Şabran Tarix-Diyarşünaslıq Muzeyi və Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşkilatçılığı ilə Zəfər Günü münasibətilə “Şanlı tariximizin şanlı səhifəsi” mövzusunda geniş müzakirəyə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əhəmiyyətini vurğulamaq və Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan qəhrəmanları yad etməkdir.

Giriş sözü ilə çıxış edən Şabran Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Bəsti Məmmədova Vətən müharibəsi zamanı əldə edilən qələbənin, Azərbaycanın yeni tarixində önəmli dönüş nöqtəsi olduğunu qeyd edib. O, Zəfər Gününün xalqımızın milli qüruru və iradəsinin simvolu kimi əbədiləşəcəyini vurğulayıb. Məmmədova həmçinin bu qələbənin gələcək nəsillərə qəhrəmanlıq və vətənpərvərlik örnəyi olduğunu bildirib.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva çıxışında Vətən müharibəsinin ədalətli olduğunu, ölkəmizin tarixi ədaləti bərpa etdiyini vurğulayıb. O, 44 günlük müharibə nəticəsində Azərbaycanın beynəlxalq arenada qazandığı siyasi və strateji üstünlüklərdən bəhs edib. Mehriban Əliyeva həmçinin vurğulayıb ki, Zəfər Günü şəhidlərin xatirəsini anmaqla yanaşı, ölkəmizin güclü orduya sahib olmasının bariz göstəricisidir.
Heydər Əliyev Mərkəzinin direktoru Təvəkkül Əliyev isə öz çıxışında Zəfər Gününün həm daxili həm də beynəlxalq arenada Azərbaycanın mövqeyini necə gücləndirdiyini və Qarabağın işğaldan azad edilməsi ilə ölkəmizin regionda sülh və sabitliyi təmin edən əsas qüvvəyə çevrildiyini vurğulayıb. O, qələbənin hərbi-siyasi nəticələrindən və Azərbaycanın güclü liderliyi ilə bu qələbənin qazanıldığını qeyd edib.
Tədbirdə şəhid ailələri də çıxış edərək öz övladlarının Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan danışıb və onların fədakarlığının xalqımız üçün daim unudulmaz olduğunu bildiriblər.
Tədbirin sonunda isə “Mədəni İrsimiz: Dünən və Bu Gün” layihəsi çərçivəsində Qarabağda işğal zamanı dağıdılmış və Vətən müharibəsindən sonra yenidən bərpa edilən abidələrə həsr olunmuş sərgi nümayiş etdirilib. Burada Qarabağın tarixi irsinin bərpası, yenidənqurma işləri, Azərbaycanın mədəni irsinin qorunub saxlanmasının əhəmiyyəti vurğulanıb.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin təşəbbüsü, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə ümumtəhsil məktəblərində təşkil olunan Qarabağ bölgəsinin işğaldan azad olunmuş ərazilərindəki abidələrin keçmişi və bugünkü vəziyyəti ilə bağlı fotoşəkillərin nümayiş olunmasına start verilir.

Kompleksin bələdçiləri tərəfindən həmin abidələr haqqında ətraflı məlumat ( 15-20 dəqiqə) verilib. 8 Noyab Zəfər Günü ərəfəsində keçirilən sərginin məqsədi mədəni irsimizin qorunması, Vətən müharibəsi sonrası Qarabağın yenidənqurma prosesinə gənclərin diqqətinin cəlb edilməsi, gənc nəsildə milli ruhun yüksəldilməsi və onların tarixi həqiqətlərlə tanış olmalarına vəsilə olmaqdır. Qeyd edək ki, ümumtəhsil məktəblərində təşkil olunan sərgi Zəfər Gününə qədər davam edəcək.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Quba Regional Mərkəzi, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Nardaran Tarix Mədəniyyət Qoruğu, və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Korrupsiyaya yox deyək” mövzusunda vebinar keçirilmişdir.

