Quba şəhərində “Soyqirimi Memorial Kompleksi” və Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi ilə birgə keçirdiyi tədbir.

24.04.2018- ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi” və   Quba Mərkəzləşdirilmiş Kitabxanalar Sistemi ilə birgə,   Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar  “Tarixi Həqiqətlər” mövzusunda tədbir təşkil edilmişdir.  İlk öncə tədbir iştirakçıları 1918-ci il soyqırım qurbanlarının xatirəsini əbədiləşdirən abidəni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova qonaqları salamlayaraq  onlara erməni daşnaklarının  Azərbaycan torpaqlarında  törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişdir. Daha sonra Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Saməddin Nəsirov deyilənlərə əlavə olaraq, bəşəriyyətin ən böyük faciələrindən olan 31 mart soyqırımı faktlarını, tarixi həqiqətlərin dünyaya çatdırılması istiqamətində böyük işlər görüldüyünü vurğuladı.  Sonda iştirakçılara soyqırım hadisələrini əks etdirən sənədli filim nümayiş olundu.

Şabran rayon Roman Yusifov adına 2№ li məktəb liseyi Quba şəhərində” Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər

 

   23.04.2018-ci il tarixində Şabran rayon Roman Yusifov adına 2№-li məktəb-liseyin müəllim və şagird heyəti  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində Quba “Soyqırımı Memorial Kompleksi”ndə vətənpərvərlik mövzüsünda tədbir təşkil etmişlər. Məktəblilər ilk öncə çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Kompleksin bələdçisi İslam Aslanov tədbir iştirakçılarına erməni quldur dəstələrinin Azərbaycan torpaqlarında  törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişdir. Daha sonra  giriş sözü ilə çıxış edən məktəbin direktoru Hüseynov Rafiq tədbirin əhəmiyyətindən danışaraq, belə tarixi məzmunlu söhbətlərin aparılmasının gənc nəslin milli şüurunun formalaşmasında, həmçinin xalqımızın tarixi həqiqətlərini dünyaya çatdırılmasında böyük rolu olduğunu qeyd etdi. Tədbirin sonunda  soyqırım hadisələri haqqında  sənədli film nümayiş olundu.

18.04.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edildi.

18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. Hər il olduğu kimi bu ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü, Memorial Kompleksdə qeyd edilmişdir. Kompleksə gələn yerli və əcnəbi ziyarətçilərə soyqırımla bağlı məlumatlardan əlavə müxtəlif  sərgilər nümayiş edilmişdir. Sonda qonaqlara hədiyyə olaraq  kitab və bukletlər təqdim olunmuşdur.

 

09.04.2018-ci il tarixində Quba şəhərində " Soyqırımı Memorial Kompleksi"ndə rəsm sərgisi və şer müsabiqəsinin iştirakçıları mükafatlandırıldı.

28.03.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”ndə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi  və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar keçirilmiş rəsm sərgisi və şer müsabiqəsində iştirak edən şagirdlər, 09.04.2018-ci il tarixində Quba “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyi tərəfindən mükafatlandırıldılar.  Şagirdər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan xatirə abidəni ziyarət etmişlər. Daha sonra Rayon Təhsil şöbəsinin metodisti Mehparə Rüstəmova müəllim və şagirdləri salamlayaraq, belə tarixi məzmunlu tədbirlərin əhəmiyyətindən   bəhs etdi. Sonda Kompleksin direktoru Rəxşəndə Bayramova  istedadlı şagirdlərə diplom, tərifnamələr və hədiyyələr    təqdim  edərək valideynlərə, müəllimlərə öz təşəkkürünü bildirdi və  işlərində uğurlar arzuladı.

 

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinə həsr edilmiş Respublika əhəmiyyətli tədbirin təşkil olunmasında Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin elmi və texniki şöbələrinin işçi kollektivi fəal iştirak etdiklərinə görə Kompleksin direktoru Rəxşəndə Bayramova tərəfindən təşəkkürnamələr təqdim edildi.

FHN işçilərinin Həmkarlar İttifaqı Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə elmi-praktik konfrans keçirmişdir

  06.04.2018- ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən  Nazirliyin qurumlarında fəaliyyət gostərən həmkarlar ittifaqı komitə sədrlərinin bir qrupunun, gənc alim və tədqiqatçıların iştirakı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə ziyarəti təşkil edilmişdir.  Ziyarətçilər ilk növbədə, erməni vəhşiliyinin əyani sübutu olan xatirə abidəsini ziyarət edərək qərənfillər qoymuşlar. Daha sonra Memorial Kompleksinin zalında Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə respublikanın gənc alim və tədqiqatçılarının iştirakı ilə “Azərbaycanlıların soyqırımı – 100 il” mövzusunda elmi-pratik konfrans keçirilmişdir. Konfransın sonunda gənc alim və tədqiqatçılara o cümlədən Kompleksin direktoru Rəxşəndə Bayramovaya elmi işlərindəki nəaliyyətlərə görə mükafatlar təqdim olundu.

“Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində” adlı kitabın təqdimatı keçirildi.

