"Suraxanı" gəmi -muzeyi

Dünyada ilk tanker-muzeyi olan “Suraxanı” gəmi-muzeyi Bakı şəhərində, Dənizkənarı Milli Parkda yerləşir. Gəmi-muzeyin fəaliyyət göstərdiyi “Suraxanı” tankeri ölkəmizin dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123.5 metr, çəkisi isə 4696 ton olan “Suraxanı” tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən tankerlərdən biri olub. “Suraxanı” tankerinin muzeyə çevrilməsi ilə bağlı qərar isə 2017-ci ildə verilib. Tankerin muzey kimi fəaliyyət göstərməsi üçün əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Gəminin təmir işlərinə 2000-dən artıq yerli gəmi təmirçisi cəlb olunub. O cümlədən gəmiçilik ənənələri olan ölkələrin təcrübəsindən də istifadə olunub. Gəmi-muzeyin açılışı 1 mart 2021-ci ildə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə həyata keçirilmişdir. Muzey ziyarətçilərə ölkəmizdə gəmiçiliyin tarixi, qəhrəman dənizçilərimizin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı verir. Gəmi-muzeyi qədim dənizçilik ənənələri olan Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. Gəmi-muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan, bir sıra innovativ yenilikərdən istifadə edilib. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanış olurlar.
Burada dənizçiliklə bağlı əşyaların satıldığı suvenir mağazası və dəniz məhsullarından hazırlanmış yeməklərin təqdim olunduğu restoran da fəaliyyət göstərir.

"Azərbaycan Milli Xalça Muzeyi"

Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci il tarixində xalçaçı- rəssam, pedaqoq, görkəmli alim Lətif Kərimovun təşəbbüsü ilə Bakıda Azərbaycan Xalça Muzeyi yaradılmışdır. Muzeyin yaradılmasında əsas məqsəd Azərbaycan xalçasının milli bədii irsinin qorunub saxlanılması və öyrənilərək geniş ictimaiyyətə təqdim edilməsidir.
26 aprel 1972-ci ildə İçərişəhərdə yerləşən, XIX əsr memarlıq abidəsi olan Cümə məscidində təşkil edilmiş Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyasının açılışında ümummilli lideri Heydər Əliyev iştirak etmişdir. 1970-1980-ci illərdə Heydər Əliyevin davamlı dəstəyi sayəsində muzey sənətkarlıq nümunələrini almaq və bununla da öz kolleksiyasını genişləndirmək imkanı əldə etdi. Muzeyin ən çox məşhur olan nümunələri arasında Şirvan, Qazax və Quba xalçaları sayılır.
2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Dənizkənarı Milli Park ərazisində Azərbaycan Xalça Muzeyi üçün yeni binanın tikilməsi barəsində sərəncam imzaladı. 2014-cü ildə avstriyalı memar Frans Yantsın layihəsi əsasında muzey işinin ən müasir tələblərinə cavab verən yeni bina inşa edildi.
2010-cu ildə Azərbaycan xalça sənəti Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə YUNESKO-nun “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısı”na daxil edilmişdir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli qərarı ilə ölkəmizin xalça sənətinin qorunması və təbliği sahəsindəki müstəsna xidmətlərinə görə Azərbaycan Xalça Muzeyinə “Milli muzey” statusu verilmişdir.

18 May Beynəlxalq Muzeylər Günü münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Mədəni irsin qorunmasında muzeylərin rolu” mövzusunda tədbir keçirilib.

