«Ağoğlan» qəsr kompleksi

"Şeyx Babı türbəsi XIII əsr"

Şeyx Babı türbəsi XIII əsrdə memar Əli Məcidəddin tərəfindən Füzuli rayonunun Babı kəndində tikilib. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqdadır. Türbədə Şeyx Babı Yaqubi dəfn olunub. Türbə səkkizguşəlidir. Ağ daşdan hörülüb və üstü səkkizguşəli çatma günbəzlə örtülüb. Şeyx Babı türbəsinin xarici səth bölgülərində Mömünə Xatun türbəsinin təsirləri görünür. Rəvayətə görə, Şeyxin cənazəsi daş qutuda, türbənin cənub pəncərəsi önündə dəfn olunmuşdur. Məqbərədəki kitabənin oxunuşuna nail olan ilk rus alimi N. Xanıkov deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271—1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan, tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin zahid, kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273—1274-cü illər) əmr verilib. Məzarın sinədaşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb: Bu müqəddəs türbə Zahid Kamal, Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib.Türbə kompleksindən 1 türbə və zədələnmiş bir minarə qalıb. Abidə 29 sentyabr 2020-ci il tarixində Qarabağda baş verən döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində ciddi şəkildə zədələnmişdir.
"Bərdə türbəsi"

Bərdə türbəsi Bərdə şəhərinin mərkəzində, Torpaqqala kompleksində yerləşir. Məqbərə 1322-ci ildə memar Əhməd Əyyub Hafiz tərəfindən inşa olunub. Bu türbəni “Nüşabə qalası” da adlandırırlar. Bərdə türbəsinin üzərində 200-dən çox “Allah” sözü yazılıb və bu sözü bütün istiqamətlərdən oxumaq mümkündür. Bu səbəbdən türbəyə “Allah-Allah” da deyirlər.
Ehtimallara görə Elxanilər sülaləsindən bir nəfər üçün inşa edilən məqbərənin tikintisində kərpic və firuzə rəngində kaşıdan istifadə olunub. Hündürlüyü 13 metr olan türbə silindrik gövdədən və konusşəkilli günbəzdən ibarətdir. Məqbərə çoxrəngli kəsmə mozaika ilə bəzədilib, yeraltı və yerüstü hissələrə bölünür. 1960-cı illlərdə burada təmir işləri aparılıb. Lakin bərpa işlərinin səhv görüldüyündən məqbərənin görkəmi dəyişikliyə məruz qalıb. 2012-ci ildə türbədə təmir işlərinə başlanılmış və 2018-ci ildən istifadəyə verilmişdir. Bərdə türbəsi dünya əhəmiyyətli memarlıq abidəsi hesab edilir.
"Tarixi abidələrimizin qorunmasında təbliğatın rolu"
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi tarix və tarixin tədrisi texnologiya kafedrasının tarixçi-alim və arxeoloqlarının iştirakı ilə “18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar “Tarixi abidələrimizin qorunmasında təbliğatın rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Tarix elmləri doktoru Sevinc Əliyeva, t.ü.f.d Sevil Bəhrəmova, pedaqogika üzrə fəlsəfə doktoru Təranə İsayeva, arxeoloq t.ü.f.d Laçın Mustafayev və kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova çıxışlar etmişlər.
Çıxışçılar yaşadığımız dövrə gəlib çatan bu abidələrin qiymətli nümunələr kimi qorunmasından, ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələrin mövcudluğundan və mədəni irsimizin gələcək nəsillərə çatdırılması üçün onların bərpa-təmir işlərinə xüsusi diqqət yetirilməli olduğunu vurğulamışlar.
"Şeyx Məzyəd türbəsi"

Quba rayonunun Ağbil kəndində yerləşən Şeyx Məzyəd türbəsi 1537-ci ilə aiddir. Türbə çöldən dörd və səkkizguşəli formadadır. 16-cı əsrdə sufi təriqətini Azərbaycanda yaymaq üçün Ağbil kəndində məskunlaşan həmin şəxs yerli əhali tərəfindən böyük nüfuz və hörmət qazanmışdır. O vəfat etdikdən sonra Şirvanşah Xəlilullahın göstərişi ilə memar Tacəddin tərəfindən qəbirüstü türbə inşa olunub.
"Tağlı körpü"

