Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2022-ci il tarixli Sərəncamına əsasən, 2022-ci il “Şuşa İli” elan olunmuşdur.

Şuşa ili çərçivəsində Kompleksdə də müvafiq tədbirlər planı hazırlanmış və bu tədbirlər planına əsasən oktyabr ayının 12-də Bakı şəhəri 320 nömrəli tam orta məktəbində “XX əsrdə Qarabağda baş vermiş soyqırımlar” adlı tədbir keçirilmişdir. Tədbirdə kompleksin əməkdaşları Dr.Sübhan Talıblı, Abutalib Turabov, məktəbin direktoru Sevinc Niftiyeva, təhsil ocağının kollektivi və şagirdləri iştirak etmişlər.
Giriş sözü çıxış edən məktəbin direktoru Sevinc Niftiyeva bu tədbirin önəmindən danışaraq, şagirdlərin maarifləndirilməsinin əhəmiyyətli olduğunu vurğulamışdır. Daha sonra məruzə ilə çıxış edən kompleksin əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyəti barədə danışaraq, Azərbaycanlılara qarşı iki əsr davam edən genişmiqyaslı soyqırımı nəticəsində minlərlə yaşayış məntəqəsinin yerlə-yeksan edildiyini, on minlərlə azərbaycanlının isə böyük qəddarlıqla qətlə yetirildiyini arxiv sənədlərini göstərməklə tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
Təşkil olunan maarifləndirici tədbirə görə məktəbin direktoru Sevinc Niftiyeva Kompleksin rəhbərliyinə, həmçinin əməkdaşlarına təşəkkürlərini bildirərək, bundan sonra da əməkdaşlığın davam etdirməyin zəruriliyini qeyd emişdır.
Sonda Kompleks əməkdaşları tərəfindən təhsil ocağının rəhbərliyinə, tədbirdə fərqlənən şagirdlərə təşəkkürnamə, sertifikatlar, kompleksin fəaliyyətinə aid kitab və müxtəlif adda çap məhsulları təqdim edilmişdir.

Quba şəhərində “Soyqırımı memorial Kompleksi”ndə növbəti kitab təqdimatı keçirildi.

Azərbaycan Respubikası Prezidentinin 05 yanvar 2022-ci il tarixli “2022-ci ilin Şuşa ili elan edilməsi” haqqında Sərəncamına əsasən, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” tədbirlər planı hazırlanıb. Bu planın bir hissəsi kimi, Kompleksdə əzəli Azərbaycan torpaqları, Qarabağ, tarixi abidələr, maddi-mədəni irsimiz və s. mövzularla bağlı silsilə tədbirlər keçirməkdədir.

13 oktyabr 2022-ci il tarixində Quba şəhərində “Soyqırım Memorial Kompleksi”ndə Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Əfqan Vəliyevin “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova ( professor) Əfqan Vəliyevin fəaliyyəti barədə iştirakçılara məlumat vermiş, yeni işıq üzü görmüş “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” kitabı münasibətilə  səbəbkarı təbrik etmişdir. Daha sonra yazıçı çıxış edərək mədəni irs nümunələrinin hər bir xalqın tarixi həqiqətlərinin gələcək nəsillərə çatdırılmasındakı  önəmindən  söz açmışdır.

 Əfqan Vəliyev tədbir zamanı Ermənistan ərazisində azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi və yer üzündən silinməsinin miqyasından, statistikasından, eləcə də abidələrin daşıdığı əfsanələrdən, inanc və hekayələrindən bəhs etmişdir. Qeyd olunan kitabda Əfqan Vəliyev 244 abidəni tədqiq edərək müvafiq xüsusiyyətlərinə görə təsnifləşdirib. Burada öz əksini tapan maddi-mədəni abidələrin hər birinin adı, tarixi, yerləşdiyi məkan, təsnifatı, növü, təyinatı, əhəmiyyəti, mövcud vəziyyəti haqda informasiya əldə etmək və hər abidə haqqında qısa informasiyalarla tanış olmaq mümkündür. Olduqca vacib tarixi, milli və mənəvi əhəmiyyət kəsb edən araşdırmanın nəticəsi olan bu kitab indiki Ermənistan ərazisindəki azərbaycanlılara məxsus maddi-mədəni irs nümunələrinin məhv edilməsi və yer üzündən silinməsi prosesinin bugünkü – cari vəziyyəti haqqında təsəvvür yaratmağa imkan yaradır.

