Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Quba rayon Komitələrinin və Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 107-ci ildönümü ilə əlaqədar olaraq tədbir təşkil olunub.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanlılara qarşı törədilən soyqırımları özündə əks etdirən sənədli film nümayiş olundu. Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutovanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, eləcə də kompleksin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Çıxış edən natiqlər – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Quba rayon Komitələrinin sədrləri Qərib Umudov, Məhərrəm Hacıyev, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, əməkdar jurnalist Azər Həsrət və Kompleksin direktor müavini Mehriban Əliyeva Soyqırımı Memorial Kompleksinin erməni vandalizmini dünya ictimaiyyətinə təbliğ olunmasında xüsusi rol oynadığını qeyd edərək bildirdilər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açıldı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.

"Kəlbəcər döyüşü"

I Qarabağ müharibəsinin sonlarında 1993-cü il martın 27-də Erməni hərbi qüvvələri Ermənistanla Qarabağ arasında yerləşən strateji əhəmiyyətli region olan Kəlbəcər şəhərinə hücum əməliyyatı başlatmış və çoxlu sayda müharibə cinayəti törətmişlər. 1993-cü ilin aprelində Kəlbəcəri müdafiə edən Azərbaycan birləşmələrinin məhdud sayda olması, əsgərlərin yaralanması və hərbi texnika çatışmazlığı səbəbindən döyüş əməliyyatları uğursuz olmuşdur. Ermənilər dörd istiqamətdən həmçinin artıq ələ keçirilən Laçın dəhlizindən hücuma keçərək əraziyə nəzarəti bərqərar etmişlər. Martın 29-da erməni quldur dəstələri Kəlbəcər müdafiəçilərinin təchizat yollarını bağlayaraq bir neçə əsas yüksəkliyi, eləcə də ən yüksək zirvəsini– strateji Murovdağı ələ keçirdilər.
Aprelin 1-dən 2-nə keçən gecə minlərlə dinc sakin sərt hava şəraitinin olmasına baxmayaraq dağ keçidlərindən keçərək evlərini tərk etməyə məcbur olmuşlar. Ermənilərin Kəlbəcərdəki qəddarlığı mülki əhalini evlərindən zorla çıxarmaq, dinc sakinləri öldürmək və girov götürmək də daxil olmaqla, çoxsaylı müharibə cinayətləri ilə nəticələnmişdir. Beləliklə, aprelin 3-də erməni qoşunları Kəlbəcər şəhəri və rayonun bütün ərazisi üzərində nəzarəti bərqərar etdilər.
Kəlbəcərin alınması kəskin beynəlxalq reaksiyaya səbəb oldu. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. Bununla belə, Kəlbəcər rayonunun işğalı 2020-ci ilin noyabrına qədər, II Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziyə nəzarəti bərpa edənədək davam etdi.
Kəlbəcər döyüşü I Qarabağ müharibəsinin əsas epizodlarından biri oldu və münaqişənin sonrakı gedişatına təsir etdi. Tarixin bu faciəli səhifəsi Azərbaycanın başına gətirilən ağır sınaqların simvoluna çevrilərək minlərlə insanın yaddaşında dərin iz buraxdı.

1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırımların 107-ci ildönümü ilə əlaqədar olaraq Quba şəhərində "Soyqırımı Memorial Kompleksi" və Quba Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Erməni vəhşiliyi-Quba soyqırımı” adlı anım tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirov açaraq qeyd edib ki, 1918-ci ildə Quba və digər qəzalarda azərbaycanlılara qarşı erməni daşnak dəstələrinin törətdiyi qətliamlar xalqımızın yaddaşında silinməz iz buraxıb. Tarixi həqiqətlərin unudulmamasının vacibliyini qeyd edən natiq bu cür tədbirlərin gələcək nəsillərə soyqırımı həqiqətlərinin çatdırılması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Daha sonra çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva Quba məzarlığında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan kütləvi məzarlıq barədə ətraflı məlumat verib. O qeyd edib ki, burada tapılan insan qalıqları 1918-ci ildə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla qətlə yetirilmiş günahsız insanların faciəsini bir daha sübut edir. Mehriban Əliyeva vurğulayıb ki, bu cür soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılması və tarixi həqiqətlərin təbliği Azərbaycan üçün mühüm vəzifələrdən biridir.
Anım tədbirinə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan müəssisələrin, Quba Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrinin və fəal oxucuların iştirakı ilə ümumilikdə 40-a yaxın şəxs qatılıb.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşları ətraf mühitin mühafizəsi və təmizliyin təşkili məqsədilə iməclik kampaniyası təşkil ediblər. Martın 17-də keçirilən kampaniya Quba rayonunun Digah kəndində, yerli müqavimət hərəkatının baş verdiyi Qanlı Dərə ərazisində təşkil olunub. Kampaniya çərçivəsində ərazi tullantılardan təmizlənərək kənarlaşdırılıb. Cari ildə Kompleks əməkdaşları tərəfindən bu kimi kampaniyaların mütəmadi keçirilməsi planlaşdırılır.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Quba şəhərində 17.03.2025-ci il tarixində "Soyqırımı Memorial Kompleksi"nin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quba Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlılara qarşı soyqırımların 107-ci ildönümü ilə əlaqədar və Yaşıl dünyaya töhfə vermək məqsədilə ağacəkmə kampaniyası həyata keçirib.