XIX əsrdə Quba qəzasında 7 körpü olsa da, günümüzə qədər gəlib çıxan yalnız Tağlı körpü olmuşdur. Qubanın Qırmızı qəsəbəsini şəhərin mərkəzi ilə birləşdirən Tağlı körpü memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir. Körpünün inşasına 1894-cü ildə başlanılmışdır. Bundan əvvəl isə onun yerində dirəklər üzərində salınmış taxta körpü mövcud idi. Həmin körpünün salınması isə 1851-ci ilə təsadüf edir. Tarixi görünüşü saxlanılmaqla Tağlı körpü 2012-2013-cü illərdə əsaslı şəkildə bərpa olunmuşdur.
Azərbaycanlıların soyqırımına siyasi-hüquqi qiyməti ilk dəfə Heydər Əliyev verdi
Azərbaycan tarixinin Heydər Əliyev dövrü, tariximizin böyük inkişaf və möhtəşəm quruculuq dövrüdür. Onun rəhbərliyi altında əldə olunan uğurların ən mühümü məhz qurub yaratdığı müstəqil Azərbaycan dövlətidir. Azərbaycanda dövlət quruculuğu dövlətçilik, milli və mənəvi dəyərlərin qorunub saxlanılması, iqtisadiyyatın, elmin, mədəniyyətin, bir sözlə həyatın ən müxtəlif sahələrində böyük nailiyyətlərin qazanılması, coşqun bir tərəqqi dövrü məhz Heydər Əliyevin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində yaşanmışdır.
Ötən əsrin 90-cı ilin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycan ərazisinin bir hissəsinin Ermənistanın təcavüzünə məruz qaldığı, xarici təzyiqlərin və daxili çəkişmələrin tüğyan etdiyi bir dövrdə xalqının səsinə səs verən Heydər Əliyev ölkəmizi dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsindən xilas edərək dövlətin dayanıqlı siyasi və iqtisadi inkişaf yolunu müəyyən etmişdir.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanını əldə etməsi məhz Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində olmuşdur. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alırdı. Azərbaycan və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi. “Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. 1918-ci ilin mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı. Böyük dövlətlərin yeritdikləri imperiya siyasətinin icraçısı olan ermənilərin əli ilə dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti yeridilmiş, yüz minlərlə dinc azərbaycanlı milli mənsubiyyətinə görə məhv edilərək öz ata-baba yurdlarından didərgin salınmışdır. Azərbaycanın qədim yaşayış məskənləri xarabalığa çevrilmişdir. Sonralar tarixi dovr 30-cu illərin ağir represiyaları ilə müşayət olunaraq Azərbaycanin ziyalı genofondunun məhvinə nail olunmuş, bunun ardınca 1948-53-cü illər azərbaycanlıların kütləvi deportasiya dalğası, 80-ci illərdən başlayaraq Dağlıq Qarabağ probleminin yenidən süni şəkildə qızışdırılması, 1990-cı il 20 yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı demək olar ki, bu faciələrin pik nöqtəsi oldu.
Heydər Əliyevin keçmiş hadisələrə hüquqi-siyasi qiymətin verilməsi istiqamətində qərarları və deyərdim ki, ən vacibi 1918-ci il mart soyqırımının öz siyasi qiymətini tapması oldu. Tarixə nəzər salsaq görərik ki, 1919 və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümumilli matəm günü kimi qeyd edilib. Əslində bu, azərbaycanlılara qarşı törədilən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı prosseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir. Məhz bütün bunları nəzərə alan Heydər Əliyev 1998-ci il martın 26-da “31 martı Azərbaycanlıların Soyqırımı günü” kimi qeyd edilməsi haqqında fərman imzalamışdır. Fərman imzalandığı vaxtdan hər il 31 Mart respublika səviyyəsində qeyd edilir və soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılır. Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.
Lətafət Beybutova Ələsgər qızı
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”
Elmi araşdırmalar, ekspozisiya və fond şöbəsinin müdiri
"Əlincə qalası"

"Mahrasa məbədi"

"Bayıl Qalası"

"Beşbarmaq dağı"
