"Aza körpüsü"

 Aza körpüsü Ordubad rayonunun eyni adlı kəndində, Gilançayın üzərində yerləşən XVII əsrə aid memarlıq abidəsidir. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Qırmızımtıl rəngli yerli dağ daşından inşa edilmiş, beş aşırımlı körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Əsrlər boyu baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində körpü dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.

 

Tarixçilərin qələmindən

İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən türk qoşunlarının gəlişinədək dövrü əhatə edir. 1918-ci il fevralın 12-də türk ordusu ermənilərin Şərqi Anadoluda törətdikləri qırğınlara dözməyərək əks hücuma keçir. Erməni qoşunları türk qoşunlarının önündən geri çəkildikcə müsəlman yaşayış məntəqələrini talan edir, əhalisini soyqırıma məruz qoyurdular. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu.
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU NAZİM MUSTAFA İRƏVAN QUBERNİYASINDA AZƏRBAYCANLILARIN SOYQIRIMI (1918-1920) Bakı – 2017
Tarix üzrə fəlsəfə doktoru—Nazim Mustafa

"Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi"

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi rəsmi olaraq 1924-cü ildən fəaliyyətə başlamışdır. 1991-ci ildə Mir Əhməd xanın sarayına köçürülən bu abidə Lənkəranın ilk çoxmərtəbəli binalarından biridir. Xan evi kimi tanınan bu nadir bina Lənkəran xanı Mir Əhməd xan tərəfindən həyat yoldaşı Tuğra xanımın şərəfinə 1912-1913-cü illərdə inşa edilib və həyat yoldaşı ilə orada cəmi 3 il yaşayıb. Bina fransız memarları tərəfindən layihələndirilib və tikinti işləri onların rəhbərliyi ilə aparılıb. Xan evinin tikintisində Şərq və Qərb memarlıq üslubundan istifadə edilib, kərpic və ağ daş materiallarına üstünlük verilib. Üçmərtəbəli bina 12 otaqdan ibarətdir. Sahəsi 812 kvadratmetr olan Xan evi 1913-cü ildə Lənkəranda ilk dəfə xüsusi elektrik qurğusu quraşdırılmaqla elektrik enerjisi ilə təmin edilib. 1978-ci ildən Xan evi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətə başlayıb.

Tarixçilərin qələmindən - Tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli

“İrəvan qalası Zəngi çayının kənarındakı ən yüksək təpədə inşa olunmuşdu.Çay tərəfdən qala divarı qalan divarlara nisbətən zəif idi.Qalanın digər divarları ikiqat hasarlardan ibarət idi.Kərpic və daşdan hörülmüş qala divarı qalan divarlara nisbətən zəif idi. Kərpic və daşdan hörülmüş qala divarları,həm hündür,həm də qalın idi.Birinci qala divarı ilə ikinci divarının arasındakı məsafə 15 və yaxud 20 sajenə bərabər idi.Divarlar arasındakı xəndək su ilə doldurullurdu.Qalanın 17 bürcü var idi.İrəvan qalasının divarları üstündə qurulmuş 60 topdan yalnız 20-si saz vəziyyətdə idi. İrəvan qalasında üç mortir (qısa lüləli top) də qurulmuşdu.Qalanı müdafiə edən qarnizon 7000 nəfərdə ibarət idi”
Mənbə: İrəvan qalası Qəhrəmanlıq qalası -s (17)

Kompleksin eksponatları

2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanan Quba məzarlığı erməni vəhşilikərinin əyani sübutu olmuşdur. Burada kəllə sümüklərinin içində tapılan mismarlar həmin insanların xüsusi amansızlıqla qətlə yetirildiyinin göstəricisidir. Bu mismarlar Kompleksin muzeyində xüsusi bir guşədə əyani sübüt kimi qorunub saxlanılır.

