01. 11. 2018-ci il tarixindən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə “Tarixi filmlər” günü proqramı çərçivəsində 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Kompleksdə “ Qanlı Yanvar” bədii filmi nümayiş etdirilmişdir. Filmi 19. 01. 2019-cu il tarixində saat 10.30-da Quba rayonu Səbətlər kənd orta məktəbinin şagirdləri izləmişlər. Filmdə 20 Yanvar şəhidlərinin Vətənin azadlığı, suverenliyi uğrunda göstərdikləri şücaətlərdən, bugünkü gənclərimizə örnək olmasından bəhs olunur. Filmi maraqla izləyən məktəblilər fikirlərini bildirərək, keçmiş sovet ordusunun həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüzün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar.
Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin doğum günüdür.
Möhtərəm Cənab Prezident, Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik. Sizə uzun ömür, can cansağlığı, xoşbəxtlik və ən xoş arzularımızı bildirərək, Azərbaycan xalqı naminə məsul fəaliyyətinizdə yeni uğurlar diləyirik. Sizin zəngin siyasi təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə mürəkkəb məsələləri qətiyyətlə və ardıcıl olaraq həll etməyə imkan verir. Sizin dünya miqyasında yeritdiyiniz uzaqgörən siyasətiniz, gələcəkdə də ölkənin milli mənafelərini qətiyyətlə qoruyacaq və Sizin xüsusi bacarığınız Azərbaycanın regional və beynəlxalq gündəlikdə duran ən mühüm məsələlərin həllində fəal rol oynayacaq.
Quba şəhərində “ Soyqırımı Memorial Kompleksin”ndə filmlərin nümayişi davam etdirilir
“Tarixi filmlər” günü proqramı çərçivəsində 14 dekabr 2018-c i il tarixində saat 15.00-da “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi Ağ atlı oğlan tammetrajlı film nümayiş etdiriləcək. Film hərbi-vətənpərvərlik mövzusundadır. Romantik filmdə Qarabağın azadlığı uğrunda erməni qəsbkarlarına qarşı aparılan müharibədə yaşlılarla bərabər məktəbli oğlanın da qəhrəmanlıqla vuruşmasından söhbət gedir. Film tamaşaçıları fədakarlığa, vətənpərvərliyə çağırır.
“Bayraq Günü” nün 100 illyi Quba şəhəri “Soyqırımı Memorial Kompleksi”ndə qeyd edildi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 09 noyabr 2009-cu il tarixli Sərəncamı ilə 09 noyabr Respublikada “Bayraq Günü” kimi qeyd edilir.
Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə qəbul edilmişdir.
Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” şüarının müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.
08.11.2018-ci il tarixində “Bayraq Günü”nün 100 cü ildönümü münasibətilə Soyqırımı Memorial Kompleksin təşəbüsü və Quba şəhər 2№li tam orta məktəbin şagirdlərinin iştirakı ilə əbədi bədii kompozisiya təşkil edilmişdir. Tədbirdə Kompleksin direktoru Rəxşəndə Bayramova çıxış edərək belə tədbirlərin gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsində mühüm rol oynadığını vurğulamışdır. Sonda Kompleksin bayraq meydanında xatirə şəkilləri çəkdirilmişdir.
Quba "Soyqırımı Memorial Kompleksi"nin Rəhbərliyinin təşəbbüsü ilə təcrübə mübadiləsi layihəsi çərçivəsində 20 nəfərdən artıq kompleks əməkdaşları Qəbələ, Şəki və Kiş qoruqlarına səfər etmişlər
Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə Kompleksin 20-yə yaxın əməkdaşı üçün Şamaxı “Cümə Məscidi”, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğuna, Kiş kəndindəki “Alban məbədi” qoruğuna, Qəbələ Dövlət Tarix Bədii Qoruğuna səfərlər təşkil edilmişdir.
