə müdaxilə zamanı 5 min əsgər əsir düşmüşdü.
Beləliklə, bir gün ərzində Quba qəzasının bütün ərazisini ələ keçirən işğalçı qoşunlar qısa müddətdə Azərbaycanın bütün ərazisini də tutaraq müstəqil dövlətin – Azərbaycan Cümhuriyyətinin varlığına son qoyurlar. Həmin dövrdə Quba qəzasında yerləşən Azərbaycan ordusunun bölmələri XI Qırmızı ordunun 20-ci diviziyasına tabe etdirildi. Bununla da Quba diyarı özünün yeni mərhələsinə – sovet dövrünə qədəm qoydu.
Cümhuriyyət dövrində yaradılmış bütün hakimiyyət strukturlrının ləğvinə qərar verildi. Qəza İnqilab komitəsinin 3 may 1920-ci il tarixli qərarı ilə bütün əksinqilabi partiya və təşkilatların fəaliyyəti qadağan edildi. Elə həmin gün F.abbasovun sədrliyi ilə AK(b)P Quba qəzası komitəsi yaradıldı.
Çevrilişdən sonra Azərbaycanda yaradılan və bütün dövlət hakimiyyətini öz əlində cəmləşdirən Azərbaycan Müvəqqəti İnqilab komitəsi və Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibi azərbaycanlılardan təşkil olunsa da bu, zahiri xarakter daşıyırdı, yeni yaradılmış sovet respublikası Moskvadan idarə olunurdu. Bolşeviklər xalqın adından çıxış edərək yaranmış dövləti proletar diktaturası adlandırırdılar. Bu isə hakim bolşevik partiyasının hökmranlığına bir növ siyasi pərdə idi. Gerçək hakimiyyət RK(b)P-nin yerli təşkilatı olan AK(b)P-yə məxsus idi. Əsas özəyi qeyri-millətlərdən, əsasən rus və ermənilərdən ibarət olan Azərbaycan K(b)P və Bakı partiya təşkilatı respublikanın ictimai-siyasi həyatında aparıcı rol oynayırdı. Azərbaycanda Kommunist Partiyası diktaturasını təmin edən amillərdən biri də buradakı rus ordu hissələri idi. Aprel işğalından sonra respublikanın müstəqilliyi tam formal xarakter daşıyırdı.
Milli hökumətin süqutundan sonra Azərbaycan xalqına qarşı qırmızı terror başladı. “Əksinqilabi sabotaj və möhtəkirliyə qarşı mübarizə” üzrə Fövqəladə Komissiya (FK) təşkil edildi, Ali inqilabi tribunal yaradıldı. Dövlət təşkilatlarının və ictimai təşkilatların fəaliyyətinə nəzarət etmək üçün 1920-ci il iyunun 9-da Fəhlə-Kəndli Müfəttişliyi təsis edildi. Bu işdə onlara xüsusi səlahiyyətlər verilmişdi. Belə ki, Fövqəladə Komissiya və Ali inqilabi tribunalın işi heç bir qanunvericilikdə məhdudlaşdırılmırdı, onların qərarı və hökmü qəti idi, dərhal həyata keçirilirdi. Bu təşkilatlar birbaşa ordu komandanlığına və mərkəzə – Moskvaya tabe idi. Ona görə həmin təşkilatların fəaliyyətinə Azərbaycan hökuməti demək olar ki, nəzarət edə bilmirdi. Azərbaycanda sovet hakimiyyətinin ilk günlərindən başlayaraq XI ordunun xüsusi şöbəsi kommunistlərdən başqa bütün mövcud siyasi qüvvələrə, hətta liberal əhval-ruhiyyəli adamlara, ziyalılara belə amansız divan tutmağa başladı. Bəzi məlumatlara görə Azərbaycanda 1920-ci ilin aprelindən -1921-ci ilin avqustuna qədər 48 min insan güllələnmişdi.