 Tədbirdə Xaçmaz Regional Mədəniyyat İdarəsinin Quba rayonu üzrə nümayəndəsi Fuad Orucov, Quba Mədəniyyət evi və Quba Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirin giriş sözü ilə açan Kompleksin direktoru Dr. Rəxşəndə Bayramova əvvəlcə bu gün münasibətilə mədəniyyət sahəsində çalışan əməkdaşları təbrik edərək tarixi yaddaşın qorunması baxımından muzeylərin böyük önəm daşıdığını qeyd edib. Daha sonra çıxış edən natiqlər muzeylərin insan həyatında rolu, bu sahəyə Heydər Əliyevin hakimiyyətdə olduğu dönəmlərdə xüsusi diqqət göstərildiyini öz məruzələri ilə tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

"Lənkəran xan sarayı"

Şərq memarlığının bu gözəl nümunəsi 1913-cü ildən etibarən Lənkəranın mərkəzini bəzəməkdədir. Qeyd edək ki, binanın memarları fransızlar olub ki, bu da onun inşası zamanı şərq memarlığının ustalığını və gözəlliyini istifadə etməyə maneçilik törətməmişdir. Xan evi üç mərtəbəli bina olaraq inşa edilib və ilk çoxmərtəbəli binadır. Xan evinin tarixi kifayət qədər maraqlıdır və hadisələrlə zəngindir. Mirəhməd xan, Zaqafqaziyada gözəllik müsabiqəsində qalib gəlməsi münasibəti ilə, həyat yoldaşı Tuğra üçün sevgi sarayı inşa etməyi əmr etmişdir. İnqilabdan sonra bina milliləşdirilmiş, onun sakinlərinin aqibəti isə faciəvi olmuşdur. Daha sonra burada sovet hakimiyyəti orqanları yerləşdirilmişdir. Bu gün Xan evində Lənkəran dövlət diyarşünaslıq muzeyi yerləşir ki, bu muzeyin fondunda diyarın tarixi ilə bağlı yeddi mindən çox eksponat toplanıb.

"Azərbaycan Geologiya Muzeyi"

 Azərbaycan Geologiya Muzeyi 1969-cu ildə görkəmli geoloq İvan Sitkovskinin şəxsi kolleksiyası əsasında Bakıda yaradılmışdır. Azərbaycan Geologiya İdarəsinin nəzdində fəaliyyət göstərən muzey ölkədə ən böyük muzeylərindən biridir. Muzeydə Azərbaycanın geologiya tarixi , geoloji sahədəki inkişaf və yenilikləri barədə məlumat verilir.
Ölkənin bütün bölgələrindən toplanmış 5 000- dən çox dağ süxuru, mineral və kristal nümunələri, coğrafi xəritələri, kənd təsərrüfatı, müxtəlif geoloji obyektlər, həmçinin Azərbaycanın neft və qaz sənayesi, enerji potensialı, gəmiçilik və dəniz ekosistemi ilə bağlı görüntülər interaktiv ekranlarda nümayiş olunur .
Muzeyin ən maraqlı hissəsi isə “Mədəniyyət və minerallar” bölməsində qırmızı, çəhrayı, bənövşəyi rəngli mineral nümunələrinin xüsusiyyətlərini izah edən panolar və onların rəngləri üzərində müxtəlifkeyfiyyətli diaqramların təsvir olunmasıdır.

"Miniatür Kitab Muzeyi"

Bakıda İçəri Şəhərdə, Şirvanşahlar Sarayının yaxınlığında yerləşən Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-dən fəaliyyət göstərir. Muzeydə 76 ölkədən təxminən 8 000 miniatür kitab qorunub saxlanılır. Burada kibrit qutusu, yaxud poçt markası kiçik ölçülərdə olan müxtəlif janr və mövzulara aid kitablar nümayiş olunur. Bundan əlavə, kolleksiyaya ölçüsü 2×2 mm, yazıları və şəkilləri yalnız lupanın köməkliyi ilə oxunan dünyanın ən kiçik kitabı da daxildir. Dünyanın ən böyük miniatür kitab kolleksiyası kimi “Ginnesin Rekordlar Kitabı”na düşmüş muzey yerli və xarici turistlərin sevimli məkanlarından biridir.
Muzeyin yaradıcısı olan Zərifə xanım Salahova 35 il müddətində miniatür kitablar toplayaraq, Naxçıvan və Gəncə şəhərində də muzeyin filiallarını yaratmışdır. Muzeyin kolleksiyasına keçmiş MDB dövlətləri və digər xarici ölkələrdə tanınmışların imzası ilə müxtəlif kitablar, həmçinin Amerika rəssamlar tərəfindən 40 unikal miniatürları muzeyə hədiyyə olunmuşdur. Muzeyin ekspozisiyasında görkəmli klassiklərimizdən olan Nizami Gəncəvi, Nəsimi, Məhəmməd Fizuli, Xurşidbanu Natəvan, Mirzə Fətəli Axundov, Səməd Vurğun və s. miniatür kitabları da nümayiş olunur.

