Bu gün Soyqırımı Memorial Kompleksində son günlərin ən çox oxunan, ən çox danışılan kitabı – “Vətən” poemasının müəllifi, Qubalı ziyalımız Ramiz Qusarçaylının kitab təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova qonağı salamlayaraq onun yaradıcılığından, tarixi məzmunlu, vətənpərvərlik hisslərinin dərinləşməsi istiqamətində bu kimi əsərlərin əhəmiyyətindən bəhs etmiş və Azərbaycan ədəbiyyatı tarixində böyük maraq doğuran “Vətən” poemasını ərsəyə gətirdiyi üçün şairə təşəkkür etmişdir. Ramiz Qusarçaylı əvvəlcə təşkil olunmuş tədbirə görə minnətdarlığını bildirərək “Vətən” poeması barədə ətraflı məlumat vermişdir. Daha sonra Kompleksin əməkdaşları şairin yaradıcılığında yer almış əsərləri, xüsusilə də, vətən sevgisindən ilhamlanan, könül duyğularını və poetik düşüncələrini “Azərbaycan Bayrağı” şeirində böyük ustalıqla tərənnüm edərək mükəmməl bir əsər yaratması barədə çıxışlar etmişlər. Şairin öz dilindən səslənən şeirlərlə bitən tədbir xatirə şəkli ilə başa çatmışdır.

Tarixə "3 günlük döyüşlər" kimi həkk olunmuş Quba hadisələri. (Yerli müqavimət hərəkatı)

1918-ci ilin 31 mart ayında Bakıda baş vermiş soyqırımı hadisilirindən bir qədər sonra aprel ayında Stepan Şaumyanın tapşırığı ilə gürcü əsilli David Gelovani və ermənilərdən ibarət silahlı dəstə hakimiyyəti ələ keçirmək məqsədilə Quba qəzasına göndərilir. Burada özünü Quba Qəza Komissarı elan edən D.Gelovani yerli əhaliyə bolşevik hakimiyyətini tanımaq üçün 2 saat vaxt verir və çarəsiz qalan şəhər idarəetməsi bu təkliflə razılaşır. Qəzaya gələn kimi ilk növbədə D.Gelovani yerli hakimiyyətin tərksilah edib həbsxanada saxladığı quldur erməni dəstəsinin üzvlərini azad edir. Gelovaninin dəstə üzvləri və azadlığa çıxmış ermənilər bu dəfə bolşevik adı ilə yenidən qəzada dinc sakinlərə qarşı quldurluq, sui qəsd hallarına başlayırlar. Qəzada baş verən bu hadisələrin şahidi olan Quba qəza komissarı Əli bəy Zizikski və bəylər tərəfindən yerli müqavimət hərəkatına başlanılır.
Qədim təqvimlə 16-19 aprel / 28-30 aprel tarixlərində qəzada döyüşlər aparılır, Gelovani və onun silahli dəstələri Quba qəzasından qovulur və qəzada əmin-amanlıq bərqərar olur. Lakin bu əmin-amanlıq çox çəkmir. Bir qədər sonra may ayında daşnak-bolşevik S. Şaumyanın göstərişinə əsasən Quba qəzasına cəza tədbiri olaraq erməni cəllad Hamazasp və onun rəhbərlik etdiyi daşnak ermənilərdən ibarət qoşunu 9 gün ərzində Qubanın dinc günahsız əhalisinə qarşı soyqırımı həyata keçirilir. Tarixə “3 günlük döyüşlər” kimi həkk olunmuş bu mübarizədə bir xeyli erməni quldur məhv edilir, Gelovani və onun silahli dəstələri isə Quba qəzasından qovulur.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib

Aprelin 18-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və İCOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş forum keçirilib.

Tədbirdə çıxış edən Dövlət Xidmətinin rəisi Azad Cəfərli Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün qeyd olunmasının əhəmiyyətindən danışıb. Bildirib ki, məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək olan bu əlamətdar gün ölkəmizdə də hər il geniş şəkildə qeyd olunur.

Qeyd edib ki, bu gün Azərbaycan xalqının əsrlər boyu yaratdığı mədəni irs nümunələrindən üçü – Şirvanşahlar Sarayı və Qız Qalası ilə birlikdə İçərişəhər, Qobustan Qaya Sənəti Mədəni Landşaftı və Şəki xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib və dünya mədəni irs xəzinəsinin bir parçası kimi qorunmaqdadır.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında milli mədəni irsimizin qorunması, tədqiqi, gələcək nəsillərə çatdırılması, dünya miqyasında təbliği və eləcə də işğaldan azad olunmuş ərazilərdə yerləşən tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüldüyünü diqqətə çatdırıb.

