Rəxşəndə Bayramova: İndiki Ermənistan ərazisində tarix boyu Azərbaycanlılar yaşayıb

Quba, 28 dekabr, Elxan Yusifli, AZƏRTAC

Ermənistan Qərbi Azərbaycanda bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan edib. Bu vaxta kimi həmin ərazilərdə 120 abidənin olması göstərilirdi. Amma Osmanlı arxivlərində aparılan araşdırmalar nəticəsində Qərbi Azərbaycanda 220-dən çox tarixi, mədəni və dini abidə barədə məlumata rast gəlinir. Bu araşdırmalar davam etdirilir. Biz öz keçmişimizə sahib çıxmalıyıq. Ölkə rəhbərliyinin məqsədyönlü siyasəti Qərbi Azərbaycana dönəcəyimiz barədə nikbin düşünməyə əsas verir.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova söyləyib.

R.Bayramova bildirib ki, Azərbaycan haqq səsini tarixi faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırır. Buna görə də ermənilərin tarixi saxtalaşdırmaq cəhdləri fayda verməyəcək.

“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olan zaman bildirdi ki, Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir. Azərbaycanlıların öz dədə-baba yurdlarından qovulması yaxın keçmişdə baş verib. Bu hadisələrin canlı şahidləri həyatdadır. Qərbi Azərbaycanda bizim viran qalan kəndlərimizin qalıqları yerindədir. Həmin yerlərdə azərbaycanlılara məxsus qəbiristanlıqlar var. İndiki Ermənistan ərazisində tarix boyu azərbaycanlılar yaşayıb. İndi bütün bunların dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində işlər başlayıb”, – deyə Rəxşəndə Bayramova söyləyib.

Tarixçi qeyd edib ki, Qərbi Azərbaycanda yaşayan soydaşlarımız qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalıblar. İndi onların hüquqlarının bərpa olunması vaxtı gəlib çatıb. Vətən müharibəsində qazandığımız şanlı Qələbə də göstərdi ki, qüdrətli Azərbaycan qarşısına qoyulan məqsədlərə çatmaq üçün bütün imkanlarını səfərbər edə bilir. Vaxt gələcək, Qərbi Azərbaycandan qovulmuş insanlarımızın da doğma yurd həsrəti bitəcək. Tarixi ədalət bərqərar olacaq.

https://azertag.az/xeber/Rexsende_Bayramova_Indiki_Ermenistan_erazisinde_tarix_boyu_azerbaycanlilar_yasayib-2427962

Dövlət Xidmətinin rəisi UNESCO-nun sessiyasında iştirak edib

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etmək məqsədilə Paris şəhərinə səfər edib.
Komitənin budəfəki sessiyasının gündəliyində Katibliyin fəaliyyəti haqqında hesabatın qəbul edilməsi, 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokolunun implementasiyasının monitorinq və nəzarət mexanizmlərinə düzəlişlərin qəbul edilməsi, Ukraynadakı mədəni sərvətlərin qorunması və digər məsələlər öz əksini tapıb.
Müzakirələr zamanı Dövlət Xidmətinin rəisi çıxış edərək, hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Hökuməti tərəfindən işğalçı dövlətin dağıtdığı tarix-mədəniyyət abidələrinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərin aparıldığını və bərpası üzrə tədbirlərin görüldüyünü diqqətə çatdırıb. Həyata keçirilən monitorinq prosesində əsas maneənin işğaldan azad olunmuş ərazilərin Ermənistan Respublikası tərəfindən minalanması ilə bağlı olduğunu vurğulayıb.
Eyni zamanda, Dövlət Xidmətinin rəsmisi post-münaqişə dövründə tarixi və mədəniyyət abidələrinin qorunması ilə bağlı Azərbaycan tərəfinin gördüyü tədbirləri və təcrübəni digər dövlətlərlə də paylaşmağa hazır olduğunu bildirib. Diqqətə çatdırıb ki, Azərbaycan Respublikası Hökuməti silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması mövzusuna xüsusi həssaslıqla yanaşır. Bu məqsədlə Komitənin monitorinq və nəzarət mexanizlərinin yenilənməsi istiqamətində ölkəmizin aktiv iştiakı, eləcə də cari il dekabr ayının 6-9 tarixlərində Bakıda mədəni sərvətlərin qorunması sahəsində UNESCO konvensiyalarının icrasının vacibliyi mövzusunda beynəlxalq konfransın təşkil edilməsi Azərbaycanın bu mövzuya verdiyi önəmin təzahürünün bir nümunəsidir.
Sessiyada Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi də iştirak edib.
Sessiyanın sonunda gündəliyin bəndləri üzrə qəbul edilmiş qərarlar əsasında yekun vurulub, gələn il ərzində keçiriləcək növbəti sessiya və məsləhətləşmələr barədə məlumat verilib.