31 mart 2018-ci il tarixdə Azərbaycanlıların soyqırımı gününün 100-cu ildönümü ilə əlaqədar  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Soyqırımın dərsləri” mövzusunda keçirilmiş respublika elmi konfransında AMEA Tarix İnstitutu tərəfindən kitab sərgisi təşkil edilmiş və həmin sərgidə Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın müəllifi olduğu “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində” adlı kitabın təqdimatı keçirilmişdir. Təqdim olunan kitab Azərbaycanın Quba bölgəsinin tarixinin mühüm mərhələsini təşkil edən 1917-1920-ci illər dövrünə həsr edilmişdir.

Əsərdə həmçinin Cümhuriyyət dönəmində Quba qəzasının siyasi, iqtisadi, mədəni vəziyyəti, qəzanın Sovet qoşunları tərəfindən işğalı, bölgədə bolşevik rejiminə qarşı çıxışlar və digər məsələlər öz əksini tapmışdır.

Quba Şəhərində "Soyqırımı Memorial Kompleksi" ndə 31 mart Azərbaycanlıarın Soyqırımının 100-cü il dönümü qeyd edildi

 

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 100 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaratmış, komissiyanın üzə çıxardığı həqiqətlərin xalqın yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün bir sıra tədbirlər görmüşdür. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Yalnız 80 il sonra – 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanmış, 2007-ci ildə Quba şəhərində kütləvi məzarlıq aşkar olunmuşdur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918- ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№ – li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım memorial kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də cənab cənab Prezidentin iştirakı ilə açılışı olmuşdur. Soyqırım muzeyi 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilmiş ilk və yeganə muzeydir. Muzeydə yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər: Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırım barəsində geniş məlumat əldə etmək olar.Bu faktlardan göründüyü kimi, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Hesablamalara görə açılışdan sonra “Soyqırım memorial kompleksi”ni ümumilikdə 200 mindən cox adam, o cümlədən 50-dən artıq ölkənin nümayəndəsi ziyarət etmişdir. Burada ziyarətçilərə 1918-ci ildə xalqımızın başına gətirilən dəhşətlərlə bağlı məlumat verilib. Qeyd olunub ki, həmin dövrdə təkcə Quba qəzasında 16782 nəfər öldürülüb, 150-dən çox kənd yerlə yeksan edilib. Quba şəhərində 259 ev yandırılıb, 1800 nəfər azyaşlı erməni vandalizminin qurbanı olub. Azərbaycanlıların soyqırımı gününün 100-cu ildönümü ilə əlaqədar Quba Soyqırımı Memorial Kompleksinə yürüş keçirilmişdir. Yürüşdədövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları və ölkənin bütün bölgələrindən vətəndaşlar iştirak etmişlər.Quba şəhərinin mərkəzindən başlayan və minlərlə insanın iştirak etdiyi yürüşünün məqsədi 1918-ci il soyqırım qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni terrorçuları tərəfindən insanlığa qarşı törədilmiş bu vəhşi cinayət faktlarını yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Yürüş iştirakçıları Quba soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış Memorial Kompleksə doğru hərəkətə başladılar. Quba kütləvi məzarlığının önünə əklil və tər çiçəklər qoyaraq faciə qurbanlarının xatirəsini ehtiramla yad etdilər. Yürüş mərasimindən sonra Quba Soyqırım Memorial Kompleksində “Soyqırımın dərsləri” mövzusunda respublika elmi konfransı təşkil olunmuşdur. Həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin zalında təşkil olunan “1918-ci ilin mart soyqırımı Belarus fotoqrafı Lev Daşkeviçin gözləri ilə” adlı foto-sərgiyə baxış keçirilmişdir.Quba kütləvi məzarlığına insanların ziyarəti axşam saatlarına kimi davam etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba RİH-nin birgə təşkilatçılığı ilə 28.03.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə

2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və ölkə başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Binəqədi Rayon İcra Hakimiyyəti və Quba RİH-nin birgə təşkilatçılığı ilə 28.03.2018-ci il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Tariximizi öyrənək və öyrədək”adlı tədbir təşkil edilmişdir. Tədbirdə “Diplomatlar” klublarının üzvləri, təcrübəçı tələbələr, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllülərinin təmsilçiləri və yerli fəal gənclər iştirak etmişlər. Bilik Fondunun Ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla, Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Quba “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova çıxış edərək beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorizminin tarixi dəhşətlərindən, 1918-ci ildə ermənilərin törətdiyi soyqırımı faktlarından, 2007-ci ildə şəhər stadionun təmiri zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlığın ermənilərin törətdikləri vəhşiliklərinin əyani sübutu olduğundan söhbət açdılar. Tədbirdə xalqımızın yaşadığı soyqırımları unutmamaq, vətənin haqq səsini dünyaya çatdırılmasında fəallıq göstərilməsi gənclərə tövsiyyə olundu.

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə səfər edən Zərdab, Xocavənd, Hacıqabul, Cəbrayıl, Cəlilabad, Masallı və Biləsuvar rayonlarının məktəbliləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə səfər edən Zərdab, Xocavənd, Hacıqabul, Cəbrayıl, Cəlilabad, Masallı və Biləsuvar rayonlarının məktəbliləri Quba rayonunun görməli yerləri ilə tanış olublar. Səfər çərçivəsində 27-28 mart 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin bələdçiləri aksiya iştirakçılarına erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişlər. Məktəblilərin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprel ayında ərazidə torpaq işləri görülərkən aşkar edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Sonda məktəblilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoymuşlar.