


Ölkəmizdə bu günün əsası 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması ilə qoyulmuşdur. Artıq 25 ildən çoxdur ki, bu əlamətdar gün ölkəmizdə geniş şəkildə qeyd olunur və bu, müstəqil dövlətimizin insan hüquqlarına verdiyi ali dəyərin parlaq təzahürü kimi yüksək qiymətləndirilir. Ombudsmanın müraciəti əsasında keçirilən bu bir ay ərzində ölkə ərazisində fəaliyyət göstərən dövlət və yerli özünüidarə orqanlarında, elm, təhsil, tibb və mədəniyyət müəssisələrində və digər təşkilatlarda insan hüquqlarına həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil olunur. Bununla əlaqədar olaraq Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə müxtəlif tədbirlər həyata keçirilməsi planlaşdırılır.

Məmməd Xan Təkinski Azərbaycan Xalq Cümhuriyyəti dövründə müxtəlif vəzifələrdə çalışmış, dövlətinə və xalqına layiqincə xidmət etmiş şəxslərdəndir. 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü olan Məmməd xan Təkinski erməni-daşnak qüvvələrinin müsəlman əhalisinə qarşı törətdikləri vəhşiliklərin araşdırılmasında iştirak etmişdir. Daha sonra 1919-cu ilin yanvarında AXC hökumətinin Ermənistanda diplomatik nümayəndəsi təyin edilmişdir. O, Naxçıvan mahalında “erməni idarəçiliyi”nə son qoyulması məsələsinin zəruriliyini dəfələrlə Ermənistandakı beynəlxalq missiyaların qarşısında qaldırmış və Cümhuriyyət hökumətinin bu işə fəal müdaxilə etməsinə çalışmışdır. M.X.Təkinski vəzifəsindən geri çağırıldıqdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə 1919-cu il oktyabrında xarici işlər nazirinin müavini vəzifəsinə təyin edilmiş və Azərbaycan sovet hakimiyyəti qurulanadək bu vəzifəni icra etmişdir.

“Mart hadisələrinə səbəb nə olmuşdur?… Ermənilərin bolşeviklərlə birlikdə hakimiyyət əldə etmək arzusu, yoxsa milli zəmində yaranmış qisas hissi? …Gələcəkdə tarixçilər bütün həqiqətləri üzə çıxararlar. Bakı hadisələrinin əsas nəticəsi bolşevik rejiminin həm şəhərdə, həm də Bakı rayonunda tam şəkildə bərqərar edilməsi və möhkəmlənməsi olmuşdur ki, bu da bəşər sivilzasiyasının təməl sütununu təşkil edən bütün insani dəyərlərin planauyğun şəkildə məhv edilməsinə başlanmasının özünəməxsus impulsu sayıla bilər…”

Dünyada ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi Bakı şəhərində, Dənizkənarı Milli Parkda yerləşir. Gəmi-muzeyin fəaliyyət göstərdiyi “Suraxanı” tankeri ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, çəkisi isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən tankerlərdən biri olub. “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar isə 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Gəminin təmir işlərinə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub. O cümlədən gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən də istifadə olunub. Gəmi-muzeyin açılışı 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir. Muzey ziyarətçilərə ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı verir. Gəmi-muzeyi qədim dənizçilik ənənələri olan Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan, bir sıra innovativ yenilikərdən istifadə edilib. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olurlar.
Burada dənizçiliklə bağlı əşyaların satıldığı suvenir mağazası və dəniz məhsullarından hazırlanmış yeməklərin təqdim olunduğu restoran da fəaliyyət göstərir.

Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixində xalçaçı- rəssam, pedaqoq, görkəmli alim Lətif Kərimovun təşəbbüsü ilə Bakıda Azərbaycan Xalça Muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan xalçasının milli bədii irsinin qorunub saxlanılması və öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsidir.
26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidində təşkil edilmiş Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyasının açılışında ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Muzeyin ən çox məşhur olan nümunələri arasında Şirvan, Qazax və Quba xalçaları sayılır.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dənizkənarı Milli Park ərazisində Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli muzey” statusu verilmişdir.
Tədbirdə Xaçmaz Regional Mədəniyyat İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, Quba Mədəniyyət evi və Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova əvvəlcə bu gün münasibətilə mədəniyyət sahəsində çalışan əməkdaşları təbrik edərək tarixi yaddaşın qorunması baxımından muzeylərin böyük önəm daşıdığını qeyd edib. Daha sonra çıxış edən natiqlər muzeylərin insan həyatında rolu, bu sahəyə Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə xüsusi diqqət göstərildiyini öz məruzələri ilə tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Şərq memarlığının bu gözəl nümunəsi 1913-cü ildən etibarən Lənkəranın mərkəzini bəzəməkdədir. Qeyd edək ki, binanın memarları fransızlar olub ki, bu da onun inşası zamanı şərq memarlığının ustalığını və gözəlliyini istifadə etməyə maneçilik törətməmişdir. Xan evi üç mərtəbəli bina olaraq inşa edilib və ilk çoxmərtəbəli binadır. Xan evinin tarixi kifayət qədər maraqlıdır və hadisələrlə zəngindir. Mirəhməd xan, Zaqafqaziyada gözəllik müsabiqəsində qalib gəlməsi münasibəti ilə, həyat yoldaşı Tuğra üçün sevgi sarayı inşa etməyi əmr etmişdir. İnqilabdan sonra bina milliləşdirilmiş, onun sakinlərinin aqibəti isə faciəvi olmuşdur. Daha sonra burada sovet hakimiyyəti orqanları yerləşdirilmişdir. Bu gün Xan evində Lənkəran dövlət diyarşünaslıq muzeyi yerləşir ki, bu muzeyin fondunda diyarın tarixi ilə bağlı yeddi mindən çox eksponat toplanıb.

Azərbaycan Geologiya Muzeyi 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Bakıda yaradılmışdır. Azərbaycan Geologiya İdarəsinin nəzdində fəaliyyət göstərən muzey ölkədə ən böyük muzeylərindən biridir. Muzeydə Azərbaycanın geologiya tarixi , geoloji sahədəki inkişaf və yenilikləri barədə məlumat verilir.
Ölkənin bütün bölgələrindən toplanmış 5 000- dən çox dağ süxuru, mineral və kristal nümunələri, coğrafi xəritələri, kənd təsərrüfatı, müxtəlif geoloji obyektlər, həmçinin Azərbaycanın neft və qaz sənayesi, enerji potensialı, gəmiçilik və dəniz ekosistemi ilə bağlı görüntülər interaktiv ekranlarda nümayiş olunur .
Muzeyin ən maraqlı hissəsi isə “Mədəniyyət və minerallar” bölməsində qırmızı, çəhrayı, bənövşəyi rəngli mineral nümunələrinin xüsusiyyətlərini izah edən panolar və onların rəngləri üzərində müxtəlifkeyfiyyətli diaqramların təsvir olunmasıdır.