Azad Cəfərli qeyd edib ki, bu gün keçirilən tədbirdə qaldırılacaq mövzular və onlar ətrafında aparılacaq fikir mübadiləsi hər birimiz üçün mühüm məqamları sərgiləmiş olacaq: “Fürsətdən istifadə edib İCOMOS-un vitse-prezidenti, xanım Zeynəb Gül Ünala iştirakına görə təşəkkür etmək istərdim. Dünən biz birlikdə Ağdam şəhərini ziyarət etdik, orada işğal nəticəsində baş vermiş dağıntıları gördük, lakin eyni zamanda yeni reallığa, dövlətimizin quruculuq işlərinə şahidlik etdik”.

ICOMOS-un vitse-prezidenti Zeynəb Gül Ünal təmsil etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ICOMOS – Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura mədəni irsin mühafizəsi, tarixi abidələrin bərpası sahəsində çalışan təşkilatdır və UNESCO-nun maddi-mədəni irs məsələləri üzrə məşvərətçi qurumudur. ICOMOS memarlıq və arxeoloji irsin konservasiyası üçün nəzəri, metodoloji və elmi üsulların tətbiqinin stimullaşdırılması üzrə ixtisaslaşmış yeganə qlobal qeyri-hökumət təşkilatıdır. Zeynəb Gül Ünal qeyd edib ki, ICOMOS – memarlar, tarixçilər, arxeoloqlar, incəsənət tarixçiləri, coğrafiyaşünaslar, antropoloqlar, mühəndislər və şəhərsalma mütəxəssislərindən ibarət geniş beynəlxalq şəbəkədir. O, Azərbaycanda ICOMOS Milli Komitəsinin yaradılmasını alqışlayaraq quruma işində uğurlar arzulayıb. Zeynəb Gül Ünal, həmçinin mədəni irs nümunələrinin mühafizəsi baxımından 1983-cü ildə ICOMOS-un təklifi ilə UNESCO tərəfindən Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması xüsusi əhəmiyyətə malik olduğunu da vurğulayıb.

Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə çıxış edərək ölkəmizin tarix-mədəniyyət abidələrinin beynəlxalq müstəvidə təbliğatı məsələsinə diqqət çəkib. Qeyd edib ki, Prezident İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir. O, mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırıb.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat Rəhbəri Riad Qasımov İçərişəhərdə tarixi abidələrin qorunması, bərpa-konservasiyası təcrübəsindən danışıb. Eləcə də mədəni irsin məruz qaldığı müxtəlif təbii təsirlərin qarşısının alınmasının vacibliyi diqqətə çatdırıb.

İCOMOS Türkiyə Milli Komitəsinin üzvü Banu Çelebioğlu qardaş ölkədə tarixi abidələrin qorunması, onların böhranlı vəziyyətlər zamanı idarə olunması təcrübəsindən danışıb.

Daha sonra forum öz işini “İCOMOS və Azərbaycanın dünya əhəmiyyətli maddi-mədəni irsi”, “Azərbaycanda abidələrin bərpası və konservasiyası təcrübələri” və “Fövqəladə hallar zamanı mədəni irsin qorunması” mövzularında panel müzakirələrlə davam etdirib.

Sonda mədəni irsin qorunmasına verdiyi töhfələrə görə bir qrup şəxsə fəxri diplomlar təqdim olunub.

Abidələrimizi tanıyaq, tanıdaq!