 

Girdiman qalası

İsmayıllı rayonunda yerləşən abidələrin böyük əksəriyyəti Albaniya tarixinə aiddir. Bu abidələrdən biri də VII əsrə aid Girdiman qalasıdır. Girdiman qalası böyük diplomatik və sərkərdəlik bacarığı olan Albaniya hökmdarı Cavanşir (642-681) tərəfindən inşa etdirilmişdir. Qalanın strateji əhəmiyyətli mövqedə yerləşməsi müdafiəçilərin Ərəb, Sasani, Xəzər, Bizans kimi güclü dövlətlərin hücum təhlükəsinin qarşısını almağa və Albaniyanın müstəqilliyini qoruyub saxlamağına zəmin yaratmışdır. Sahəsi 80 hektar olan qoruq ərazisində 93 ədəd tarix və mədəniyyət abidəsi mühafizə olunur.

Dəhşətli günlər

Hər tərəf meyitlərlə doludur – yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış… “Təzə Pir” məscidi artilleriya atəşlərindən güclü ziyan çəkmişdir… Patrul 6-cı polis sahəsinin həyətində 600-ə yaxın əsir müsəlman qadın və uşaqları tapdı, onları azad etdi və şəhərin müsəlman hissəsinə qədər müşayiət etdi. Geniş kütlələr qəzəb və nifrətlə dolub daşır, bu hisslər getdikcə qəzəbli intiqam hissinə çevrilir ki, onların qarşısını almaq elə də asan olmayacaq…
“Naş qolos” qəzeti (4 aprel) 1918-ci il, № 59, Bakı.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət etmişlər. Kompleks əməkdaşlarını Mədəniyyət naziri cənab Adil Kərimlinin müvafiq sərəncamı ilə muzeyə yeni təyin olunmuş direktor tarix üzrə fəlsəfə doktoru Leyla xanım Məcidova qarşılamışdır.

Diyarşünaslıq Muzeyi haqqında ətraflı məlumat verən Leyla Məcidova muzeyin əsasının 1934-cü ildə Mirzə Ağəli Əliyev tərəfindən qoyulduğunu, 3 mərtəbədən və 12 otaqdan ibarət olduğunu, əsas fondunda isə 6500-dən çox eksponatın saxlanıldığını qeyd etmişdir.
Sonda Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Lənkəran Tarix-Diyarşünaslıq Muzeyi ilə əlaqələrin qurulması və birgə tədbirlərin keçirilməsi üçün razılıq əldə edilmişdir.
Lənkəran Tarix Diyarşünaslıq Muzeyi

Qoruq əməkdaşları arasında təcrübə mübadiləsi layihəsi

“Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun təşəbbüsü və təşkilatçılığı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşlarının elmi fəaliyyət sahəsində əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq məqsədilə treninq və seminarların təşkili üçün Kompleksin bir qrup əməkdaşı “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğuna ezam olunmuşdur.

Kompleksin rəhbərliyi və “Elmi Araşdırmalar, Ekspozisiya və Fond Şöbəsinin” bir qrup əməkdaşı ilk olaraq Hacıqabul rayonu Qubalı Baloğlan kəndində yerləşən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunu ziyarət etmişlər. Daha sonra “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun əməkdaşları ilə birlikdə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Səfər çərçivəsində hər iki qoruğun əməkdaşları arasında təcrübə mübadiləsinin aparılması məqsədilə müxtəlif mövzular ətrafında treninq və seminarlar da təşkil edilmişdir. Çıxış edən qoruq rəhbərləri Məhərrəm Müslümov və Dr.Rəxşəndə Bayramova 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat vermişlər. Seminar-treninqlər çərçivəsində hər iki qoruğun əməkdaşları “Elmi məqalələr”, ”Xarici əlaqələr”, “Mediada təbliğat”, “İnternet platformalarında görülən işlər” mövzularında ətraflı müzakirələr aparmışlar.

22 noyabr-Ədliyyə işçilərinin peşə bayramı günüdür.

