

O, həmin ildə baş vermiş hadisələr barədə xatirələrində deyir: “Amazasp Qubaya hücum edəndə kəndimizə kəhər at belində bir nəfər gəldi. Camaatı yığıb, özünün Əlibəy olduğunu bildirdi və xahiş etdi ki, əli silah tutan kim varsa döyüşə hazırlaşsın. Müsəlmanları qırmaq üçün Qubaya gələn ermənilərin qarşısını almaq lazımdır. Sonra o, başqa kəndlərə getdi.”
Bu çağırışdan sonra Hacıbaba Babayev Hil kəndindən Məhəmməd Hacıyev və Gülməhəmməd Mürşüdovun başçılığı ilə yaradılan 200-dən çox silahlı dəstəyə qoşularaq erməni daşnaklarına qarşı mübarizə aparmışdır. O, Kuzunlu Möhübəli əfəndi, Cağarlı polkovnik Hatəm ağa və Əlibəy Zizikski, eləcə də Dağıstandan Əbdürrəhim əfəndinin dəstələri ilə birgə Digah kəndi yaxınlığında “Qanlı dərə” adlanan ərazidə gedən qızğın döyüşlərdə erməni daşnak hərbi qüvvələrini darmadağın etmişlər.

Dindirmə protokolu 1918-ci il, 9 oktyabr Bakı şəhəri
Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 205-32 №-li evində yaşayıram. Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyovların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər silahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu yeşiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıtmağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən ortaboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu zabiti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanıya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstədəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadığı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstərməli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar. Oxundu. İmza. Polkovnik Olonqren. Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14. Solmaz Rüstəmova-Tohidi – Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə səh.250 https://soyqirim.az/books
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiyası kafedrasının müəllimi, arxeoloq Laçın Mustafayevin “Qədim Şabran: Orta əsrlərin şəhər mədəniyyəti arxeoloji tapıntılar kontekstində” adlı ustad dərsi təşkil olunmuşdur.
İlk olaraq torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Dr.Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq 1918-ci il hadisələri, Kompleksin fəaliyyəti barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən“Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva muzeylər arasında sıx əməkdaşlığın əhəmiyyətli rol oynadığını bildirmiş, ölkə başçısı İlham Əliyevin 22 oktyabr 2019-cu il sərəncamı ilə “Çıraqqala” və “Şabran” qoruqları birləşdirilərək “Çıraqqala-Şabran” dövlət tarix-mədəniyyət qoruğu yaradıldığını qeyd etmişdir. Şabran şəhərinin qalıqları arasından aşkar edilmiş maddi-mədəniyyət nümunələri, dəmir və dulusçuluq məhsullarından ibarət sərgiyə istinad edən arxeoloq Laçın Mustafayev Alban mədəniyyəti, şəhərsalma mədəniyyəti haqqında ətraflı çıxış edərək bildirmişdir ki, “Çıraqqala-Şabran” qoruğu 7 tarixi abidəni özündə birləşdirir. Onlardan üçü dünya əhəmiyyətlidir. Natiq vurğulamışdır ki, hər bir xalqın tarixi yaratdığı sənətkarlıq nümunələrində də öz təsdiqini tapır. Daş dövründən bu günə kimi bir-birini əvəz etmiş ictimai-iqtisadi formasiyalarda xalq sənətkarlığı nümunələri də inkişaf yolu keçib. Sadə əl əməyinə əsaslanan əşyalar, məişət avadanlıqları sonralar həmin dövrlərdən xəbər verən maddi-mədəniyyət nümunələrinə çevriliblər. Belə sənətkarlıq nümunələrindən sayılan dulusçuluq Azərbaycanda ən qədim istehsal sahələrindən biri sayılmaqla, öz əhəmiyyətini nəinki qoruyub saxlayıb, hətta bəşər mədəniyyəti inciləri sırasına qəbul edilib. Aparılan arxeoloji tədqiqatlar təsdiqləyib ki, dulusçuluq neolit dövrünün yadigarıdır. Təşkil olunmuş ustad dərsində 50-yə yaxın regionun tarixlə əlaqəli müəssisələrinin əməkdaşı, tələbə və gənclər, mədəniyyət işçiləri iştirak edib.
Qeyd edək ki, avqust ayının 1-dən etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksinin muzey hissəsində “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğuna aid sərgi nümayiş olunmaqdadır.


Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Ulu Öndər həmin fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.