Əfqan Vəliyev tərəfindən tədqiq edilən 244 abidənin hazırda 133-ü tamamilə dağıdılıb, 51-i xarabaya çevrilib və erməniləşdirilib, yararlı olan 58 abidə isə ermənilər tərəfindən mənimsənilib. Eləcə də yararlı vəziyyətdə olan 1 alban kilsəsi erməni kilsəsi kimi, yararlı vəziyyətdə olan 1 məscid isə fars məscidi kimi təqdim edilir. Kitabda 49 pir, ocaq, ziyarətgah, 40 məscid, 38 qəbirüstü abidə, 15 məbəd, 13 qala, 19 alban kilsəsi, 13 karvansara, 8 türbə, 6 etnoqrafik-arxeoloji abidə, 6 günbəz, 5 qəbirüstü heykəl, 5 körpü, 3 məqbərə, 3 sərdabə, 3 arxeoloji abidə, 3 daşüstü yazı, 2 mədrəsə, 2 məhəllə, 2 imarət, 9 qayaüstü təsvir, qədim yaşayış məskənləri haqqında yerli və xarici mənbələrdən toplanan məlumatlar aparılan tədqiqat nəticəsində ilk dəfə aşkar edilərək mövcud siyahıya əlavə edilmişdir.

Tədbirdə Kompleksin 30-a yaxın əməkdaşı iştirak etmişdir. Sonda yazıçı müəllifi olduğu kitablardan bir neçəsini Kompleksin nadir fonddan ibarət kitabxanasına hədiyyə etmişdir.

Tarixçilərin qələmindən: Avstriya tarixçisi Erix Fayql "İpək yolu üzərində Odlar Yurdu" adlı kitabında yazır...

Ermənipərəst mənbələr ermənilərin yerli azərbaycanlı əhaliyə qarşı törətdiyi soyqırımları açıq şəkildə və utanmadan etiraf edirlər. Nə qədər insan bu soyqırımların qurbanı oldu? “Erməni qəddarlığının tayı-bərabəri yoxdur” – bu cümlə K.Uolker kimi ermənipərəst müəllifin qələminin məhsuludur. Bu cümlənin mənası çox aydındır, çünki onlar törətdikləri cinayətləri yaxşı bilirlər. Nə qədər insanın birləşmiş erməni və bolşevik qüvvələrinin amansızlığının qurbanı olduğu dəqiq bilinmir. Dəqiq rəqəmləri müəyyənləşdirmək mümkün olmasa da, öldürülmüş insanların sayının on minlərlə olduğu bəllidir. Erməni daşnakları Bakı ilə yanaşı Quba, Şamaxı, Lənkəran və digər ərazilərdə də soyqırımlar törətdilər. Haqlı sual verilə bilər ki, erməni daşnaklarının Bakıda nə işi vardı və məqsədləri nə idi? Təbii ki, məqsədləri Naxçıvan, Zəngəzur və Qarabağda can atdıqları kimi, burada da hakimiyyəti ələ keçirmək idi.

MƏLUMAT

Son günlər Kompleksin yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz tikinti və qazıntı işləri ilə bağlı məsələyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilmiş, qanunsuz tikinti işlərinin qarşısı alınmış və ərazi öz əvvəlki vəziyyətinə gətirilmişdir.
Məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilmişdir.
Qeyd edək ki, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli 673№-li sərəncam imzalamışdır. Sərəncama müvafiq olaraq 2012-2013-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi” inşa edilmiş və 2013-cü il sentyabr ayının 18-də ölkə Prezidenti cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuşdur.
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” beynəlxalq əhəmiyyətli, dövlət tərəfindən qorunan tarixi memarlıq qoruğudur. 1918-ci il azərbaycanlıların soyqırımı tarixini və erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəzdir.
Quba şəhərində “Soyqırımı
Memorial Kompleksi” nin direktoru Dr.Rəxşəndə Bayramova

Abidələrimizi tanıyaq, tanıdaq: İSA BULAĞI

İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindəndir. Bulağın olduğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir. İsa bulağının suyu həm soyuq, həm xeyirli, həm də göz yaşı kimi dumdurudur.
Rəvayətə görə, bulaq ilk dəfə XVIII əsrdə ərazinin qalın meşəlik hissəsində İsa adlı əkinçi tərəfindən tapılmış və elə onun da adını daşımışdır. İsa bulağı bir çox tarixi hadisələrin və buraya istirahətə gələn insanların şahidi olmuşdur. Zamanında yüz minlərlə insan bu bulaqdan su içməyə, bu yerlərin gözəlliklərindən zövq almağa gəlirdilər. Bulaq buraya səfər edənlərin o qədər xoşuna gəlmişdir ki, vaxtilə xalq arasında belə bir deyim də məşhurlaşmışdır: “İsa bulağında olmayan Şuşada olmayıb”.
Qarabağ təbiətinin təkrarolunmaz gözəlliyinə, onun nadir incilərindən olan ecazkar bulaqlarına həsr edilmiş çoxlu əsərlər vardır. Belə əsərlərdən biri sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur Hüseynova məxsus olan “İsa bulağı” mahnısıdır.
Çox təəsüf ki, 1992-ci il may ayının 8-də Şuşa şəhərinin Ermənistan ordusu tərəfindən işğal olması ilə xalqımıza bu əfsanəvi bulağın şəfalı suyundan içmək uzun müddət nəsib olmadı. Lakin II Qarabağ müharibəsində Azərbaycan Ordusunun şanlı qələbəsindən sonra Şuşanın incisi, simvollarından biri olan İsa Bulağı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi tərəfindən tam bərpa edilmişdir. Bulağın üstü mərmərdən hazırlanmış, adı isə milli ornamentlə yazılıb və su təminatı ilə tam təchiz edilmişdir.

