31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi uğurla davam edir

      “31 Mart Azərbaycanlıların soyqırımı” layihəsi çərçivəsində  Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Bakı şəhəri Rixard Zorge adına 90№-li,  Ələkbər Eyvazov adına 275 №-li  və  Qubadlı rayonu İ. Məmmədov adına Aşağı Mollu kənd orta məktəblərinin birgə təşkilatçılığı ilə 2022-ci ilin may ayı ərzində təbliğat xarakterli  tədbirlər təşkil edilmişdir.  700 dən artıq müəllim və şagirdin iştirak etdiyi tədbirlərdə Kompleksin direktoru t.ü.f.d Rəxşəndə Bayramova və  elmi işçisi t.ü.f.d Sübhan Talıblı Azərbaycanda 1918-ci ildə baş vermiş soyqırımı hadisələri bardə məruzələrlə çıxışlar etmişlər.  Sonda məktəb rəhbərlərinə və fəal şagidlərə  Sertifikatlar təqdim edilmişdir.

“İçərişəhər” Muzey Mərkəzi

“İçərişəhər” Muzey Mərkəzi 22 dekabr 2018-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin struktur qurumu kimi yaradılmışdır. “İçərişəhər” Muzey Mərkəzinin tərkibinə e.ə VIII-VII əsrləri əhatə edən Qız qalası, XII-XV əsrlərə aid olan Şirvanşahlar Sarayı Kompleksi, “Müqəddəs əmanətlər” ekspozisiyası ilə məşhur olan Bəylər məscidi, açıq səma altında muzey kimi fəaliyyət göstərən Siratağlı dini-memarlıq kompleksi, qədim adət-ənənələrin qorunub saxlanıldığı Qala Dövlət-Tarix Etnoqrafiya Qoruq muzeyi, zamanı və insanları birləşdirən Bakı Fotoqrafiya evi daxildir.
Yeni yaradılan, özündə muzey ekspozisiyalarını birləşdirən Muzey Mərkəzi Azərbaycanın zəngin tarixini, çoxşaxəli mədəniyyətini bütün dünyaya tanıdır. Muzey Mərkəzinin fondunda 54000 eksponat qorunub saxlanılır.
2000-ci ildə İçərişəhər Qız Qalası və Şirvanşahlar Sarayı ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir.

XALÇA MUZEYİ

İlk muzey nümunələri eramızdan əvvəl XVI əsrdə Kritdə, III əsrdə Qədim Roma və Yunanıstanda yaranmışdı. Azərbaycanda isə muzeylərin yaranması XX əsrin 20-ci illərinə təsadüf edir. Azərbaycanda 212 muzey fəaliyyət göstərir. Bu muzeylərdən biri də 13 mart 1967-ci ildə yaradılmış Azərbaycan Milli Xalça Muzeyidir. Azərbaycan xalçalarının ən zəngin kolleksiyası toplanan bu muzey dünyanın ilk xalça muzeyidir.
“Xovlu”, “Xovsuz”xalçalar, “Xalça məmulatları”, “Bədii metal”, “Keramika, şüşə, ağac, kağız”, “Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdərən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. Kolleksiyalarının böyük hissəsi isə XVII-XX əsrlərə aiddir.
2017-ci ildə Azərbaycan Milli Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən “Ən yaxşı təcrübə” mükafatına və “Avropanın ən yaxşı muzeyi – 2018” müsabiqəsində “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” mükafatlandırılmışdır.

Növbəti Anlaşma Memorandumu Bakı Dövlət Universiteti ilə imzalandı.

Gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmağı qarşısına məqsəd qoyan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” ali təhsil müəssisələri ilə davamlı olaraq əməkdaşlıq edir. Növbəti Anlaşma Memorandumu Quba Soyqırımı Memorial Kompleksi və Bakı Dövlət Universitetinin Tarix fakültəsi arasında imzalandı.
Memorandumda hər iki qurum arasında daha sıx əməkdaşlağın qurulması, beynəlxalq və respublika əhəmiyyətli simpozium, konfrans və bu kimi tədbirlərin keçirilməsi, elm və mədəniyyət sahəsində mübadilə, yay məktəblərinin təşkili, KİV-də, sosial şəbəkə platformalarında birgə təbliğat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin Tarix fakültəsində 10 kafedra, 31 elmlər doktoru, professor, 61 nəfər elmlər namizədi, dosent, 11 nəfər elmi işçi və 36 nəfər tədris köməkçisi çalışır, 2000 dən çox tələbə isə təhsil alır.