 

"Naxçıvan Xatirə Muzey"

2000-ci ildə Naxçıvan Muxtar Respublikasında erməni daşnakları tərəfindən Azərbaycan ərazilərində müxtəlif dövrlərdə törədilmiş soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş insanların xatirəsini əbədiləşdirmək məqsədilə “Xatirə” muzeyi yaradılmışdır.
Muzeyin xronoloji ardıcıllıqla təşkil olunan ekspozisiyaları 1905-1907-ci, 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən kütləvi soyqırımı aktları, 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyası, 1990-cı il 20 yanvar faciəsi və 1992-ci il 26 fevral Xocalı soyqırımını əks etdirən eksponatlarla zəngindir. Muzeydə 1990-cı illərdə torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın keçdiyi şərəfli döyüş yolunu əks etdirən fotoşəkillər və şəxsi əşyalar da nümayiş etdirilir.

18 May Beynəlxalq Muzeylər Günüdür. Azərbaycan Milli İncəsənət Muzeyi

Əsası 1936-cı ildə qoyulmuş Azərbaycan Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük muzeylərindən biridir. 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyan muzeydə 18 mindən çox eksponat saxlanılır.
2011-ci ildən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilmişdir. Muzey iki qonşu tarixi tikilidə – “De Burun malikanəsi” və “Marinski Qadın Gimnaziyası” binalarında yerləşir. Binalar bir-biri ilə müasir üslubda tikilmiş şüşəli korpus vasitəsilə birləşmişdir. Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafı dövlət strategiyasının ən vacib qollarından birinə çevrildi.

 Dövlətin idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Ulu Öndərin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. İdmanın üzləşdiyi problemlərin aradan qaldırılması, idmançıların maddi rifahının yüksəldilməsi, habelə ölkədə yeni idman komplekslərinin yaradılması istiqamətində gələcək prioritetlər müəyyənləşdirildi.
1995-ci il martın 5-də Heydər Əliyev yeni bir fərman imzaladı. Həmin fərmana əsasən, Azərbaycan Respublikası əhalisi arasında sağlam həyat tərzinin təbliğ edilməsi, bədən tərbiyəsinin maddi-texniki bazasının inkişaf etdirilməsi və Azərbaycan idmanının beynəlxalq miqyasa çıxmasına real zəmin yaratmaq üçün Azərbaycan Prezidenti yanında fond yaradıldı.
Dövlət tərəfindən idmanın inkişafına göstərilən yüksək qayğı nəticəsində Azərbaycan idmançıları dünyanın mötəbər yarışlarında və Olimpiya oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurları ildən-ilə artmaqdadır.

1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycanı labüd fəlakətdən xilas edən, ölkənin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoymuş dahi şəxsiyyət Heydər Əliyev bu yüksəliş üçün mühüm qərarlar və tədbirlər görməyə başladı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Azərbaycanın XX əsr tarixində siyasi, iqtisadi və strateji əhəmiyyətinə görə ən mühüm müqavilələrdən biri – Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” neft yatağının bir hissəsinin müştərək işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş – “Əsrin müqaviləsi” imzalanıb. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsində dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) iştirak edib.