Dövlət Xidmətinin rəisi Romada ICCROM-un baş direktoru ilə görüşüb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti İtaliya və Fransaya səfər edib.

Dekabrın 12-də başlayan səfərin məqsədi Romada yerləşən Mədəni Mülkiyyətin Mühafizəsi və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəz (ICCROM) arasında əlaqələrin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsinin aparılması, gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi, həmçinin UNESCO-nun baş qərargahında (Paris) keçiriləcək Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması üzrə Komitənin 17-ci sessiyasında iştirak etməkdir.

Səfər çərçivəsində dekabrın 14-də Azad Cəfərli Roma şəhərində lCCROM-un baş qərargahında təşkilatın baş direktoru Vebber Ndoro ilə görüşüb. Görüşdə Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin ikinci katibi Rüstəm Bayramov, Dövlət Xidmətinin baş mütəxəssisi Nəzrin Məmmədova, proqram meneceri Eugene Jo, layihə rəhbəri Rohit Jigyasu, təşkilatın koordinatoru Anna Zeichner iştirak ediblər.

Dövlət Xidmətinin rəisi lCCROM və ölkəmiz arasındakı əməkdaşlığın inkişafı istiqamətində Azərbaycanda həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunmuş ərazilərdə tarix-mədəniyyət abidələrinin monitorinqi, inventarlaşdırılması, bərpa-quruculuq işləri və infrastruktur layihələrinin icrası haqqında məlumat verib. Post-münaqişə dövründə “Böyük qayıdış” tədbirləri çərçivəsində işğal zamanı dağıdılmış abidələrin qorunması və mühafizəsinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb.

lCCROM ilə birgə mərkəz Azərbaycan olmaqla abidələrin bərpası və qorunması prosesinin idarə edilməsi, texniki, metodoloji bilik və bacarıqların artırılması üzrə Türkdilli dövlətlərin mütəxəssislərinin iştirakı ilə çoxşaxəli və uzunmüddətli təlimlərin təşkil olunmasının mümkünlüyünü diqqətə çatdırıb.

lCCROM-un baş direktoru Vebber Ndoro isə öz növbəsində ölkəmizdə səfərdə olarkən işğaldan azad olunmuş ərazilərdə, xüsusilə də Şuşa şəhərindəki dağıntıları təəssüflə seyr etdiyini qeyd edib. Baş direktor təlimlərlə bağlı Azərbaycan tərəfinin təkliflərini yüksək dəyərləndirdiyini bildirərək, belə təlimlərin təşkil olunması ilə nümunəvi fəaliyyət və təcrübənin əsasının qoyulacağına inamını ifadə edib. Bununla əlaqədar memorandumun imzalanması və uzunmüddətli əməkdaşlıq proqramının icra edilməsi fikrini dəstəklədiyini vurğulayıb.

Həm işğaldan azad olunmuş ərazilərdə, həm də bütövülükdə ölkə hüdudları daxilində yenidənqurma, inkişaf prosesi çərçivəsində proqramın Azərbaycan tərəfinin şərhlərinə, izahlarına, ehtiyaclarına uyğun olaraq, həmçinin mərkəzi Azərbaycan olmaqla və Türkdilli dövlətlərin iştirakı ilə həyata keçirilməsinin uğurlu nəticələr verəcəyinə ümidvar olduğunu bildirib.

