Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2023-cü il “Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımın 105-ci ildönümü ilə əlaqədar “Azərbaycanlıların soyqırımının tarixi, siyasi və hüquqi əhəmiyyəti” adlı konfrans keçirilib.

Konfransda tarix üzrə fəlsəfə doktoru, dosent, Quba şəhərində Soyqırımı Memorial Kompleksinin mütəxəssisi Sübhan Talıblı, Mərkəzin direktoru Naminə Ömərova, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov, Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə YAP partiya təşkilatının sədr müavini Fərid Mustafayev, AMEA Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aytən Rəhimli və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və digər qonaqlar iştirak ediblər. Natiqlər azərbaycanlılara qarşı törədilmiş soyqırımların yerli və dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndər Heydər Əliyevin rolundan, 1918-ci ildə Azərbaycanın müxtəlif bölgələrində baş vermiş soyqırımlardan, erməni vandalizmindən söz açıblar. Konfransın sonunda soyqırımı həqiqətlərini özündə əks etdirən film nümayiş olunub.

Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının şimal regionu üzrə nümayəndələri 1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Soyqırımı Memorial Kompleksində tədbir keçiriblər.

Tədbirdə giriş sözü ilə açan Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımlar barədə məlumat verib. Daha sonra çıxış edən natiqlər Soyqırımı Memorial Kompleksinin erməni vandalizmini dünya ictimaiyyətinə təbliğində xüsusi rol oynadığını qeyd ediblər.
 
 
 

1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümü ərəfəsində Soyqırımı Memorial Kompleksinə gələn ziyarətçilərin sayında artım müşahidə olunur.

Belə ki, bu gün Qusar rayonunda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbər şəxsləri, ümumtəhsil müəssisələrinin müəllim və şagird heyəti Kompleksi ziyarət ediblər. Daha sonra məktəb şagirdlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya təşkil olunub.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba regional “ASAN xidmət” mərkəzinin birgə təşkilatçılığı ilə “Soyqırımı və insanlığa qarşı törədilmiş cinayətlər” mövzusunda elmi konfrans keçirilib.

Konfrans iştirakçıları ilk olaraq Soyqırımı abidəsini ziyarət edərək 1918-ci ildə qətlə yetirilmiş insanların xatirəsinə ucaldılmış abidənin üzərinə gül dəstələri düzüblər. Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Memorial Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova soyqırımı cinayətlərinin qarşısının alınması məqsədilə 1948-ci ilin dekabrın 9-da Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul edilmiş konvensiya haqqında danışaraq bildirib ki, soyqırımı harada və necə baş verməyindən asılı olmayaraq bəşəri bir cinayətdir. Kompleksin direktoru həmçinin XX əsrin əvvəllərində erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində soyqırımların törədildiyini, on minlərlə günahsız dinc əhalinin qətlə yetirildiyini, həmçinin baş vermiş bu soyqırımı hadisələrinə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə hüquqi-siyasi qiymət verildiyini bildirib. Daha sonra Quba “ASAN xidmət” mərkəzinin vətəndaşların qəbulu işinin təşkili sektorunun nəzarətçisi Ülvi Məmmədov “Soyqırımların səbəbləri, bəhanələr və gerçəklər” mövzusunda çıxış edib. Kompleksin və xidmət mərkəzinin əməkdaşlarının çıxışları ilə davam edən tədbirin sonunda qonaqlar soyqırımı hadisələri ilə bağlı kitab və bukletlərdən ibarət sərgi ilə tanış olublar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə qeyri-müsəlman dini konfederasiya nümayəndələri 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Qaradağ rayonu Müşfiqabad qəsəbəsi 320 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə "31 mart azərbaycanlıların soyqırımının tarixi, siyasi cəhətdən öyrənilməsi" adlı konfrans keçirilib.

“Heydər Əliyev ili” və 1918-ci il azərbaycanlıların soyqırımının 105-ci ildönümünə həsr olunmuş konfransda çıxış edən natiqlər Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart fərmanı ilə XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi və bu soyqırımların ölkə hüdudlarından kənarda tanıdılması istiqamətindəki tarixi fəaliyyəti barədə məlumat veriblər.