Kiş Alban məbədi Azərbaycanın ən qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri olan Şəki rayonunun Kiş kəndində yerləşir. Bu məbəd təkcə Qafqaz Albaniyası ərazisində deyil, bütün Zaqafqaziyada tikilmiş ilk xristian kilsələrdəndir. Eramızın I əsrinə aid olan bu kilsə Ay məbədinin özülü üzərində qurulan bütün Qafqazda təqribən 2 min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən tarixi abidədir. Rəvayətə görə İsa peyğəmbərin din qardaşı müqəddəs Yakovun göstərişilə müqəddəs Yelisey xristianlığı yaymaq məqsədilə Albaniyanın Uti vilayətinin Kiş kəndində kilsə tikdirir.
Bir zamanlar məbədin üzərində onun müqəddəs apostol Yelisey kilsəsi olduğunu və 1244 – cü ildə alban kilsəsinin arxiadiakonu Serafim tərəfindən yenidən qurulduğunu bildirən kitabə olmuşdur. XIX əsrin 30-cu illərində Alban kilsəsi Sinodun qərarına əsasən rəsmən ləğv edildikdən sonra bir çox başqa alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur. Məbəd uzun illər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlısı odur ki, məbədin yerləşdiyi kənd “din, etiqad, pərəstiş” mənasında 2000 ildən artıqdır ki, “Kiş” adlanır.

Azərbaycan Respublikası Mədəniyyət naziri Cənab Anar Kərimov və nazirliyin digər əməkdaşları Quba şəhərinə səfəri çərçivəsində Soyqırımı Memorial Kompleksini ziyarət etmişlər. İlk olaraq Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova qonaqları salamlayaraq, soyqırımın tarixi, eləcə də kompleksin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Sonda Cənab nazir Anar Kərimov kompleksin əməkdaşları ilə görüşərək xatirə fotoşəkli çəkdirmişdir.

Abidələrimizi tanıyaq, tanıdaq!

Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərinin ərazisi qədim tarixi- memarlıq abidələri ilə zəngindir. Bu abidələrdən biri də Şuşa şəhərinin mərkəzində yerləşən, inşası dörd mərhələdə həyata keçirilmiş ən qədim məscid- Yuxarı Gövhərağa məscididir.
Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel təxminən 1750-ci illərdə qamışdan inşa edilmişdir.
İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış
məscidin yerində daşdan yeni məscid tikilmişdir. XIX əsrin I yarısında Gövhər ağanın maddi dəstəyi ilə İbrahimxəlil xanın yararsız hala düşmüş məscidinin
yerində qoşa minarəli üçüncü məscid inşa edilmiş və 1883-cü ildə yenidən Gövhər ağanın maddi vəsaiti əsasında üçüncü məscidin yerində Şuşanın dördüncü və sonuncu cümə məscidi inşa edilmişdir.
8 May 1992-ci ildə Şuşanın işğalından sonra şəhərin bütün memarlıq abidələri kimi bu məsciddə ermənilər tərəfindən
vəhşicəsinə dağıdılaraq yararsız hala salınmışdır. II Qarabağ Savaşı nəticəsində 2020-ci il noyabrın 8-də Şuşa şəhəri və oradakı tarixi memarlıq abidələrimiz erməni əsarətdən azad edilmişdir.

Ağdaban faciəsi

Ermənistan silahlı qüvvələrinin törətdiyi Ağdaban faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün qanlı cinayətlərindən biridir.
1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın erməni separatçı quldur dəstələrinin dəstəyi ilə Ağdaban və Çayqovuşan kəndlərinə basqın etmişlər.Kəndləri müdafiə edən kiçik dəstələr ermənilər tərəfindən darmadağın edilmiş, müdafiəsiz qalan kənd əhalisi isə qarla örtülmüş meşələrə və dağlara ayaqyalın qaçmağa məcbur olmuşlar. Bu faciə zamanı 8 nəfər 90-100 yaşlı şəxslər, 2 uşaq, 7 qadın olmaqla 32 nəfər vəhşicəsinə qətlə yetirilmiş, həmçinin 2 nəfər itkin düşmüş, 12 nəfər ağır yaralanmış, 5 nəfər isə girov götürülmüşdür.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin 2022-ci il üçün təsdiq edilmiş müvafiq iş planına əsasən, elmi şöbə əməkdaşları beynəlxalq və respublika əhəmiyyətli simpozium və konfranslarda iştirak edirlər.

Bu yaxınlarda Elmi araşdırmalar Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutova Bakı Slavyan Universitetində keçirilən “ Türk Dünyası: Geosiyasət və Mədəni Reallıqlar” mövzusunda Beynəlxalq elmi-praktik konfransda, elmi şöbənin mütəxəssisi Aysu Bülbülzadə isə Türkiyədə “Bilimde Yeni Yaklaşımlar və Arayışlar I Uluslararası Sempozyumu”nda elmi məqalələri ilə çıxış edərək, sertifikatlarla təltif olunmuşlar.
Təbrik edirik!