Maarifləndirlmə məqsədilə təşkil olunmuş vebinarda Ombudsmanın Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev iştirakçıları salamladıqdan sonra mövzu ilə bağlı çıxış etmişdir. O, çıxışında korrupsiya cəmiyyətin hər bir sahəsində inkişafa mane olan əsas faktorlardan biri olması, iqtisadi və sosial tərəqqiyə ciddi təhlükə yaratması və bu təhlükənin insanların hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarmasını bildirmişdir.
Daha sonra çıxış edən Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova, Nardaran Tarix Mədəniyyət Qoruğunun direktoru Ələmdar Qasımov və Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva Korrupsiyanın mövcud olması milli və ümumbəşəri dəyərlərə xələl gətirməklə yanaşı, demokratik və hüquqi dövlət strukturuna zərbə vurduğunu, Korrupsiya hallarının dürüstlük, ədalət dəyərlərinə zidd olması və zamanla sosial inamın azaldığını bildirmişlər.
Sonda yaranmış suallar ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı sosial layihə çərçivəsində 25 oktyabr 2024-cü il tarixdə Quba-Bakı magistral avtomobil yolunun Quba rayonunun ərazisindən keçən hissəsinin kənarında növbəti ağacəkmə aksiyası keçirilmişdir.

Aksiyada Soyqırımı Kompleksinin əməkdaşları yerli iqlim şəraitinə uyğun  ağac tingləri əkmişlər. Qeyd edək ki, növbəti günlərdə də ağacəkmə aksiyalarının keçirilməsi nəzərdə tutulur.

Qoruq əməkdaşları üçün "Multikultural dəyərlərin qorunması və təbliği mövzusunda treninq təşkil olunub.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr çərçivəsində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, 7-11 oktyabr tarixlərində adı qeyd olunan qoruq əməkdaşları üçün onlayn qaydada treninq təşkil etmişdir. Treninq çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, BBMM-in İnformasiya təminatı və sənədlərlə iş şöbəsinin müdiri Yadigar Məmmədli, Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Azərbaycan Tarix Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Əli Fərhadov, Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasını müəllimi Leyla Hacıyeva, Mərkəzin baş məsləhətçisi Araz Qurbanov, aparıcı məsləhətçi Billurə Aslanova, məsləhətçi Tahirə Ələsgərova mühazirə oxuyublar. İştirakçılara “Azərbaycan multikulturalizmi fənninin predimeti və əhəmiyyəti”, “Dünya ölkələrində multikulturalizm modelləri”, “Azərbaycanın ictimai-fəlsəfi fikir tarixində tolerantlıq və multikulturalizm ideyaları”, “Çoxkonfessiyalıq və Azərbaycan Respublikasının multikulturalizm siyasəti”, “Azərbaycançılıq və multikulturalizm”, “Müasir dövrdə Azərbaycanda multikulturalizm” və digər mövzularda mühazirələr təqdim edilib.
Treninq zamanı geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, keçirilən treninqdə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” nin direktor müavini Mehriban Əliyeva, Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin əməkdaşları Lətafət Beybutova, Abutalib Turabov, Ülkər Zeynalova, Emin Ulubəyov, Səriyyə Abidova, Orxan Hüseynov, Namiq Bağırlı, Nazilə Məmmədova, Xəyal Nuhbalayev, Nurcan Allahverdiyeva və İslam Aslanov iştirak ediblər.

Quba rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq 18 oktyabr 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba-Xaçmaz magistral avtomobil yolunun Quba rayonunun ərazisindən keçən hissəsinin kənarında ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentnin Administrasiyasının məsul əməkdaşı, Rayon İcra Hakimiyyətinin kollektivi, YAP Quba rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri, könüllülər, gənclər və tələbələr iştirak etmişdir.
Aksiyasında gün ərzində yerli iqlim şəraitinə uyğun 8 mindən çox ağac tingləri əkilmiş, aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparmış, yol kənarlarını alaq otlarından, daşlardan təmizləmiş, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstərmişlər.
 

Ege Universiteti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Qobustan Milli Tarix-Bədii Qoruğu, Lənkəran Regional Elmi Mərkəzi, Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı və Azərbaycan Dövlət Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə 17 oktyabr tarixində Beynəlxalq Türkiyə-Rusiya Əlaqələri Simpoziumu başlayıb . Bu elmi tədbir iki ölkə arasındakı strateji tərəfdaşlıq və dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır. Qeyd edək ki, simpozium 3 gün davam edəcək.

