"Əl-Hambra Sarayı"

İspaniyanın cənubunda, Qranada şəhərində yerləşən Əl-Hambra Sarayı islam memarlığının ən möhtəşəm nümunələrindən biri olaraq öz zəngin tarixi, unikal memarlığı və mədəni əhəmiyyəti ilə dünya mədəni irsində əvəzsiz yer tutur. Əl-Hambra adı ərəb dilindən tərcümədə “qırmızı qalay” mənasını verir, çünki saray, əsasən, qırmızı kərpicdən tikilmişdir və bu, sarayın vizual xüsusiyyətlərində əks olunur. Saray XIII – XIV əsrlərdə Nəsri sülaləsinin rəhbərləri tərəfindən inşa edilmiş və Əndəlüs Müsəlman dövlətinin sonuncu mərkəzinin mədəni, dini və siyasi simvolu olmuşdur. Əl-Hambra Sarayının tarixi IX əsrə qədər uzanır. Əvvəlcə sadə bir qala kimi inşa edilən bu yer, zamanla daha geniş bir kompleksə çevrilmişdir. İslam mədəniyyətinin Əndəlüsdəki zirvəsi olan Nasrid sülaləsi dövründə (1238-1492) saray xüsusilə inkişaf etmişdir. Bu dövr ərzində sarayın memarlığı, sənəti və təbiət ilə əlaqəsi yeni səviyyəyə çatmış, təsirli və incə naxışlarla bəzədilmiş mənzərəli bağlar, geniş həyətlər və yüksəksəviyyəli memarlıq nümunələri ilə tanınmışdır. Qranada şəhərinin ətrafında yerləşən bu monumental kompleksin əsas məqsədi həm qala, həm də hökmdar ailəsinin iqamətgahı olaraq fəaliyyət göstərmək idi. Əl-Hambra həmçinin bir müdafiə qalası və strateji bir yer olaraq inşa edilmişdir. Qalaların və sarayın içərisindəki müxtəlif bölmələr, Əndəlüs mədəniyyətinin ən yüksək dövrünün simvolu olmuş və gələcək nəsillər üçün bir mədəniyyət mirası yaratmışdır.
Saray kompleksinin əsas hissəsi üç bölümə ayrılır: Alcazaba qalası, kral iqamətgahı və Generalife bağları. Alcazaba, sarayın ən qədim hissəsi olub hərbi məqsədlərlə inşa edilib. Bu qala, Qranadadakı bütün ərazini nəzarətdə saxlamaq və müdafiə etmək məqsədini daşıyırdı.
Kral iqamətgahı isə Nəsri sülaləsinin hökmdarlarının yaşadığı əsas saraydır və burada ən yüksəksəviyyəli memarlıq nümunələri qorunub saxlanmışdır. Sarayın ən möhtəşəm hissəsi isə Generalife adlanır. Bu, sultanların istirahət yeri olub və onun möhtəşəm bağları, fəvvarələri və su kanalları ilə məşhurdur. Generalife bağları həmçinin “Şəfəq hovuzu” kimi müxtəlif su mənbələri ilə zəngin olub. Bu, ərazinin həm gözəl, həm də simvolik əhəmiyyətini göstərir.
Əl-hambra sarayının daxili tərtibatı qeyri-adi dərəcədə zəngindir. Onun divarları və tağları möhtəşəm həndəsi naxışlarla bəzədilmiş, ərəb kalqrafiyası və oyma işləri ilə zənginləşdirilmişdir. Sarayın Aslanlar həyəti xüsusilə məşhurdur. Burada 12 mərmər aslan fiqurundan ibarət fəvvarə yerləşir və bu, suyun həyatın təzələyici gücünü simvolizə edir. Lövhə zalı isə özünəməxsus dizaynı ilə diqqət çəkir, burada Qurandan ayələr həkk olunub və müxtəlif həsir və naxışlar işlənib. Sarayın memarlığı, həmçinin zəngin su təchizatı sisteminə malikdir. Sarayın bütün sahələrində fəvvarələr, hovuzlar və su kanalları müxtəlif naxışlar və ornamentlərlə bəzədilmişdir.
1492-ci ildə Qranadanı fəth etdikdən sonra Əl-hambra İspaniyanın Kralı Ferdinand və Kraliçası İzabellanın iqamətgahı oldu. Bu dövrdə bir neçə dəyişiklik edilsə də, sarayın əsas memarlığı saxlanıldı. Sonraki illərdə kral V Karlosun dövründə sarayın daxilində yeni bir Avropa üslubunda saray tikilsə də, bu dəyişikliklər əsasən sarayın xarici hissələrində müşahidə edildi və Əlhambra, orijinal İslam memarlığının bütün xüsusiyyətlərini qorudu.
XIX əsrdə sarayın bərpasına başlandı və o, yenidən bir mədəniyyət mərkəzinə çevrildi. 1984-cü ildə Əlhambra sarayı UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilib. Saray dünyanın ən çox ziyarət edilən və ən yaxşı qorunan tarixi abidələrindən biridir. Hər il milyonlarla turist bu möhtəşəm sarayı ziyarət edir və Əndəlüs İslam memarlığının zirvəsini görmək imkanı əldə edirlər. Əl-hambra yalnız memarlıq baxımından deyil, həm də tarixi və mədəni əhəmiyyətinə görə xüsusi bir yerə malikdir. Bu saray keçmişin, mədəniyyətin və sənətin birləşdiyi möhtəşəm bir abidə olaraq tarixdə öz mövqeyini qorumağa davam edir.