Tədbir 17 mart 2025-ci il tarixində Quba rayonunun Xucbala kəndi ərazisində təşkil olunub.
Kampaniya çərçivəsində Kompleks əməkdaşları tərəfindən iqlimə uyğun 200 şam ağacı əkilib.
Xatırladaq ki, Soyqırımı Memorial Kompleksi tərəfindən onlayn ağacəkmə kampaniyası da keçirilməkdədir. Kampaniyaya qoşulmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü ilə 07-12 mart 2025-ci il tarixlərində "Tarixi həqiqətləri unutmayaq" mövzusunda silsilə vebinarlar təşkil edilib. Layihənin məqsədi 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin şahid ifadələri əsasında araşdırılması və tarixi faktların ictimaiyyətə çatdırılmasıdır.

Üç hissədən ibarət vebinarların hər birində Quba, Şamaxı, Bakı, Qarabağ, Cavad, Lənkəran və Zəngəzur qəzalarında baş vermiş soyqırımı hadisələri müzakirə edilib. Britaniya jurnalistlərinin qeydləri və Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında aparılan elmi təhlillər təqdim olunub.
Silsilə keçirilən vebinarlarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 100-ə yaxın əməkdaşı iştirak edib.

Soyqırımı Memorial Kompleksinin təşəbbüsü ilə silsilə olaraq keçirilən “Tarixi həqiqətləri unutmayaq” adlı vebinarın növbəti hissəsi təşkil olunub. Vebinarda “Pir Hüseyn Xanəgahı” Tarix - Memarlıq Qoruğu və Soyqırımı Memorial Kompleksinin əməkdaşları arxiv sənədlərinə əsasən hazırladıqları məqalələrlə çıxış ediblər.

Məruzəçilər Lətafət Beybutova “1918-ci il soyqırımı hadisələri Bakı qəzasının şahid ifadələrində – Fövqəladə Təhqiqat Komissiyasının sənədləri əsasında”, Naibə Məmmədova “”1918-ci il soyqırımı zamanı Pir-Hüseyn Xanəgahına dəymiş ziyan”, Səriyyə Abidova ” Qubada 1918-ci il soyqırımına şahid olan etnik qrupların ifadələri”, Orxan Hüseynov “1918-ci il soyqırımı zamanı Bakı qoçularının vətənpərvər dəstələrinin erməni silahlı birləşmələrinə qarşı mübarizəsi” mövzularında çıxış ediblər.
Vebinar çərçivəsində erməni silahlı birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri qırğınlar, bu hadisələrin şahid ifadələri və tarixi sənədlərlə təsdiqlənmiş faktları müzakirə olunub. Məruzəçilər Fövqəladə Təhqiqat Komissiyasının sənədləri, şahid ifadələri və arxiv materialları əsasında faktları elmi şəkildə analiz edərək Azərbaycan tarixinin bu acı səhifəsinin daha dərindən öyrənilməsi üçün yeni yanaşmalar ortaya qoyublar.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 30-a yaxın əməkdaşı iştirak etmişdir.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü ilə "1918-ci il Azərbaycanlılara qarşı soyqırımı hadisələri şahid ifadələrində " adlı layihə həyata keçirilir. Layihə çərçivəsində Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları tərəfindən aparılan tədqiqatlar nəticəsində elmi məqalələr hazırlanıb və bu mövzular əsasında 07-12 mart 2025-ci il tarixlərində Zoom platforması üzərindən “Tarixi həqiqətləri unutmayaq” adlı silsilə vebinarlar təşkil edilib.

