Rusiya imperiyasında xidmət etmiş, sonralar Azərbaycan Cümhuriyyəti ordusunda general-mayoru vəzifəsində çalışmış və Gəncə üsyanının əsas təşkilatçılarından biri olan Cavad bəy Şıxlinski 1874-cü il 3 yanvar tarixində Qazax qəzasının Aşağı Salahlı kəndində anadan olmuşdur.

Cavad bəy Tiflisdəki zadəganlar üçün kadet korpusunda oxuduqdan sonra təhsilini Peterburqda Mixaylov Topçuluq Məktəbində davam etdirib , 1912-ci ildə kapitan rütbəsində 39-cu artilleriya briqadasının 1-ci rotasının komandiri təyin olunmuşdur. Birinci Dünya Müharibəsində tatar polkunun tərkibində vuruşan C.Şıxlınski “Müqəddəs Georgi” və “Müqəddəs Vladimir” ordenləri ilə təltif edilmişdir.
Cavad bəy Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun təşkilində müstəsna xidmətlər göstərmişdir. O, 1919-ci ildə Milli Ordunun 1-ci diviziyasının komandandiri təyin edilmiş və Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən Türkiyənin hərbi medalına təqdim olunmuşdu. 1919-cu ildə onun komandanlığı altında olan nizami ordu hissələri Zəngəzuru ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərmişdir. Həmin ilin sonlarında artıq Gəncədə generalın başçılıq etdiyi 1-ci piyada diviziyası 3 alaydan və 3 taburdan ibarət idi.
1920-ci ilin mayında Cavad bəy işğalçı sovet hakimiyyətinə qarşı Gəncədə qalxan üsyana başçılıq etmişdir. O, hərbi donanma komandanı Çingiz İldırım və Azərbaycan bolşevik ordusunun müvəqqəti qərargah rəisi general Əbdülhəmid Qaytabaşının hərbi əməliyyatlar zamanı XI Qızıl Ordunun komandanlığına tabe olmaq haqqında əmrlərini yerinə yetirməkdən boyun qaçırmış və Gəncə üsyanını davam etdirmişdir. Üsyanından sonra Tiflisdən İrana mühacirət edən Cavad bəy, daha sonralar Türkiyəyə köçərək ömrünün sonunadək orada yaşamış və 1959-cu ildə 84 yaşında dünyasını dəyişmişdir.

30 avqust qardaş Türkiyə Respublikasında ən şərəfli günlərindən biri - Zəfər Bayramı kimi qeyd olunur.

Birinci Dünya müharibəsindən məğlubiyyətlə və torpaqlarının əksər hissəsini itirərək çıxmış Osmanlı imperiyası dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.
Bununla barışmayan Qazi Mustafa Kamal Atatürk və tərəfdarlarının gərgin mübarizəsi nəticəsində düşmən orduları darmadağın oldu. Benəlxalq aləmdə güclü, hərtərəfli inkişaf etmiş və qlobal oyunçulardan birinə çevrilmiş müasir Türkiyə Cümhuriyyətinin əsası qoyuldu.
Qardaş Türkiyə və türk xalqını bu xüsusi gün münasibətilə təbrik edirik!

Bu gün Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanımın doğum günüdür. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” məhz Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gəlmişdir.

Məhz bu dəstək sahəsində bu gün Soyqırımı Memorial Kompleksinin kollektivi Azərbaycan həqiqətlərini, erməni qəsbkarlarının ölkəmizə qarşı həyata keçirdiyi soyqırımı siyasətini dünya ictimaiyyətinə çatdırılması istiqamətində durmadan çalışır.
Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılmış Soyqırımı Memorial Kompleksini artıq 1 milyondan çox insan ziyarət etmişdir ki, bunun 250 mini xarici vətəndaşdır.
Mehriban xanım hər zaman bir çox sahələrdə olduğu kimi, Azərbaycan tarixi və mədəniyyətinə çox həssaslıqla yanaşmış, Azərbaycan həqiqətlərini dünyada tanıdılması istiqamətində rəhbərlik etdiyi Fondla birlikdə böyük fəaliyyət göstərmişdir.
Mehriban xanımı doğum günü münasibətilə təbrik edir və işlərində daim uğurlar arzu edirik.
Hörmətlə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi

Abidələrimizi tanıyaq, tanıdaq: PƏNAHƏLİ XAN SARAYI

Ağdam rayonunda erməni vandalizminə məruz qalan tarixi-memarlıq nümunəsi olan tikililərdən biri də Qarabağ xanlığının banisi Pənahəli xanın imarətidir. XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Pənahəli xanın Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilən kompleksə çox güman ki, daha çox bina daxil olub. Xan sarayı bir-birinə perpendikulyar yerləşdirilmiş iki korpusdan ibarətdir. Əsas korpusda isə mərkəzi günbəzli zalın ətrafında qruplaşdırılmış otaqlar var. Bu birmərtəbəli evdə eyvanlı salon və geniş, dəbdəbəli eyvan yerləşir. Günbəzli zal divanxana xüsusiyyəti daşımış və Pənahəli xan burada qonaqları qəbul etmişdir. Ümumilikdə, eyvan binanın girişi rolunu yerinə yetirir. İmarətin ikinci binası uzunsov düzbucaq formada olub, iki otaqdan ibarətdir. Giriş qapısı və pəncərələri həyətə yönəlmiş bu otaqlar da daş memarlığına xas olan tağbəndlərlə örtülüdür. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqli olaraq parad xüsusiyyətlərinə malik olmayıb, yalnız dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyır. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılır.
Erməni daşnakları tərəfindən işğal edilib, yararsız hala salınmış ərazilərdəki tarixi, dini və mədəni abidələr arasında Pənahəli xanın imarəti də təhqir edilib. Tövlə kimi istifadə edilən xan sarayında inək və donuz saxlanılıb.
Məscidlərin, tarix memarlıq abidələrinin dağıdılması, mal-qara saxlanılaraq təhqir edilməsi erməni vandalizminin bariz nümunəsidir və bu fakt təkcə Azərbaycanın deyil, ümumilikdə dünyanın mədəni irsinə varbar münasibət kimi beynəlxalq ictimaiyyət tərəfindən kəskin qınanmalıdır.

Tarixçilərin qələmindən: 1918-ci ildə erməni daşnakları tərəfindən Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarına bir baxış

Tarix elmləri doktoru, Professor Musa Qasımlı: Müxtəlif siyasi cərəyanların maraqlarını əks etdirən Azərbaycan mənbələrində də öldürülənlər barədə çoxsaylı məlumat əks olunmuşdur. Məsələn, partiya mənsubiyyəti baxımından bolşevik olan N.Nərimanov 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində qeyd edirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi.
Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən də aydın olur ki, Bakıda ermənilər mart hadisələri zamanı dinc müsəlman əhalini amansızcasına kütləvi şəkildə qırmışlar. Digər mənbələrə əsasən, Bakıda 10, 12 və 15 mindən artıq azərbaycanlı öldürülmüşdür. Ümumiyyətlə 1918-ci ildə ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqırımı siyasəti nəticəsində 50 mindən çox dinc əhali qətlə yetirilmişdir.

Tarixçilərin qələmindən: Amerikalı tarixçi Samuel Uims “Ermənistan: böyük hiylə - terrorçu “xristian” dövlətinin sirləri” adlı kitabında yazır:

Qarabağın tarixi lap qədimlərə gedib çıxır. Bu ərazi Azərbaycanın tarixi məkanlarından biridir. Bu bölgə həm siyasi, həm mədəni, həm də dini baxımdan çox vacib mərkəzdir.
1918-ci ildə Ermənistan çox kiçik bir dövlətə çevrildikdən sonra öz qonşu dövlətləri olan Gürcüstan, Osmanlı İmperiyası və Azərbaycanla bağlı heç bir əsası olmayan ərazi iddiaları qaldırmağa başladı.
B.E.Ə IV əsrdən başlayaraq eramızın VIII əsrinə qədər Azərbaycan ərazisi hesab olunan Qarabağ ərazisi Şimali Azərbaycanın ən qədim dövləti olan Qafqaz Albaniyasına məxsus olub. Qarabağ heç bir zaman Ermənistan dövlətinin bir parçası olmayıb. Onlar buranı 1992-ci ildə insanlığa sığmayan bir qəddarlıqla işğal ediblər.
Əsl həqiqət ondan ibarətdir ki, 1800-ci illərdə Qafqaz regionunda çox az sayda erməni yaşayırdı. Ermənilər Qafqaz ərazisinə 1800-ci illərin ortalarından başlayaraq Ruslar tərəfindən gətirilmiş və onlara boş ərazilər verilmişdi.

15-16 avqust 2022-ci il tarixlərində Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib.

Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib.
Tədbirdə xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının təmsilçilərindən ibarət nümayəndə heyəti iştirak edib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçən interaktiv dialoq zamanı Komitə üzvləri tərəfindən ünvanlanan sualları cavablandırıb.
Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə şair, şərqşünas, tərcüməçi, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun mənbəşünaslıq və tarixşünaslıq şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə elmlər doktoru və professor Şahin Fazillə görüş keçirilmişdir.

Görüşdə “Vətən” poemasının müəllifi şair Ramiz Qusarçaylı, Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova və Kompleksin əməkdaşları iştirak etmişdir. Tədbirdə Ş..Fazil Quba tarixinə həsr edilmiş mühazirə ilə çıxış etmiş və xronoloji ardıcıllıq ilə Qubanın qədim dövrlərdən müasir vaxta qədər olan inkişaf mərhələlərinin mühüm məqamlarını iştirakçılara çatdırmışdır. Daha sonra çıxış edən şair Ramiz Qusarçaylı Şahin Fazil yaradıcılığından bəhs etmiş, ziyalı alimə uğurlar arzulamışdır. Sonda tarix elmləri doktoru, professor Şahin Fazil təşkil olunmuş tədbirə görə minnətdarlığını bildirmiş, yazdığı kitabı kompleksin kitabxanasına hədiyyə etmişdir.