İlkin olaraq Kompleksin əməkdaşları çoxəsrli yaşa malik Şamaxıda yerləşən “Cümə məscidi”ni ziyarət etmişlər. Burada qonaqları tarixçi Fariz Xəlilbəyli qarşılayaraq 800 illik tarixə malik olan Şamaxı “Cümə Məscidi” haqqında məlumat verdi. O, qeyd etdi ki, digər müsəlman ibadətgahları kimi Cümə Məscididə 1918-ci ildə erməni vandalizminin qurbanı olmuş və tamamilə yandırılmışdır. 2013-cü ildə Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı bərpa və yenidənqurma işlərindən sonra yenidən istifadəyə verilmişdir. Qeyd edək ki, Memorial Kompleksdə Cümə məscidinin həmin dövrə aid fotoşəkilləri mövcuddur.
***
Daha sonra Kompleksin əməkdaşları Azərbaycan memarlığının nadir incisi hesab olunan XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayını ziyarət ediblər. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Təranə Abdullayeva qonaqları salamlayaraq, qoruğun özəlliklərindən bəhs etdi. O vurğuladı ki, qoruğun ərazisində yaşı 300-dən 700-dək olan 24 ədəd Xan çinarı var və bu ağaclar dövlət tərəfindən qorunur. Xanlıqlar dövründə saxsı borularla çəkilən “Taclı” su kəmərindən indi də istifadə olunur. Yerli əhali bu gün də qədim ənənələrə sadiqdir. Qoruğun ərazisində qədim məhəllə adları indiyədək qorunub saxlanılır. Səfər zamanı təşkil olunan dəyirmi masada Kompleks əməkdaşları və Xan Sarayı kollektivi arasında əməkdaşlıq haqqında fikir mübadiləsi edildi. Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
***
Səfər zamanı əməkdaşlar Kiş Tarixi-Memarlıq Qoruğuna da baş çəkdilər. Qoruğun direktoru İlhamə Hüseynova qarşılamış və təşkil olunmuş əməkdaşlığın əhəmiyyətindən danışaraq bu kimi layihələrin davamlı olmasının vacibliyini vurğuladı. Daha sonra məbədin tarixi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, Şəki öz tarixi-mədəni irsi, abidələri, memarlıq inciləri ilə ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib. İlin bütün fəsillərində Şəkiyə gələn yerli və xarici turistlərin, həmçinin rəsmi qonaqlar və beynəlxalq tədbir iştirakçılarının ən çox üz tutduqları, ziyarət etdikləri tarixi məkanlardan biri də Kiş kəndində yerləşən qədim alban məbədidir. Eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulan bu məbəd bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Əhəng daşından tikilən abidə erkən orta əsrlərdə yaranan ilkgümbəzli, zal tipli məbəddir. 2001-ci ilin mayında norveçli mütəxəssislərlə birgə “Kiş” layihəsi üzrə abidənin bərpasına başlanılıb və 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə tanınmış norveçli səyyah, etnoqraf və alim Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib. Alimin xatirəsinin əbədiləşdirilməsi üçün məbədin qarşısında onun büstü qoyulub.
***
Səfərin yekununda “Qəbələ Qalası” ziyarət edildi. Qonaqları qoruğun direktoru Bəhruz Şərifov qarşılayaraq qədim tarixə malik möhtəşəm qalanın tarixi haqqında geniş məlumat verdi. Daha sonra mövzuya aid film izlənildi və sonda xatirə şəkli çəkdirildi.
Səfər çərçivəsində əməkdaşlar arasında təcrübə mübadiləsinin olması, işin günün tələblərinə uyğun qurulmasına, işin səmərəliliyinin və yaradıcı baxışın formalaşmasına müsbət təsir göstərmişdir. Qoruq əməkdaşları arasında iş mübadiləsinin olması, təcrübəli qoruq işçiləri ilə tanışlıq, təmas və məsləhətləşmələr gənc mütəxəssislərin iş prosesində yaranan bir sıra kiçik nöqsanların aradan qaldırılmasına köməklik göstərəcəkdir.
“18 May Beynəlxalq Muzeylər Günü” Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə qeyd edildi.
