Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə məktəblilərin iştirakı ilə rəsm sərgisi və şeir müsabiqəsi keçirildi

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Quba rayon Təhsil şöbəsi tərəfindən hazırlanan silsilə tədbirlər planına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.03.2018–ci il tarixindən başlayan təbliğat və təşviqat xarakterli tədbirlər Qubanın şəhər və kənd məktəblərində təşkil edilmişdir. Sözü gedən tədbirlərin yekunu olaraq 28.03.2018-ci il tarixində Kompleksdə fəal məktəblilərin iştirakı ilə rəsm sərgisi və şer müsabiqəsi keçirilmişdir. Tədbirdə Quba şəhərinin 1,2,4,5 nömrəli tam orta məktəbliləri, İqriq, II Nügədi, Zizik, Hacı Hüseynli kənd tam orta məktəbliləri, Texniki Təmayüllü lisey və Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri iştirak etmişlər. Giriş sözü ilə çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova müəllim və şagirdləri salamlayaraq belə tarixi məzmunlu tədbirlərin keçirilməsinin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna rolu olduğunu qeyd etdi. Sərgidə məktəblilər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübariz əzmini, faciənin dəhşətlərini və son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin təsviri əks olunmuş rəsm işlərini təqdim etmişlər. Daha sonra fəal şagirdlərdən İqriq kənd tam orta məktəbinin VIII sinif şagirdi Babayeva Səbinə, Texniki Təmayüllü liseyinin VIII sinif şagirdi Mirzəyeva İlqarə, Quba şəhər 1№ li tam orta məktəbin V sinif şagirdi Niyazov Səyyad və digər məktəblilər müxtəlif həcmdə şerlər səsləndiriblər. Onların çıxışları Münsiflər heyəti tərəfindən dinlənilib, istedadı ilə seçilənlər bəyənilmişdir. Kompleksin Elmi Araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri Lətafət Beybutova fərqlənən şagirdlərə xatirə kitab və bukletləri təqdim etmişdir.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə

31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirmişlər. Tədbirdə bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarından, 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri vəhşiliklərdən danışıldı.

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və Quba rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Türkdilli xalqların əməkdaşlığı” çərçivəsində 31 Mart - Azərbaycanlıların Soyqırımı ilə əlaqədar Türkiyə, Qazaxıstan və Qırğızıstandan olan məktəblilər və nümayəndələr Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Ziyarətçilərə bildirilib ki, Azərbaycan tarixinə XX əsrin ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni silahlı dəstələri Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamlar törədib, mindən artıq kənd yandırılıb və dağıdılıb. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd məhv edilib, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətlə yetirilib.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Səlyan, Şirvan, Şuşa, Zəngilan, Nefçala, Lerik, Yardımlı, Yevlax, Lənkəran və Astara rayonlarının məktəbliləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Səlyan, Şirvan, Şuşa, Zəngilan, Nefçala, Lerik, Yardımlı, Yevlax, Lənkəran və Astara rayonlarının məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 16-17 mart 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova ziyarətçiləri salamlayaraq, belə ekskursiyaların məktəblilərin dünya görüşlərinin artmasında, tariximizin yaxından öyrənilməsində böyük rol oynadığını vurğuladı. Daha sonra Kompleksin bələdçiləri məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələri və muzeyin ekspozisiyalarında əks olunmuş Bakı, Şamaxı, Göyçay, Cavad, Quba və digər qəzalarda kütləvi surətdə qətlə yetirilmiş insanların, dağıdılıb məhv edilmiş kəndlərin, milli mədəniyyət abidələrinin foto şəkilləri və sənədləri haqqında ətraflı məlumat vermişlər. Məktəblilər həmçinin faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar.

 

14.03.2018-ci il tarixində Quba şəhər Zaur Cəfərov adına 3 №-li məktəbin müəllim və V-VIII sinif şagirdləri Quba şəhərində ”Soyqırımı Memorial Kompleksi”ndə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” ilə əlaqədar tədbir təşkil etmişlər.