27 SENTYABR ANIM GÜNÜ

XX əsrin 80-ci illərinin sonlarından Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış edərək ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi nəticə verməmişdir. Ermənistanın işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutur. Bununla əlaqədar, potensial hərbi təhdidlərin qarşısının alınması və zərərsizləşdirilməsi üçün Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanılmışdır. 27-si səhər saatlarından Goranboyun Gülüstan kəndi ətrafında və Balıqqaya ətrafında əməliyyatlar başlayır. Murovdağ zirvəsi uğrunda əməliyyatda 3-cü korpusla birlikdə 1-ci korpusun “həmlə tabor”u iştirak edirdi. Polkovnik Nəsimi Şıxəliyevin rəhbərlik etdiyi qrup bu əməliyyatı uğurla icra edərək zirvənin alınması xəbərini məruzə edir və Azərbaycan Müdafiə Nazirliyi həmin gün axşam saatlarında Murovdağın alınması barədə rəsmi məlumat verir. Ermənistan tərəfi bu xəbəri təkzib etsə də, Murovdağ zirvəsinin alınması oktyabrin 4-də “Caliber” portalı tərəfindən çəkilən kadrlarda öz təsdiqini tapdı. Bu videokadrda Murovdağ zirvəsini 3315 metrlik zirvədə Azərbaycan bayrağının dalğalandığını görmək mümkün olur.

Tarixdə bu gün: Sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür.

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri, düz 104 il bundan əvvəl 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusunun Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etməsidir. Bakının erməni-bolşevik işğalından azad edilməsi ilə Azərbaycanın müstəqilliyi təmin edilmiş, bundan başqa ermənilər və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuşdur.
Möhtəşəm tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Bu köçürülmədən sonra Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Bakını bolşevik-daşnak işğalından azad edilməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edərək türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim etmişdir.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisələrdən biri sayıla bilər.
Azərbaycan II dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərləri anılır və məzarları ziyarət olunur.

 

Abidələrimizi tanıyaq, tanıdaq: ŞƏKİ XAN SARAYI

Məhəmmədhəsən xan tərəfindən tikdirilmiş, memarı şirazlı Zeynalabdin olan Şəki Xan Sarayının tikintisinə 1789 – 90-cı illərdə başlanılmışdır. XVIII əsrdə fars üslubunda inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Tikili ikimərtəbəli olmaqla, dörd dəhlizdən, altı otaqdan, iki güzgülü eyvandan ibarətdir. Əvvəllər «Divanxana» adlanmışdır, Şəki xanlığının 1819-cu ildə ləğv edilməsindən sonraysa burada şəhər məhkəməsi yerləşdirilmişdir. Sarayın başçısı da molla Pənah Vaqif olmuşdu. Sarayın tikintisi ilə bağlı rəvayətə görə Şəki xanı özünə dünyanın ən yaxşı sarayını tikdirmək fikrinə düşür.Sarayın tikintisi başa çatdıqdan sonra xan memardan – “Bundan daha yaxşısını tikə bilərsən?”-deyə soruşduqda «bəli» cavabı alır və memarı öldürür. Məşhur türk şairi Nazim Hikmət saraya baxdıqdan sonra belə yazmışdır: “Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi”.
24 oktyabr 2001-ci ildə Şəkinin tarixi hissəsi ilə birlikdə xan sarayı da UNESCO Ümudünya irsi siyahısına salınmağa namizəd göstərilmişdir. 1 avqust 2010-cu ildə UNESCO-nun Baş direktoru İrina Bokova Azərbaycana rəsmi səfəri çərçivəsində Şəkidə olarkən Xan sarayını da ziyarət etmişdir. 2019-cu ildən etibarən saray Şəkinin tarixi mərkəzi ilə birlikdə Ümumdünya İrsidir.