Beynəlxalq Muzeylər Günü xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Həmin gün Respublikanın bütün muzeylərində peşə bayramı qeyd edilir. 18.05.2018- ci il tarixində Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi ərəfəsində Quba “Soyqırımı Memorial Kompleksi”ndə 18 May Beynəlxalq Müzeylər Günü qeyd edilmişdir. Kompleksə gələn tələbələr, məktəblilər yerli və əcnəbi ziyarətçilərə, soyqırımla bağlı verilmiş məlumatlar əsasında viktorina təşkil edilmişdir. Sualları doğru cavablandıran fəal ziyarətçilərə Kompleksin əməkdaşları tərəfindən kitab, buklet və hədiyyələr təqdim olunmuşdur. (daha çox…)
Quba şəhərində” Soyqırım Memorial Kompleksi” İCOM Dünya Müzeyləri səhifəsində
Quba şəhərində” Soyqırım Memorial Kompleksi” İCOM Dünya Müzeyləri səhifəsində qeydiyyata alındı.
http://museu.ms/museum/details/18053/genocide-memorial-complex-in-guba-city.
Bu tipdə təşkilatlarda qeydiyyatdan keçməkdə əsas məqsəd təbliğat işlərini genişləndirmək və Memorial Kompleksin başqa muzey və qoruqlarla əməkdaşlığını yaratmaqdır.
“18 May Beynəlxalq Müzeylər Günü” ilə əlaqədar Quba rayon Uşaq və Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird heyəti Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.
Quba rayon Uşaq və Gənclər İnkişaf Mərkəzinin müəllim və şagird heyəti, Azərbaycan Xalq Cümhüriyyətinin 100 illiyi ərəfəsində “18 May Beynəlxalq Müzeylər Günü” ilə əlaqədar 12.05.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin bələdçisi İslam Aslanov ziyarətçilərə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliyi sübut edən 1918-ci il Quba soyqırımına aid ayrı-ayrı tarixi sənədlər, eksponatlar haqqında məlumat vermişdir. Sonda şagirdlərə kitablar hədiyyə edilmişdir.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum imzalandıqdan bir müddət sonra 02.05.2018-ci il tarixində ilk olaraq “Soyqırımı Memorial Kompleksi”ndə Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi əməkdaşları tərəfindən kitab sərgisi təşkil olunmuş və Kompleks tərəfindən geniş oxucu kütləsinin maarifləndirilməsi məqsədi ilə rayon kitabxanalarına paylanılması məqsədi ilə 33 adda 89 kitab hədiyyə edilmişdir. Cümhuriyyətin 100 illiyinin qeyd olunması ilə əlaqədar hazırlanan birgə tədbirlər planına əsasən Soyqırım Kompleksində yerləşən Bayraq Meydanında 14-20 may tarixlərində geniş kitab sərgisinin keçirilməsi planlaşdırılır.
Avropa Parlamentinin Azəbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” ndə.
Avropa Parlamentinin Azəbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolaini və digər rəsmi şəxslər Qubada səfərdə olublar. Səfər çərçivəsində qonaqlar və Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev 29.04.2018-ci il tarixində Quba şəhərində “ Soyqırımı Memorial Kompleksi” ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq, XX əsr tarixinin soyqırımı və dəhşətli faciələri, erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətləri haqqında geniş məlumat vermişdir. Ziyarətcilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar. Sonda qonaqlara soyqirim hadisələrini əks etdirən kitablar və bukletlər təqdim edilmişdir.
İsrail Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə
Qubaya səfər edən İsrailin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav və səfiri müşaiyət edən Quba RİH- nin rəsmiləri 25.04.2018- ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq, onlara 1918-ci ilin mart-may aylarında daşnak-bolşevik erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələri haqqında ətraflı məlumat vermişdir.
Bir neçə xarici ölkənin hərbi zabitləri və onları müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.
24.04.2018-ci ildə Qubada səfərdə olan bir neçə xarici ölkənin hərbi zabitləri və onları müşaiyət edən Müdafiə Nazirliyinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Ziyarət zamanı faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoymuşlar. Daha sonra qonaqları Kompleksin direktoru Rəxşəndə Bayramova salamlayaraq 1918-ci ildə Azərbaycanda erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş soyqırımı hadisələri haqqında məlumat vermişdir. Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.