Ədliyyə Nazirliyinin Əsasnaməsi ilk olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilmiş və 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd edilmişdir. 105-ci ildönümü qeyd edilən bu bayram günü Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamına əsasən hər il ölkədə böyük ruh yüksəkliyi ilə keçirilir.
23.09.2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin genişləndirilməsi haqqında fərman imzalayıb. Fərmanın əsas məqsədi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, habelə doğumun və ölümün qeydə alınması sahəsində fəaliyyətin təkmilləşdirilməsi, operativliyin və əlçatanlığın təmin edilməsidir. Ədliyyə orqanları vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunmasında, qanunvericiliyin təkmilləşdirilməsində mühüm rol oynayır, dövlətə və xalqa şərəflə xidmət edir.

2023-cü ilin 9 ayı ərzində “Heydər Əliyev ili” çərçivəsində “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğu, Zaqatala Tarix-Mədəniyyət qoruğu və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin gördüyü işlər barədə onlayn iclas keçirilmişdir.

İclasda ilk olaraq Soyqırımı Memorial Kompleksi tərəfindən Heydər Əliyev ili çərçivəsində hazırlanmış müasir Azərbaycanın banisi, ümummilli liderin həyat və fəaliyyətindən bəhs olunan film izlənilmişdir. Daha sonra çıxış edən “Pir Hüseyn Xanəgahı” tarix-memarlıq qoruğunun direktoru Məhərrəm Müslümov, Zaqatala dövlət təbiət qoruğunun direktoru Anar Laçınov və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktoru Dr.Rəxşəndə Bayramova XX əsrdə xalqımızının mədəni həyatında yeni bir dövrün başlanıldığını və bu dövrün ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirərək, 2023-cü il “Heydər Əliyev” ili çərçivəsində hər 3 qoruqda həyata keçirilmiş işlər qeyd olunmuş və müsbət təcrübələr digər qoruq əməkdaşları ilə paylaşılmışdır.
Sonda qoruqların elmi işciləri dahi öndər Heydər Əliyev haqqında yazdıqları elmi məqalələrindən qısa çıxarışları təqdim etmişlər.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının “İnsanlıq əleyhinə cinayətlər (XX əsr)” adlı kitabı Təbrizdə ərəb əlifbasında çap olunub.

542 səhifədən ibarət olan kitab Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə çapa məsləhət görülüb. Kitabın elmi redaktoru AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Musa Qasımlı, rəyçiləri isə akademik, tarix elmləri doktoru, professor Nərgiz Axundova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Qasım Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə, AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramovdur. Monoqrafiyanım “1905-1906-cı illər kütləvi qırğınlar və 1918-ci il mart soyqırımı” adlı 1-ci fəslində qeyd edilən dövrün insanlıq əleyhinə ağır cinayətləri barədə ətraflı məlumat verilir. 2-ci fəsildə 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqları olan Ermənistandan deportasiyasından, ermənilərin Azərbaycana qarşı əsassız torpaq iddiaları və ərazilərin işğalından, Ermənistanın azərbaycanlı mülki və hərbi əsirlərlə rəftarından bəhs edilir. 3-cü fəsildə “Ermənistanın əsassız ərazi iddialarına və müdaxiləsinə etirazlardan, 1990-cı il “20 Yanvar” faciəsindən (1990-cı il 25 yanvar Neftçala və Lənkəran faciələri) söz açılır. “Qarabağda soyqırımlar” adlanan 4-cü fəsildə Ağdaban soyqırımı və onun tanıdılması istiqamətində hüquqi-siyasi fəaliyyətdən, Qaradağlı soyqırımından, Goranboy rayonunun Ballıqaya kəndində Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı törədilmiş soyqırımından, Malıbəyli, Aşağı və Yuxarı Quşçular qətliamından, bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayət olan Xocalı soyqırımından bəhs edilir. 5-ci fəslin mövzusu Aprel döyüşləri və Vətən müharibəsidir. “Azərbaycanlıların soyqırımı həqiqətlərinin dünyaya çatdırılmasında Azərbaycan dövlətinin siyasəti” adlanan 6-cı fəsil bu faciələrlə bağlı Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətinə, həmçinin Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nə həsr olunub. Kitabın sonunda əlavələrdə sənədlər, müqavilələr, qətnamə və qərarlar, bəyannamələr, xəritələr və şəkillər verilib.