Məktəbin direktor müavini Leyla Gəbəybəyova tədbirin əhəmiyyətindən danışaraq, belə tarixi məzmunlu söhbətlərin aparılmasının gənc nəslin milli şüurunun formalaşmasında, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarınının həmçinin xalqımızın tarixi həqiqətlərini dünyaya çatdırılmasında böyük rolu olduğunu qeyd etdi. Daha sonra Kompleksin zal nəzarətçisi Abutalıb Turabov şagirdlərə soyqırımı hadisələri haqqında ətraflı məlumat verərək bildirdi ki, 2007-ci ildə Qubada aşkarlanan kütləvi məzarlıq 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri vəhşiliklər nəticəsində həlak olan on minlərlə azərbaycanlının soyqırıma məruz qalmasını göstərən əyani sübutdur. Vətənpərvərlik mövzusunda şerlər səsləndirən məktəblilər xalqımızın başına gələn bu müsibətləri unutmadan, qan yaddaşımızı gələcək nəsillərə ötürmək borcunda olduqlarını bildirdilər. Tədbirin sonunda soyqırım hadisələri haqda sənədli filmə baxış keçirilərək, erməni vəhşiliklərini özündə əks etdirən plakatlar nümayiş olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təşkil olunan təbliğat xarakterli növbəti tədbir 14.03.2018-ci il tarixində Quba şəhər Hacıbaba Əliyev adına 1 №-li tam orta məktəbinin müəllim və şagird kollektivi ilə keçirildi. Quba “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları Lətafət Beybutova, Aysu Bülbülzadə, Oqtay Orucov şagirdlərə bəşər tarixinin qanlı səhifələrindən olan 31 mart soyqırımı faktlarından, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində işlərin görülməsindən söhbət açdılar. Məktəbin X sinif şagirdlərindən Elmir Əliyev, Saməddin Şıxəliyev fəal çıxış edərək bildirdilər ki, hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, mənfur düşmənimiz olan erməni vandallarının törətdikləri vəhşiliklərin dünyaya çatdırılmasında çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidir. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə 16 adda Soyqırım hadisələrini əks etdirən bukletlər təqdim olundu.

 

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü ilə növbəti tədbir 10.03.2018-ci il tarixdə Quba rayon İbrahim Şahmərdanov adına Qəçrəş kənd tam orta məktəbində keçirildi. Kompleksin Elmi Araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri Lətafət Beybutova, bələdçisi Aygün Ağamirzəyeva, mütəxəssis Aysu Bülbülzadə, zal nəzarətçisi Xəyal Nuhbalayev, foto – video kompyuter mütəxəssisi Oqtay Orucovun iştirakı ilə keçirilən “31 Mart tarixin unudulmaz səhifəsidir” adlı tədbirdə məktəbin müəllim və şagird heyəti ilə geniş fikir mübadiləsi aparılmışdır. Vətənpərvərlik ruhunda çıxış edən Kompleksin əməkdaşları qeyd etdilər ki, xalqımızın başına gələn müsibətləri unutmamaq, tariximizi gələcək nəsillərə ötürmək hər bir Azərbaycan vətəndaşının borcudur. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə 16 adda Soyqırım hadisələrini özündə əks etdirən bukletlər təqdim olundu.

08.03.2018-ci il tarixində Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Sənət, Kültür, Elm və Ədəbiyyat Federasiyasının (ASKEF) üzvləri Quba şəhərində ”Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova ASKEF üzvlərinə 1918-ci ildə bolşevik adı altında erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında dinc əhaliyə qarşı törətdiyi kütləvi soyqırım barədə geniş məlumat verdi. Ziyarət zamanı ASKEF-in üzvləri şanlı tariximizlə yanaşı, ermənilərin törətdikləri vəhşiliklərindən söhbət açmışlar. ASKEF-in rəhbəri Savaş Ünal erməni vəhşiliklərinə diqqət çəkərək bu soyqırımın bütün dünyada tanınmasının vacibliyini vurğulayıb. Hər bir azərbaycanlı şərəfli tariximizlə yanaşı, qanlı səhifələri, keşməkeşli günləri dünyaya çatdırılmasına çalışmalı və bu sahədə əlindən gələn köməkliyi əsirgəməməlidir.

