“Hümmət” qəzətinin səhifələrində erməni vandalizmi

Cümhuriyyət dövründə – 1918-1920-ci illərdə nəşr olunan müxtəlif yazılar, şahid ifadələri və bu faciənin araşdırılmasının əhatəli aparılmasında rol oynayan mətbuat orqanlarından biri də “Hümmət” qəzetidir.
1904-cü ildə Məhəmməd Əmin Rəsulzadə, M.Ə.Əzizbəyov, N.Nərimanov, S.M. Əfəndiyev və P.A.Çaparidzenin bir araya gələrək “Hümmət” qəzetinin nəşriyyat işini təşkil etməyə başladılar. “Hümmət” təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində türkdilli xalqlar içərisində sosial-demokratların ilk mətbu orqanı idi. Daha sonralar qəzetin siyasi baxışında bolşevizm təbliğ olunsa da, 1918-ci il mart hadisələri zamanı qəzetdə azərbaycanlıların soyqırımlara məruz qalmaları barədə məqalələr dərc olunmuşdur. Şamaxıda törədilən soyqırımlar haqqında məlumat verən “Hümmət”qəzetinin “Şamaxı əhvalı” məqaləsində qeyd olunur ki, Şamaxıda yaşayan erməni əhalisinin böyük əksəriyyəti bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdı. Erməni daşnakları tərəfindən viran qoyulmuş Şamaxı şəhərinin dinc əhalisinin faciəsi “Hümmət”in 1918-ci ilin iyun ayının 6-cı nömrəsində belə ifadə olunmuşdur: “Biçarə şamaxılılar, öz isti ocaqlarını buraxıb yağış-yağmurun altında, gözlərinin yaşını tökə-tökə ata-oğlunu, ana-qızını axtarırdı”.
1918-ci ilin martında erməni-daşnak qüvvələrinin Şamaxı qəzasında törətdikləri dəhşətli talan və soyqırımları barədə Fövqəladə Təhqiqat Komissiyası tərəfindən ümumilikdə 7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplanmışdır.

Litva respublikasının görkəmli tarixçi-alimi professor, elmlər doktoru Algimantas Lekis “XX əsrdə Qafqazda xalqların köçürülməsi” kitabında yazır:

“Ermənilər bütün dövrlərdə Azərbaycan ərazilərində, ilk növbədə Qarabağda azərbaycanlıları öz tarixi torpaqlarından məcburi şəkildə deportasiya etmişlər. Hələ sovet dövründə rəsmi İrəvan Dağlıq Qarabağın ermənilərə verilməsi təklifi ilə bağlı 46 dəfə Moskvaya müraciət edib. Bu baxımdan onu da xatırlatmaq yerinə düşər ki, 1918-1920-ci illərdə, yəni Qafqazın sovetləşdirilməsindən əvvəl daşnakların başçılığı ilə Ermənistan Respublikası Qarabağı və Naxçıvanı ələ keçirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti ilə üç dəfə döyüşmüşdür”.
Mənbə: Algimantas Lekis “XX əsrdə Qafqazda xalqların köçürülməsi”, səh. 8

 

Tarixdə bu gün

Azərbaycanda ilk milli qəzet olan “Əkinçi” 1875-ci il iyulun 22-də çapdan çıxmağa başladı. Dövrü mətbuatın başlanğıcı sayılan “Əkinçi” qəzetinin banisi və redaktoru Həsən bəy Zərdabi idi. Demokratik fikirlərin carçısı olan qəzet elmin, mədəniyyətin, ədəbiyyat və incəsənətin, yeni tipli məktəblərin yaradılmasına xidmət edirdi.
Seyid Əzim Şirvani, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov və dövrün başqa qabaqcıl aydınları qəzetin fəal əməkdaşlarından idi.
Dəfələrlə çar Rusiyası senzurasının təzyiqlərinə məruz qalan “Əkinçi”qəzetinin nəşri 1877-ci ildə dayandırılmışdır.
Dəyərli jurnalistlərimizi bu gün münasibətilə təbrik edirik.

Tarixçilərin qələmindən: tarix üzrə fəlsəfə doktoru, dosent Abdulla Mustafayev.