Layihənin əsas məqsədi Azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinin şahid ifadələri əsasında araşdırılması, tarixi faktların öyrənilməsi və ictimaiyyətə çatdırılmasıdır. Elmi tədqiqatlar əsasında aparılan çıxışlar zamanı Kompleksin əməkdaşları Quba, Şamaxı, Bakı və Qarabağ bölgələrində 1918-ci ildə baş vermiş hadisələri şahid ifadələri əsasında təhlil edib və yeni tarixi məlumatlar təqdim ediblər.
Silsilə vebinarların ilk hissəsi 07 mart 2025-ci il tarixində baş tutub. Soyqırımı Memorial Kompleksinin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə təşkil olunan birinci vebinarda Məruzəçilər Mehriban Əliyeva (“Quba qəzasında 1918-ci il soyqırımı hadisələri şahid ifadələrində”, Ülkər Zeynalova “Şamaxı qəzasında 1918-ci il soyqırımı hadisələri şahid ifadələrində” və Nurcan Allahverdiyeva “1918-ci il soyqırımı Bakı şəhəri və Bakı kəndlərinin sakinlərinin şahid ifadələrində” mövzularında çıxışlar ediblər. Çıxışlarda Quba, Şamaxı və Bakı qəzasında erməni silahlı birləşmələrinin törətdiyi qırğınlar, həmin dövrdə baş vermis hadisələrə şahid olmuş insanların ifadələri və bu ifadələrin tarixi əhəmiyyəti barədə məlumatlar verilib.
Vebinarda Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində olan qoruqların 40-a yaxın əməkdaşı iştirak etmişdir.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 33-cü ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər.

Dövlətimizin başçısı Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.

Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoyub, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

X X X

Xocalı soyqırımından 33 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi.

Uzun illərdir ki, Azərbaycan dövləti Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.

Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirib və bu istiqamətdə ardıcıl addımlar atılır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırıb. Faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub.

Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub, Xocalı şəhəri separatçılardan təmizlənib. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində 2024-cü ilin mayında Xocalıya ilk köç baş tutub.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan xalqına qarşı törədilmiş soyqırımının beynəlxalq səviyyədə tanıdılması və Xocalı faciəsi qurbanlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” 2025-ci il fevralın 25-də Sərəncam imzalayıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı

26 fevral 2025-ci il tarixində Xocalı Soyqırımının 33-cü ildönümü ilə əlaqədar olaraq “İnsan hüquqlarının pozulduğu gün: Xocalı Soyqırımı” adlı hibrid formatda tədbir təşkil olunub. İlk olaraq Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anıldı.Tədbiri giriş sözü ilə açan Soyqırımı Memorial Kompleksinin direktoru Rəxşəndə Bayramova Xocalı soyqırımının tarixi əhəmiyyətindən və insan hüquqlarının pozulması baxımından beynəlxalq hüquq müstəvisində dəyərləndirilməsinin vacibliyindən danışıb. O bildirib ki, Xocalı hadisəsi təkcə Azərbaycanın deyil, ümumilikdə bəşəriyyətin faciəsidir və bu cinayəti törədənlər ədalət qarşısında cavab verməlidir. Rəxşəndə Bayramova həmçinin Kompleksin həyata keçirdiyi maarifləndirmə tədbirləri haqqında məlumat verib və bu faciənin unudulmaması üçün beynəlxalq miqyasda təbliğat işlərinin gücləndirilməsinin önəmini vurğulayıb. Daha sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü İradə Əlili qeyd edib ki, Xocalı faciəsi təkcə bir gecədə baş verən hadisə kimi deyil, uzunmüddətli siyasi və hərbi təcavüzün tərkib hissəsidir. O, faciə zamanı baş verən dəhşətli qırğınları tarixi faktlarla izah edərək, bunun sadəcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı planlaşdırılmış soyqırımı aktı olduğunu bildirib. İradə Əlili həmçinin Azərbaycanın tarixi ərazilərində baş verən soyqırımlar haqqında yazılmış ədəbi və elmi əsərlərin bu faciələrin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynadığını qeyd edib.Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Hüquq, İnsan Resursları və Sənədlərlə İş Şöbəsinin müdiri Fuad Məmmədov Xocalı soyqırımının hüquqi aspektlərini təhlil edərək bu hadisənin beynəlxalq hüquq baxımından soyqırımı aktı kimi qiymətləndirilməsinin vacibliyini qeyd edib. O, Xocalı faciəsinin beynəlxalq səviyyədə tanıdılması üçün Azərbaycan dövlətinin gördüyü işlərdən danışıb və müxtəlif ölkələrin parlamentləri tərəfindən Xocalı soyqırımının tanınmasının bu istiqamətdə mühüm addım olduğunu bildirib.Qeyd edək ki, tədbirdə 85-ə yaxın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan qoruq rəhbərləri və əməkdaşları iştirak edib.