Hamazaspın Quba qəzasında törətdikləri soyqırımı. (1-9 may)

 

1918-ci ildə Bakı Sovetinin rəhbəri daşnak-bolşevik Stepan Şaumyanın tapşırığı ilə Quba qəzasına göndərilən daşnak Hamazasp və ermənilərdən ibarət 3 minlik quldur dəstə, burada milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün dinc əhaliyə qarşı misli görünməmiş soyqırımlar törətmişlər.
Tarixi sənədlərdən məlum olur ki, Hamazasp 20 min nəfərə yaxın əhalidən və 10 minə yaxın evdən ibarət Qubanı istila etdikdən sonra şəhər əhalisinin qarşısında hədə–qorxu məzmunlu bir müraciət edir. Hamazasp Qədim Quba Meydanında, Cümə Məscidinin ətrafına yığılmış əhaliyə Qubaya gəlişinin məqsədini açıq –aşkar dilə gətirir: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya qayda–qanun yaratmaq, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Məqsədim Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək, yurd-yuvanızı yerlə–yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaqdır”.
Şahid ifadələri və dövrün arxiv sənədləri göstərir ki, ermənilər Quba şəhərində Kərbəlayi Məmməd Tağıoğlunun 14 nəfərdən ibarət ailəsini, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Bibixanım və oğlu Əbdul Qasımı diri–diri oda ataraq yandırmış, Kərbalayi Abuzər Məstan oğlunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə–tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Salehoğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışdılar. Quba şəhər sakini Hacı İsmayıl Orucov öz izahatında yazırdı ki, şəhərdə ölüləri dəfn edən din xadiminin dediyinə görə o özü , 2800 nəfərin cənazəsinin torpağa tapşırıldığını saymışdır. Hadisələr zamanı 2153 yaşayış evi, 24 məscid, 5 karvansara, 152 anbar, 166 samanlıq, 68 tövlə, 312 dükan, 17 dəyirman, 4 emalatxana, 4 çayçı və 284 digər tikililər talan edilməklə yandırılmışdır.
Fövqəladə Təhqiqat Komissiyası tərəfindən toplanmış istintaq materiallarının 3 cild və 451 vərəqdən ibarət sənədlər toplusundan belə məlum olurki, Bakı Sovetinin əsasən ermənilərdən ibarət daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələri 9 gün ərzində Quba qəzasında ümumlikdə 16 mindən çox Azərbaycan türkünü qətlə yetirmiş və 167 kəndi tamamilə yandırıb məhv etmişlər.

Anlaşma Memorandumu imzalandı.

2013-cü ildən fəaliyyətə başlamış Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” türk-müsəlman soyqırımlarını təbliğ edən yeganə ideoloji mərkəzdir. Kompleksin gələcək təbliğat və təşviqat işlərinə yeni baxış strategiyasına əsasən, soyqırımı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə beynəlxalq aləmdə və ölkə daxilində əməkdaşlıq qurulması prosesi uğurla davam etdirilir. Bu ənənənin davamı olaraq 05.05.2022-ci il tarixində Kompleksdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialı və Soyqırımı Memorial Kompleksi arasında Anlaşma Memorandumu imzalanmışdır. Rəsmi görüş zamanı hər iki müəssisə arasında bundan sonra daha sıx əməkdaşlağın qurulması, elm və mədəniyyət sahəsində layihələrin keçirilməsi, müxtəlifməzmunlu sərgilərin və ekskursiyaların təşkili, KİV, sosial şəbəkələrdə birgə təbliğat və təşviqat işlərinin aparılması prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.
Xatırladaq ki, bu il Azərbycan təhsilinin inkişafına öz geniş töhfəsini vermiş, ölkəmizin qabaqcıl ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şamaxı filialının 30 illik yubileyidir. 22 müəllimin çalışdığı ali təhsil ocağında 700-dən çox tələbə təhsil alır.

Mədəniyyət nazirinin ABŞ-da aparıcı beyin mərkəzlərinin nümayəndələri ilə görüşü baş tutub

Nazir Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin ABŞ-a rəsmi səfəri davam edir.