Hər iki tərəfin dəstəklədiyi bu proqramın əlaqələndirilməsi məqsədilə görüşdə əlaqələndiricilər müəyyən edilib, layihələrin hazırlanaraq mübadilə edilməsi və bu addımların yol xəritəsinə uyğun olaraq yerinə yetirilməsi razılığına gəlinib.

Nümayəndə heyətinin səfəri davam edir.

İkinci Dünya müharibəsindən sonra, 9 dekabr 1948-ci ildə BMT Baş Assambleyasında “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” haqqında Konvensiyanın qəbul edilməsi ilə Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günü kimi qeyd olunmaqdadır.

Qətnamənin həyata keçirilməsində məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir.
Azərbaycan xalqı da son 200 ildə bir çox faciələr və soyqırımlarına məruz qalmışdır. Bu dəhşətli hadisələrdən biri Birinci Dünya müharibəsi dövründə Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmaq cəhdi olmuşdur. Daşnak-bolşevik qüvvələri tərəfindən 1918-ci ilin əvvəllərindən başlayaraq təkcə milli-dini mənsubiyyətinə görə Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində yaşayan minlərlə dinc müsəlman-türk əhalisi xüsusi qəddarlıqla qətlə yetirilmişdir.
Amma Azərbaycan torpaqlarında erməni vandalizmi bununla bitməmişdir. I Qarabağ müharibəsi gedişatında, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən dəhşətli cinayət – Xocalı soyqırımı Azərbaycan tarixinə ən faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
2013-cü ildən fəaliyyət göstərən Quba Soyqırımı Memorial Kompleksi erməni millətçilərinin 1918-ci ildə bütün Azərbaycan hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədini özündə daşıyır.
 

"İstiqlal" muzeyi

“İstiqlal” muzeyi Azərbaycanın tarix və mədəniyyətini, milli bədii irsini təbliğ edən ilk dövlət muzeyi kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmışdır. Muzey 1919- cu il dekabrın 7-də Azərbaycanın görkəmli sənətşünas-alimi Məmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə təsis olunmuşdur. Yeddi mindən çox eksponatı olan “İstiqlal” muzeyinin fəaliyyəti 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra dayandırıldı.
Müstəqilliyimiz qazanıldıqdan sonra İstiqlal muzeyi 1991-ci il yanvarın 9-da yenidən fəaliyyətə başlayaraq ilk muzeyin mənəvi varisi oldu. Muzeyin bərpasında məqsəd Azərbaycan xalqının istiqlalı uğrunda apardığı mübarizənin mərhələlərini ardıcıl əks etdirməkdir. 20 mindən çox eksponatı olan muzeydə nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalar nümayiş olunur.
 

Quba şəhərində "Soyqırımı Memorial Kompleksi", Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti (RİH), İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycanda erməni vandalizminin izləri: Beynəlxalq hüquq və dini aspektdə” mövzusunda konfrans keçirilib.