Simpoziumda Türkiyə və Azərbaycanın akademik dairələrinin tanınmış alim və tədqiqatçıları iştirak edərək tarixi, siyasi, iqtisadi və mədəni əlaqələrə dair aktual mövzular üzrə məruzələrlə çıxış ediblər.

Simpoziumun açılış mərasimində çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq təşkil olunan simpoziumun əhəmiyyəti, Türkiyə-Rusiya əlaqələrinin tarixi fonunda regional təhlükəsizlik, enerji əməkdaşlığı və iqtisadi inkişaf məsələləri haqqında söz açmışdır. Azərbaycan və Türkiyə arasında dərin tarixi köklərə dayanan dostluq və qardaşlıq münasibətlərindən bəhs edən tarixçi-alim bu münasibətlərin xüsusilə də iki ölkə arasında tarixi ədalətin bərpası və birgə keçmişimizin qorunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Dr. Bayramova həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” kimi tarixi abidələrin hər iki xalqın yaddaşında xüsusi yer tutduğunu və bu kimi simpoziumların tarixi faktların geniş ictimaiyyətə çatdırılması baxımından mühüm olduğunu qeyd edib.

Simpoziumda həmçinin iki ölkənin strateji tərəfdaşlığı, mədəni mübadilələr və ortaq elmi tədqiqatların gələcək perspektivləri də ön plana çəkilib.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr. Rəxşəndə Bayramova Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş IX YOCOCU (Mədəni İrsin Konservasiyasında Gənclər) konfransında iştirak edib.

“Azərbaycanın ilk yaddaş məkanı – Quba şəhərində”Soyqırımı Memorial Kompleksi” adlı məqalə ilə çıxış edən tarixçi-alim Soyqırımı Memorial Kompleksinin fəaliyyəti barəsində, eləcə də Azərbaycan tarixində baş vermiş soyqırımların qorunub saxlanılması istiqamətindəki əhəmiyyətindən bəhs edib. O, həmçinin kompleksin yaradılmasının səbəbləri və onun dünya ictimaiyyətinə çatdırılması zərurəti haqqında danışıb.
Qeyd edək ki, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” 1918-ci ildə Azərbaycanlılara qarşı törədilmiş soyqırımları əbədiləşdirən ilk memorial məkandır və onun yaradılması Azərbaycan üçün mühüm tarixi bir addım kimi qiymətləndirilir.

15 oktyabrda başlayan konfrans üç gün boyunca davam edib.

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin əməkdaşı, Şərqşünas alim Sübhan Talıblı beynəlxalq jurnalda erməni vandalizmindən yazıb.

Şərqşünas alim beynəlxalq jurnalda erməni vandalizmindən yazıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “Historical and cultural heritage of Azerbaijan destroyed as a result of Armenian aggression” (Erməni təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi və mədəni irsi) adlı məqaləsi Türkiyədə nəşr olunan “Vakanüvis – Uluslararası Tarih Araştırmaları Dergisi”ndə ingilis dilində çap olunub. 

Məqalədə Ermənistan Respublikasının və onu dəstəkləyən qüvvələrin hərtərəfli dəstəyi ilə təcavüzü nəticəsində dağıdılmış Azərbaycanın tarixi, maddi-mənəvi abidələri araşdırlır. Eyni zamanda Qarabağın tarixi, Qarabağ xanlığı, Qarabağın icitmai-siyasi, sosial-iqtisadi, mədəni-mənəvi vəziyyəti, Ermənistanın Azərbaycanın tarixi, mədəni-mənəvi abidələrinə qarşı terroru, İrəvanda erməni vandalizmi, işğal zamanı Qarabağda dağıdılmış türk-müsəlman, Alban abidələri, erməni vandalizmi nəticəsində dağıdılmış maddi-mənəvi abidələrlə bağlı beynəlxalq və regional təşkilatların mövqeyi, Azərbaycan Respublikasının atdığı addımlar və s. məsələlər tədqiq və təhlil edilir.

https://science.gov.az/az/news/open/30204

Şəhidlərimizi ehtiramla anırıq.

27 Sentyabr – Anım Günü
Bu tarixi gün Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən qeyd edilir.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlifçaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verilmişdir. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
II Qarabağ müharibəsində torpaqlarımız uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman övladlarımızı Hörmət və Ehtiramla anırıq!