Səfər çərçivəsində Anar Kərimovun ABŞ-da aparıcı beyin mərkəzləri, elm xadimləri ilə görüşü keçirilib. Görüşdə ABŞ-ın Azərbaycanda xidmət göstərmiş sabiq səfirləri də iştirak ediblər. Anar Kərimov erməni işğalı dövründə Azərbaycanın mədəniyyət ocaqlarına dəymiş ziyandan, dağıdılmış tarixi və dini abidələrin aqibətindən bəhs edib. Tarixi Zəfərimizdən sonra Qarabağda aparılan yenidənqurma və bərpa işləri haqda ətraflı məlumat verib, statistik göstəriciləri nəzərə çatdırıb. O, həmçinin “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından da danışıb.

Beyin mərkəzlərini tərənnüm edən elm xadimləri tərəfindən də Qarabağın yenidən bərpası istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Görüş tərəfləri maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi ilə davam edib.

Tarixdə bu gün: 1920-ci il fevralın 11-12-də Bakıda Azərbaycan Kommunist (b) Partiyası təsis olunaraq faktiki rəhbəri Azərbaycan xalqının düşməni A.Mikoyan təyin edilir. Partiya milli hökuməti yıxmaq, Sovet Azərbaycanı qurmaq məqsədilə silahlı üsyan xəttini irəli sürdü.

Sovet Rusiyası Ermənistanın Azərbaycana qarşı düşmənçiliyindən məharətlə istifadə edərək Gəncəbasarda və Qarabağda ermənilərin qiyamı və Azərbaycana qarşı Ermənistanın müharibəsini bu planın tərkib hissəsinə çevirir. Azərbaycan ordusunun, demək olar ki, hamısı Qarabağ istiqamətində erməni qiyamçılarına qarşı vuruşduğu anda 1920-ci ilin aprelində Denikinin qoşunlarını məğlub edən XI rus ordusu Azərbaycanın şimal sərhədlərinə yaxınlaşır və aprel ayının 26-dan 27-nə keçən gecə Azərbaycan ərazisinə daxil olaraq Bakıya doğru irəliləməyə başlayır. Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsi ilə bağlı dəfələrlə Millətlər Cəmiyyətinə, dünya siyasətini müəyyən edən dövlətlərə notalar təqdim olunmasına baxmayaraq, Antanta dövlətləri Azərbaycanın bolşeviklər tərəfindən işğal edilməsini sükutla qarşıladılar.
Aprelin 29-da Azərbaycan İnqilab Komitəsi hərbi yardım göstərmək xahişi ilə Sovet Rusiyasına müraciət edir. Halbuki, XI rus ordusu aprelin 27-də Azərbaycanın hüdudları daxilində idi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyətdən sonra süqut edir və aprelin 28-də Azərbaycan Sovet Sosialist Respublikası elan olunur.

 

25 aprel 1918-ci il – Bakı Soveti Xalq Komissarları Şurasının təşkili

1918-ci ilin mart ayında Bakı şəhəri və Bakı quberniyasını əllərinə keçirən bolşeviklər Bakıda müvəqqəti olaraq siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün 1918-ci il aprel ayının 25-dən yeni sovet hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Sovetini təsis etdilər. Həmin dövrə qədər fəaliyyət göstərən Fətəli xan Xoyskinin rəhbərlik etdiyi Bakı şəhər duması buraxıldı. Əslində, qatı millətçi ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət olan “erməni sovet hökuməti” BXKS-nin sədri vəzifəsinə seçilən S.Şaumyan, eyni zamanda xarici işlər komissarı, xalq daxili işlər komissarı P.A.Çaparidze, ədliyyə komissarı A.B.Karinyan, nəqliyyat komissarı Markaryan, fövqəladə komissiyanın sədri Ter-Qabrelyan, dövlət nəzarəti komissarı A.S.Boqdanov, əmək komissarı Y.D.Zevin seçildilər. Nəriman Nərimanov şəhər təsərrüfatı, Mir Həsən Vəzirov isə torpaq işləri üzrə xalq komissarları idilər. Bütün köhnə hakimiyyət orqanları ləğv edərək yeniləri ilə əvəzlindı. Hərbi Tribunal, Fövqəladə Komissiya təsis edildi, banklar, neft sənayesi, fəhlə-kəndli milisi, şəhər, qəza və xalq məhkəmələri yaradıldı, eyni zamanda Xəzər Ticarət Donanması milliləşdirildi.
Lakin yarandığı gündən milli dayağı olmayan, zəif sosial bazaya malik olan, Sovet Rusiyasının müstəmləkə siyasətinə xidmət göstərən qondarma qurum kimi BXKS 1918-ci il iyul ayının 31-də süquta uğradı.