Konfransda DQİDK-nın bölgə üzrə şöbə müdiri Ramin Xudayev, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Soyqırımı Memorial Kompleksinin direktoru Dr. Rəxşəndə Bayramova, din xadimləri, dini icma sədrləri, ziyalılar və təşkilatçı qurumların əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı ermənilərin ölkəmizə qarşı həyata keçirdiyi vandalizm siyasətindən, Ermənistanın Azərbaycan xalqına qarşı təcavüzünün qurbanla­rı təkcə soydaşlarımız deyil, həm də yaşı minilliklərlə ölçülən tarixi-dini abidələr və ziyarətgahlarımızın olduğu qeyd olunmuşdur.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Laçın rayonu 1930-cu ildən inzibati ərazi vahidi statusu almış, 1 şəhər, 1 qəsəbə, 125 kənddən ibarətdir.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Respublikasının Ermənistanla imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam, Kəlbəcər rayonları ilə yanaşı 2020-ci ilin dekabrın 1-də ölkəmizin gözəl guşəsi biri olan Laçın rayonunda da düşmən əsarətinə son qoyuldu.
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə rayona daxil olaraq etnik təmizləmə siyasətini yeritmiş, əhalini öz yurd-yuvalarından didərgin salmışlar. Erməni vandalları tərəfindən 217 mədəniyyət ocağı , o cümlədən VI əsr Alban memarlığına aid Ağaoğlan məbədi, XIV əsrə aid Məlik Əjdər türbəsi , Qaraqışlaq kəndində məscid, Zabux kəndində qədim qəbiristanlıqlar və s. dağıdılıb məhv edilmişdir.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən I və II Qarabağ müharibəsində şəhid olan qəhrəman igid oğullarımızın ailə üzvləri Dayaq Ictimai Birliyinin təşkilatçılığı ilə Qubaya səfərləri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər

Ziyarət zamanı Kompleksin bələdçiləri tərəfindən məlumatlandırılan şəhid ailələrinin üzvləri Muzeyin xatirə kitabına öz ürək sözlərini yazmışlar.

1930-cu ildə yaradılan Ağdam rayonu Azərbaycanın qədim, füsünkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

1993-cü il 23 iyul tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmiş rayonlar arasında əhalisinin sayına görə ən böyük rayon sayılan Ağdam rayonunun böyük hissəsi də işğal edilmişdir. İşğal nəticəsində Ağdam rayonunun 38 kolxozu,12 sənaye obyekti,74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçmişdir. Ağdam uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq insan şəhid olmuş, minlərlə insan yaralanmış, əhali öz doğma ev-eşiyindən qovularaq məcburi köçkün kimi Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşmışdır. Bu işğal nəticəsində rayona 13 milyard 135 milyon ABŞ dolları məbləğində ziyan vurulub.
2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin cəbhədəki təxribatının qarşısını alan Azərbaycan Ordusu əks-hücumla bir neçə rayonu, yüzlərlə kənd və qəsəbəni, strateji yüksəkliyi düşməndən azad edib. İşğaldan azad olunan şəhər və kəndlərimizdə, qəsəbələrimizdə üçrəngli bayrağımızın ucaldılması ilə nəticələnən 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatıb. İşğalçı erməni silahlı birləşmələri ordumuzun dəf edilməz hücumu qarşısında tab gətirə bilməyərək xeyli itki ilə geri çəkiliblər. Bununla yanaşı, düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib. Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin faydasız olduğunu anlayaraq kapitulyasiya sənədinə imza atmağa məcbur olub.
10 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırılıb. Bəyanatın ikinci bəndinə əsasən, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycana qaytarılıb. Bununla da 27 il işğal altında olan Ağdam şəhəri qəsbkarlardan azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.

Tarixdə bu gün: 17 noyabr - Azərbaycanda Milli Dirçəliş Günüdür.

Sovet imperiyasının anti-Azərbaycan siyasəti nəticəsində 1988-ci ilin əvvəllərindən başlayaraq Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlı öz ata-baba yurdlarından kütləvi surətdə qovulmuş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törədilmişdir.
Buna cavab olaraq noyabr-dekabr aylarında Bakıda 18 gün fasiləsiz etiraz mitinqləri davam etmişdir. Xalqın milli-azadlıq hərəkatı kuliminasiya nöqtəsinə 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında çatmışdı. Həmin gün yenidən Azərbaycanın üçrəngli bayrağı qaldırılmiş və Sovet İttifaqından ayrılmaq məsələsi gündəmə gətirilmişdir. Bakının Azadlıq meydanından başlanan xalq hərəkatı tezliklə bütün SSRİ-də geniş etirazlarla davam etmiş və nəhayət 1991-ci dekabrında Sovet İttifaqı dağılması ilə nəticələnmişdir.