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar ağacəkmə kampaniyası keçirilib.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Yaşıl dünyaya töhfə vermək məqsədilə növbəti ağacəkmə kampaniyası həyata keçirilib. Kampaniya çərçivəsində Kompleks əməkdaşları tərəfindən iqlimə uyğun 20-yə yaxın ağac əkilib.

31 Mart Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində Kompleks tərəfindən hazırlanmış 1918-ci il azərbaycanlıların soyqırımını özündə əks etdirən video-çarx Bakı Metropolitenin 27 metro stansiyasında, Azərbaycan Dövlət Reklam Agentliyinin Bakı şəhərində və Respublikanın müxtəlif bölgələrində yerləşdirilən monitorlarında, eləcə də Bakı Nəqliyyat Agentliyində, "28 Mall", "Gənclik Mall", "Metropark" ticarət mərkəzlərində, eləcə də regionda yerləşən hotellərdə quraşdırılan monitorlarında nümayiş olunmuşdur.

31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə bağlı anım tədbiri

2007-ci ilin aprel ayında Quba şəhər stadionunda təmir-qazıntı işləri aparılarkən aşkar edilmiş kütləvi məzarlıqdakı insan qalıqlarının 1918-ci ildə erməni daşnak-quldur dəstələri tərəfindən soyqırıma məruz qalmış yerli dinc əhaliyə aid olduğu müəyyən edilmişdir. Bundan bir qədər sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncamına əsasən, 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmişdir. 2013-cü il sentyabr ayının 18-də Prezident İlham Əliyevin iştirakı ilə açılmış Soyqırımı Memorial Kompleksini ötən 12 il ərzində 200 mindən çox xarici ziyarətçi olmaqla 1 milyondan çox insan ziyarət etmişdir. Soyqırımı Memorial Kompleksi dövlətimizdə erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir. Kompleksin əsas missiyası erməni qəddarlığını olduğu kimi bəyan etmək və Azərbaycan həqiqətlərini həm yerli, həm də beynəlxalq səviyyədə təbliğ etməkdir.
31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi xanım Səbinə Hacıyeva, Quba Rayon İcra hakimiyyətinin başçısı cənab İlqar Mahmudov, yerli idarə-müəssisə rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etmişlər.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edərək abidənin önünə gül-çiçək dəstələri düzmüşlər. Daha sonra tədbir iştirakçıları Kompleksin ərazisində yerləşən xatirə abidəsini ziyarət etmişlər.
Kompleksin muzey hissəsi ilə tanış olan tədbir iştirakçıları əməkdar rəssam Adil Şıxəliyevin müşaiyəti ilə rəssamın 1918-ci il azərbaycanlıların soyqırımlarına həsr olunmuş əsərlərindən ibarət “Mələklərin Fəryadı” adlı qobelen sərgisi ilə tanış olmuşlar, həmçinin sərgiyə gələnlərə Quba Rayon İcra Hakimiyyəti tərəfindən sərgi ilə əlaqədar hazırlanmış kitabçalar təqdim edilmişdir.
Tədbir iştirakçıları həmçinin Kompleks əməkdaşlarının ötən il ərzində əldə etdikləri uğur və nəticələri özündə əks etdirən sertifikat və diplomlarla da tanış olmuşlar.
Axşam saatlarınadək davam edən anım tədbirinə mərkəzi və yerli İcra Hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbər və əməkdaşları, media nümayəndələri, tələbə və gənclər, eləcə də onminlərlə insan qatılmışdır.
Xatırladaq ki, adı qeyd olunan sərgi 2 ay müddətində Soyqırımı Memorial Kompleksində nümayiş olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin, Quba Rayon İcra Hakimiyyətinin, Soyqırımı Memorial Kompleksinin və Qafqaz Müsəlmanları İdarəsinin Quba və Qusar rayonları üzrə qazılığının birgə təşəbbüsü ilə din xadimlərin və dini icmaların nümayəndələrinin Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nə ziyarəti təşkil olunub.

Soyqırımına məruz qalmış həmvətənlərimizin əziz xatirəsi anılaraq, din xadimləri tərəfindən dualar oxunduqdan sonra ziyarətçilərə ətraflı məlumat verilib.
Daha sonra Soyqırımı Memorial Kompleksində əməkdar rəssam Adil Şıxəliyevin əsərlərindən ibarət, soyqırımın dərin təsirini əks etdirən “Mələklərin fəryadı” adlı sərgisi ilə tanış olunmuş, sərgidə nümayış olunan əsərlər haqqında məlumat verilmişdir.

Quba şəhərində Soyqırımı Memorial Kompleksi, Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımın 107-ci ildönümü ilə əlaqədar olaraq tədbir keçirilib. Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra azərbaycanlılara qarşı törədilmiş soyqırımları özündə əks etdirən video nümayiş olunub.

Çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva XX əsrin əvvəllərində tarixi azərbaycan torpaqlarında erməni daşnakları tərəfindən baş vermiş soyqırımı, etnik təmizləmə siyasəti haqqında məlumat verərək bildirmişdir ki, soyqırımı təkcə bir millətə qarşı olan cinayət deyil, bəşəri bir cinayətdir. Daha sonra çıxış edən Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli bu kimi tədbirlərin əhəmiyyətli olduğunu vurğulayaraq 44 günlük Vətən Müharibəsində Azərbaycanın dünyaya səs saldığını qeyd etdi. Daha sonra çıxış edənlər mövzu ətrafında fikirlərini qeyd ediblər.
Qeyd edək ki, tədbirdə Milli QHT Forumunun nümayəndələri, şəhid ailələri və Kompleks əməkdaşları iştirak ediblər.