Bütün bu acı tarixi həqiqətlər xalqımızın mübarizə əzmini, müstəqillik ideyalarını boğa bilmədi. 1991-cı ildə xalqımız yenidən müstəqilliyinə qovuşdu və Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan günü-gündən çiçəklənən bugün hər birimizin fəxr etdiyimiz dövlətimizi-Azərbaycan Respublikasını qurdu.
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
- Дудин И. Прорыв бронепоездов, Б., Азернешр, 1970, 67 с.
- ARDA, f. 894, s. 7, iş 18
- ARDA, f. 894, s. 7, iş 18
- ARDA, f. 894, s. 7, iş 26
- ARDA, f. 894, s. 7, iş 32
- Süleymanov M.S. Azərbaycan Ordusu (1918-1920). B., Hərbi nəşriyyatı, 1998, 488 s.
- Азербайджанская Демократическая Республика (1918-1920). Армия. (Документ и материалы). Б., Азербайджан, 1998, 440 с.
- Токаржевский Е.В. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Б., Изд. АН, 1957, 332 с. Токаржевский Е.В. Из истории иностранной интервенции и гражданской войны в Азербайджане. Б., Изд. АН, 1957, 332 с. İbrahimli.X.C. Azərbaycan siyasi mühacirəti (1920-1991), : Elm,1996, 305 s.
- R.M. Azərbaycan rəhbərliyində ixtilaflar və daxili siyasi çəkişmələr (1920-1925) B., Elm, 2007, 196 s.
Tariximizi öyrənək-öyrədək!
Əziz izləyicilər! Kompleksin muzeyində yer alan Azərbaycanın müxtəlif qəzalarında baş vermiş soyqırımları zamanı kütləvi şəkildə qəddarlıqla qətlə yetirilmiş faciə qurbanlarının xatirəsinə hörmət əlaməti olaraq zalın mərkəzində ucaldılmış qara mərmər daşın fotoşəklini Sizlərə təqdim edirik.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən xaricə təhsil almağa göndərilən tələbələr "İstiqlal günü"nü qeyd edir.Paris, 28 may 1920-ci il.
Türkiyəli məşhur tarixçi, soyqırımı tədqiqatçısı Pr.Dok. Mehmet Perincek müraciətimizə əsasən Soyqırımı Memorial Kompleksi izləyiciləri üçün "Türkiyədə baş vermiş 1915-ci il hadisələri rus arxivlərində" mövzusunda video çəkiliş təqdim etmişdir
#evdəqal #elmdənqalma Maarifləndirici seminarlarımız davam edir
Aprelin 23-də keçirilən növbəti seminar “Azərbaycanda multikultural dəyərlər, etniklərin tarixi” mövzusuna həsr olundu.
Quba Soyqırımı Kompleksi direktoru Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları İradə Əliyeva, Nərminə Əmirbəyova və tarix üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev məruzələrlə çıxış etdilər.
Seminarda ölkəmizdəki multikultural mühit, xalqımızın tarixdən gələn ənənələri və etniklərə mehriban qardaşlıq münasibətlərindən danışıldı.
Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.
Bosniya müsəlmanlarına qarşı törədilmiş soyqırım
Əziz izləyicilər! Daha öncə məlumat verdiyimiz kimi hər həftənin çərşənbə günləri “Soyqırımlar insanlığa-bəşəriyyətə qarşı cinayətlərdir” layihəsi çərçivəsində ayrı-ayrı xalqlara, millətlərə qarşı törədilmiş soqırımları, həmçinin mövcud olan soyqırım kompleks və muzeyləri barədə məlumatları paylaşacağıq. Bugün Bosniya müsəlmanlarına qarşı törədilmiş soyqırımı barədə qısa məlumatı Sizlərə təqdim edirik.
Srebrenitsa soyqırımı II dünya müharibəsindən sonra Avropada baş vermiş ən irimiqyaslı qətliam və hüquqi cəhətdən ilk dəfə sənədləşdirilmiş soyqırım aktıdır.
Sovet İttifaqının süqutundan sonra, bütün Avropada sosialist rejimlərinin devrilməsi Yuqoslaviyada dərin iqtisadi böhrana səbəb olmuşdur. 1990-cı ildən etibarən ölkə parçalanaraq respublikalara bölünməyə başlamışdı ki, bu da millətlərarası gərginlik ilə nəticələndi. Müxtəlif iri miqyaslı cinayətlər baş verirdi.Cinayətlərin ən ağırı isə yeni qurulan Bosniyada yaşandı, belə ki, General Ratko Mladic və Serbiya Respublika Ordusu Srebrenitsada “etnik təmizlənmə” cəhdi ilə minlərlə Bosniya müsəlmanlarını qətlə yetirdi. Soyqırım zamanı qadın və uşaqların da qətlə yetirildiyi sənədlərlə sübuta yetirilmişdir. Serb ordusuyla yanaşı “Əqrəblər” adı ilə tanınan Serbiya xüsusi təhlükəsizlik dəstələri də qətliamın törədilməsində iştirak etmişlər. BMT-nin Srebrenitsaya 400 silahlı Hollandiya sülhməramlısı yerləşdirməsinə baxmayaraq soyqırımın qarşısını almaq mümkün olmamışdır.
2006-cı ilə qədər Srebrenitsa ətrafında 42 kütləvi məzarlıq aşkar edilmişdi.Orada olan insan qalıqlarından 2070 nəfər qurbanın kimliyi müəyyən edilmişdir. 7000 torbada saxlanılan cəsəd hissələrinın kimliyi isə hələ də müəyyən edilməmiş qalır. 11 avqust 2006-cı ildə Kamenikada yerləşən kütləvi Srebrenitsa qətliamı məzarlığından daha 1000 cəsədin qalıqları üzə çıxarılmışdır.
Tariximizi öyrənək-öyrədək!
Əziz izləyicilərimiz! Soyqırımı Memorial Kompleksində müzeyin bölmələrindən birində yer alan Azərbaycanın 1920-ci ilə qədərki xəritəsinin təsvirini Sizlərə təqdim edirik. Xəritədə 1918-ci ildə erməni daşnakları tərəfindən soyqırımlar törədilmiş bölgələr qırmızı nişanlarla işarələnmişdir.
#evdəqal #elmdənqalma Maarifləndirici seminarlarımız davam edir Aprelin 21-də keçirilən növbəti seminar "1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları"na həsr olundu.
Bugün Soyqırımı Memorial Kompleksinin direktoru t.ü.f.d.Rəxşəndə Bayramovanın moderatorluğu ilə keçirilən seminarda AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları t.ü.f.d.dos Natig Məmmədzadə, t.ü.e.d.dos.Vaqif Abışov, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi t.ü.f.d. dos.Sübhan Talıblı, tarixçi, dəyərli tədqiqatçı Elmar Həsənli məruzələrlə çıxış etdilər.
Seminarda 1918-ci ilin yazında Bakı quberniyasında, Quba qəzasında baş vermiş soyqırımı və yerli qüvvələrin müqaviməti, Gəncə quberniyası və Lənkəran qəzasında türk-müsəlmanların soyqırımı, Cənubi Azərbaycanda türk-müsəlmanların soyqırımı, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin soyqırımlarının tanıdılması ilə bağlı gördüyü işlər və Fövqəladə Təhqiqat Komissiyasının həyata keçirdiyi tədbirlərdən danışıldı.
Bütün iştirakçılara dərin təşəkkürümüzü bildirir, növbəti seminarlarımıza qatılmalarını səbirsizliklə gözləyirik.
Tariximizi öyrənək-öyrədək! Əziz izləyicilərimiz! Muzeyin bölmələrindən birində tarixi fotoşəkli əks olunan Şamaxıda yerləşən “Cümə" məscidinin tarixi haqqında qısa məlumatı Sizlərə təqdim edirik.
övqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış sənədlər və komissiya üzvü olan Belarusiyalı fotoqraf Lev Daşkeyiviçin lentə aldığı foto-şəkillər arasında VIII əsrə aid Şamaxı şəhər ərazisində yerləşən Cümə məscidinın fotoşəkli muzeyin “Şamaxı Qəzası” bölməsində yer almışdır.