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq martın 7-də Azərbaycan Respublikası Ədliyyə Naziri Fikrət Məmmədov Quba rayonunda vətəndaşların qəbulunu keçirmiş və səfər çərçivəsində cənab Nazir Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət edərək, faciə qurbanlarının əziz xatirəsini ehtiramla yad etmiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılmasında ölkə Prezidentinin cari ilin yanvarında imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Sərəncamının müstəsna əhəmiyyətini vurğulamışdır.

Martın 7-də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir. Kompleksin direktoru Rəxşəndə Bayramova əməkdaşları salamlayaraq xanımları bayram münasibətilə təbrik etdi. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. O, qeyd etdi ki, Azərbaycan qadınları zərif olduğu qədər də güclüdürlər. Müasir Azərbaycan dövlətində qadınların fəaliyyətinə geniş yer verilməsi, gender bərabərliyinin qorunması, eyni zamanda, qadınların sosial-iqtisadi, siyasi və mədəni sahələrin inkişafında iştirakçılıqdan birbaşa aparıcı mövqeyə keçməsi həm də lider qadınların yetişdirilməsi üçün zəmin yaradılıb. Bunu Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında tam aydın görmək mümkündür. Birinci xanımın ölkənin ictimai-siyasi həyatındakı uğurlu fəaliyyəti, dövlətimizin, dövlətçiliyimizin naminə, xalqın rifahı üçün gördüyü işlər, xeyirxah əməllər bu gün Azərbaycan qadınının nə qədər fəal olduğunu təsdiq edir. Bayram münasibətilə qadınlara gül dəstələri həmçinin hədiyyələr təqdim olundu və tədbir çay süfrəsi ilə yekunlaşdı.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları L.Beybutova, A. Turabov, İ. Aslanov, O.Orucov 07 mart 2018-ci il tarixində Quba şəhər Hikmət Hüseynov adina 4 N-li tam orta məktəbində “Tarixi həqiqətlər” adlı vətənpərvərlik mövzusunda şagirdlərlə maarifləndirici söhbətlər aparmışlar. Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xanımsona Quliyeva vətənpərvərlik mövzusunda təşkil olunan tədbirlərin əhəmiyyətindən danışaraq, Kompleksin təşkil etdiyi bu layihənin tədqirəlayiq olduğunu vurğuladı. Kompleksin bələdçisi İslam Aslanov şagirdlərin soyqırımla bağlı maraqlandıqları sualları cavablayaraq, hadisələr haqqında ətraflı məlumat verdi. Bu mövzu ilə əlaqədar məktəbin IX sinif şagirdi Cəfərova Fərqanə, X sinif şagirdi Tural Əliyev daha fəal iştirak etdilər. Tədbirin sonunda Kompleksin əməkdaşları tərəfindən şagirdlərə xüsusi bukletlər təqdim olundu.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” Quba rayon Təhsil şöbəsi ilə birgə keçiriləcək silsilə tədbirlər planına əsasən 06 mart 2018-ci il tarixində Quba şəhər Zaur Cəfərov adına 3 N-li tam orta məktəbində kompleksin əməkdaşları tərəfindən seminar təşkil edilmişdir. Kompleksin əməkdaşları L.Beybutova, A.Ağamirzəyeva, O.Orucov Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi” haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən şagirdlərlə maarifləndirici söhbətlər aparmış və sonda şagirdlərə soyqırımla bağlı xüsusi bukletlər paylanılmışdır.