1919-cu ildə M.X.Təkinskinin yardımı ilə İrəvan Müsəlman Milli Şurası təcili olaraq İrəvan quberniyasında yaşayan azərbaycanlıların dözülməz vəziyyəti haqqında məlumat hazırlayıb Azərbaycan Xarici İşlər Nazirliyinə göndərdi. Xarici İşlər Nazirliyi isə həmin məlumatı Versalda olan Azərbaycan nümayəndələyi vasitəsi ilə Avropa və Amerika dövlətlərinin Parisdəki nümayəndələrinə çatdırmışdı. Göstərilən məlumatda mübahisəli əraziləri nəzərə almadan Ermənistan əhalisinin yarısını təşkil edən müsəlmanların ən elementar insani hüquqlarının olmaması, erməni silahlı quldur dəstələri tərəfindən müsəlamanlara qarşı yeridilən təcavüzkarlıq hərəkətindən bəhs edilir və təəssüf hissi ilə qeyd edilirdi ki, Avropa və Amerikanın mövcud olmayan erməni soyqırımı haqqında məlumatı olsa da, İrəvan quberiniyasında müsəlmanların başına gətirilən müsibətlərdən, yüzlərlə müsəlman kəndinin dağılması, 150 mindən çox qaçqının Azərbaycana qovulmasından xəbəri yoxdur. Ermənilər tərəfindən boşaldılmış müsəlman kəndlərinin siyahısı əlavə edilmiş məlumatın sonunda deyilirdi: “Əgər vəziyyət belə davam etsə, Ermənistanda yaşayan müsəlmanların məhvə məhküm olması gün kimi aydındır. Ona görə Ermənistanda yaşayan bütün müsəlmanlar həqiqət, ədalət və insaniyyət naminə Sizə, böyük dövlətlərə müraciət edib Ermənistanda yaşayan müsəlmanların vəziyyətini nəzərə almağı, onların hüquqlarının müdafiəsinə qalxmağı və onlara yardım əli uzatmağı xahiş edir”.
Mənbə: Ermənistanın soyqırım və deportasiya siyasətində Naxçıvan. ADPU-nun nəşriyyatı. Bakı-2013. səh-76/194

https://soyqirim.az/books

1918-ci il soyqırımları zamanı yerli müqavimət hərəkatında mübarizə aparmış qəhrəmanlar : Həmid və Uğlanağa Aşurovlar.

Muzeyin “Quba Qəzasının Müdafiəçiləri” nə aid bölmədə 1918-ci ilin aprel-may aylarında Quba qəzasında erməni daşnakları tərəfindən törədilmiş soyqırımlar zamanı xüsusi qəhrəmanlıqları ilə fərqlənən Həmid və Uğlanağa Aşurovların foto-şəkilləri nümayiş olunur. Əslən Dağıstanın Miskincə kəndində anadan olan Həmid Qusara köçərək Uğlanağa ilə ailə qurmuşdur. 60 nəfərlik dəstəyə başçılıq edən Həmid daşnak Hamazaspın qoşunu ilə ən çətin nöqtələrdə vuruşmuş və 100-ə yaxın əsgərini məhv etmişdir. Növbəti döyüş zamanı düşmən topunu susdurmaq əmrini alan Həmid yoldaşları ilə döyüşə atılır. Topu sıradan çıxarıb geri qayıdan zaman düşmən gülləsinə tuş gələn Həmidin cəsədi daşnakların nəzarəti altında olan ərazidə qalır. Yoldaşlarının cəhdlərinə baxmayaraq, meyidi oradan çıxarmaq mümkün olmur.
Hadisədən xəbər tutan Uğlanağa ərinin meyidinin düşmən tapdağı altında qalmasına yol verməmək üçün əyninə kişi paltarı, belində xəncər, çiynində tüfəng Digaha gələrək cəsədi döyüş meydanından çıxarır. Sonradan döyüş meydanına atılan Uğlanağa daşnaklarla mübarizəsini davam etdirir. Hamazaspın qoşunu darmadağın edildikdən sonra Hatəm ağa məsələdən xəbər tutur və onun bu qəhrəmanlığını alqışlayır.
Qeyd: Məlumatların bir qismi Müzəffər Məlikməmmədovun “Qanlı Dərə” kitabından götürülmüşdür.

İyulun 5-də Sumqayıt Dövlət Universitetinin 60 illik yubileyi münasibətilə Quba şəhərində təhsil ictimaiyyəti və SDU-nun məzunları ilə görüş keçirilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin bir qrup əməkdaşının da iştirak etdiyi tədbirdə SDU-nun 60 illik nümunəvi fəaliyyəti, universitetin keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlar, növbəti dövr üçün qarşıya qoyulmuş məqsəd və hədəflər haqda iştirakçılara geniş məlumat verilmişdir.
Tədbirdə SDU-nun dosenti Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev, universitetin Karyera mərkəzinin müdiri Əmirxan İsayev, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Əli Rzazadə, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekan müavini Araz Mirzəbəyov və SDU-nin TGT-nın sədri, universitetin III kurs tələbəsi Elmin Novruzlunun çıxışlar etmişlər. Məruzəçilər Sumqayıt Dövlət Universitetinin qabaqcıl beynəlxalq təcrübəsindən, milli təhsil sisteminin uğurlarından və özünün 60 illik zəngin ənənələrindən bəhrələnməklə uğurlu addımlarından, eləcə də Sumqayıt Dövlət Universitetinin məhz Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri, onun siyasi varisi möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində ölkənin və regionun nüfuzlu elmi-tədris mərkəzinə çevrilməsindən bəhs etmişlər.
Tədbirin sonunda Sumqayıt Dövlət Universitetin rəhbərliyi adından görüş iştirakçılarına müxtəlif hədiyyələr təqdim edilmiş və universitetin keçdiyi inkişaf yolunu əks etdirən videorolik nümayiş iştirakçılara təqdim olunmuşdur.