Azərbaycan xalqının tarixi-mədəniyyət abidələrindən olan Cümə məscidi təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən biri kimi tanınaraq zəmanəmizə qədər gəlib çatmışdır. Şamaxı zəlzələləri zamanı dağılmış və bir neçə dəfə bərpa edilmiş məscid 1918-ci ildə Şamaxıda törədilmiş soyqırımlar zamanı ciddi zədələnmişdir. Belə ki, Bakıda mart soyqırımının başlandığı dövrdə Şamaxıda Stepan Lalayanın rəhbərliyi ilə “Daşnaksütyun” partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı soyqırıma başlamış və bu hadisələr zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə vandal erməni daşnaklar tərəfindən yandırılmışdır. Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdir. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.
2009-cu ildə bu mühim tarixi-memarlıq abidəsinin əsaslı təmiri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam verilmiş və 2013-cü ildə təmirdən sonra açılışı keçirilmişdir.Hazırda bu tarixi məkan məscid kimi fəaliyyət göstərir.
Azərbaycanın multikultural mühiti-XINALIQLILAR
Dünyanın etnik xəritəsində yalnız bir Xınalıq kəndi və yeganə Xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Avropa hissəsinə aid Quba rayonuna məxsusdur. Xınalıqlılar Azərbaycanın ən qədim sakinləri, Xinalıq kəndi isə dünyanın ən yüksək dağlıq yaşayış yerlərindən biridir. Yerli sakinlər Xınalıq kəndini onları bütün pisliklərdən, şər qüvvələrdən qoruyan müqəddəs bir məkan hesab edirlər. 400 evə və 3 min nəfərə yaxın sakini olan Xınalıq kəndi özunun qədim həyat tərzini, adət-ənənələrini qoruyaraq bu günümüzə kimi yaşadırlar.
Tarixi mənbələr bildirir ki, xınalıqlılar Qafqaz Albaniyasının qədim tayfalarından biri olmuşlar. Bu etnik qrup Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılır. Yerli sakinlər rəsmi Azərbaycan dili ilə yanaşi dünyada bənzəri olmayan və yalnız özlərinin danışıb, anladıqları Xınalıq dilində ünsiyyət qururlar. Xınalıq dili YUNESKO tərəfindən ciddi təhlükə altinda olan dillər siyahısına daxil edilmişdir.
Xınalıq kəndinin əhalisi əsasən heyvandarlıq, maldarlıq, qismən də iqlimə uyğun əkinçilik və tərəvəzçiliklə məşğuldurlar. Eyni zamanda yerli əhali toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, şal, rəngli corablar, xalça, palaz toxuyurlar. Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur idi və onu ətraf kəndlərdə üst geyimlər tikmək üçün alırdılar. Yun şaldan tikilən çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Kənd əhalisinin digər məşğuliyyəti dərman bitkilərini, otlarını yığaraq qurudur və bu otlardan həm təbabətdə həm mətbəxdə geniş istifadə edilir.
Tarixçilərin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Qədim yunan alimi Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hər biri öz dilində danışır. Ehtimal ki, xınalıqlılar həmin 26 tayfadan biridir. Başqa sözlə desək, xınalıqlılar Qafqazda minilliklərlə yaşayan aborigenlərdir.
Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə qərar tutmuş və 5000 min illik tarixə malik olan bu kəndi Azərbaycanın “Açıq səma altında muzey”ə bənzədirlər. “Dağlarda ada” adlanan bu kənd rayon mərkəzindən 57 km-lik məsafədədir. Bu qədim Azərbaycan kəndinə dünyanın çox yerlərindən turistləri görmək də mümkündür. Kəndin qədimliyi, tarixiliyi, memarlığı və coğrafi qurluşu xüsusilə xınalıqlıların özünəməxsus yaşam tərzi turistlərin diqqətini cəlb edir. Hazırda bu kənd “Xınalıq” Dövlət Tarix–Memarlıq və Etnoqrafiya qoruğunun tərkibinə daxildir, qorunur və bütün dünyada təbliğ olunur.

